Qusarda beynəlxalq konfrans keçirildi
Qusarda beynəlxalq konfrans keçirildi
28 Oktyabr 2019 16:27 SosialOktyabrın 28-də "Simurq" Mədəniyyət Assosiasiyası tərəfindən və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə "Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu" adlı Beynəlxalq konfrans təşkil olunmuşdur.
Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və Tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov tərəfindən nazir cənab Əbülfəs Qarayevin salamlama müraciətini səsləndirildi. Bundan sonra çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan və xarici alim və mütəxəssisləri səmimi qəlbdən salamladı və dünyada Qərb və Şərq xalqlarının və dövlətlərinin dayanıqlı inkişaf maraqlarına cavab verən dəyirmi masanın səmərəli işinə ümidvar olduğunu bildirdi. Azərbaycanın mədəniyyətlər və sivilizasiyalararası dialoq, multikulturalizm və beynəlxalq humanitar əməkdaşlıq sahəsində qazandığı uğurlardan danışdı.
Daha sonra tədbirin təşkilatçısı "Simurq" Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat vermişdir. Tədbirin həmtəşkilatçısı olan Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, Asif Usubəliyev dövlətlərin inkişafında mədəniyyət amili, o cümlədən dövlətlərarası sabit münasibətlərin qurulmasında mədəni mexanizmlərdən danışarkən Azərbaycan və Rusiya dövlətləri arasında uğurlu əməkdaşlıqdan söhbət açmışdır.
Moderatorlar, kulturoloq, professor Fuad Məmmədov və YUNESKO-nun Dünya Mədəniyyəti İnstitutunun rektoru, tarix elmləri doktoru, akademik Engel Tahirov konfransın yaradıcı məqsədləri və vəzifələri haqqında danışaraq iştirakçılara yeni imkanların açılışında müsbət nəticələr əldə olunmasını arzuladılar.
Həmçinin "Böyük Volqa Yolu" Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri akademik Engel Tahirov Bakıda təşkilatın Azərbaycan bölməsinin açılması barədə iştirakçılara məlumat verdi.
Professor Fuad Məmmədov intellektual və əxlaqi inkişafı təşviq etmək, mədəni və beynəlxalq fəaliyyətlərdə yüksək mədəniyyətli insanları meydana gətirmək məqsədi ilə bütün dünyada "Homo meritus" (Layiqli İnsan) beynəlxalq medalının təsis edilməsini təklif etdi.
Məşhur rus kulturoloq, YUNESKO kafedra müdiri müavini, Rusiya Prezidenti yanında Dövlət qulluğu və idarəçilik İnstitutunun "Vətəndaş Cəmiyyəti və Sosial Rabitə Tədqiqatları" Təhsil Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Olga Astafyeva Beynəlxalq Kulturoloq Assosiasiyasının və Beynəlxalq Kulturoloq gününün yaradılması üçün YUNESKO-ya müraciət etmək təklifi ilə çıxış etdi.
Konfrans çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev "Böyük Volqa Yolu" Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov tərəfindən milli mədəniyyətin və mənəviyyətin inkişafında mühüm töhfəsinə, Azərbaycan xalqının çoxəsrlik ənənələrinin qorunmasına, sülh və proqress naminə humanizm, sivilizasiyalararası dialoqun həyata keçirilməsində aktiv fəaliyyətinə görə "Sülhməramlı" nominasiyasında "Roza mira" qızıl medalı ilə təltif olunub.

