Aİİ-də Tələbə Gənclər Təşkilatına sədr seçilir
Aİİ-də Tələbə Gənclər Təşkilatına sədr seçilir
29 Oktyabr 2019 11:04 SosialAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Gənclər Təşkilatı (TGT) sədrliyinə seçki prosesi davam edir.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, könüllülük prinsipləri əsasında formalaşdırılan təşkilat gənclərin təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarını müdafiə etmək, onların maraqlarını, asudə vaxtının səmərəli təşkilini, intellektual inkişafını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədilə təsis edilir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Məlumat üçün bildirək ki, ali təhsil müəssisəsi bir neçə gün öncə gənclərimizin ölkəmizdə həyata keçirilən könüllülük fəaliyyətində aktiv olması, Vətənimizin inkişafı üçün səylə çalışması, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməsi üçün "Bir" Tələbə-Könüllü layihəsinə qoşulub. Bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına, aktiv tələbə həyatı yaşamalarına şərait yaradır.
Xatırladaq ki, Aİİ tələbələrin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin formalaşdırılması üçün müxtəlif layihələr həyata keçirir, seminarlar, "dəyirmi masa"lar, təlimlər təşkil edir.