Komitə sədri: “İnsanları yaşlarına görə aşağılamaq doğru deyil”
Komitə sədri: “İnsanları yaşlarına görə aşağılamaq doğru deyil”
28 Oktyabr 2019 15:13 SosialÖlkə başçısı İlham Əliyev Baş nazirin keçmiş müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu qəbul edərkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb. Dövlət başçısının məlum çağırışından sonra seçkili orqan olan Milli Məclisdə yaşlı deputatların növbəti dəfə parlamentdə təmsil olunmamaq məsələsi də gündəm olub. "Olaylar" xəbər verir ki, Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 72 yaşlı sədri Hadı Rəcəbli bildirib ki, yaşlı insanları bu formada aşağılamaq doğru deyil: "Cənab prezidentin də elan etdiyi kimi, yaş məsələsi icra strukturlarına daha çox aiddir. Olur ki, fiziki imkanları məhdud olan insanlar işləyə bilmirlər. Təbii ki, yaşı keçmiş və işləmək imkanı olmayan adamlar işdən çıxmaqla bağlı özləri qərar qəbul etməlidir. Bu, mütləq şəkildə olmalıdır. Cənab prezidentimiz də bununla bağlı mesaj göndərib. Ancaq bu o demək deyil ki, ucdantutma hər kəsə aid olsun. Məsələn, parlamentdə Ziyad Səmədzadə, Arif Rəhimzadə və digərləri var ki, işləməyi bacaran insanlardır. Bu insanların işləmək üçün fiziki və əqli gücləri yerindədir. Sözüm odur ki, insanları yaşlarına görə bu formada aşağılamaq doğru deyil. Bütün cəmiyyətlərdə ağsaqqallar həmişə olub. Din xadimləri belə, həmişə yaşlı insanlar olub. Qərarları həmişə yaşlı insanlar verib. Mən də gənc olmuşam və bu gün gənclərin tərəfdarıyam. Cavanlıq məktəbini keçməyən sabah ağsaqqal ola bilməz. Bunlara da xüsusi yer ayrılmalıdır. Belə bir təcrübə var ki, dünyada deputatların 1,7%-i 35 yaşına qədərdir. Dünya statistiksında parlamentin orta yaşı 57-dir. Rusiya parlamentində orta yaş 49-dur. Rusiya dumasında 82 yaşında 3 nəfər deputat var. Hesab edirəm ki, bunu yanlış anlamamalıyıq. Cənab prezidentin də dediklərində həqiqət var. Gənclərin təmsil olunmasına şərait yaradılmalıdır. Yaşlı insanlar ömür boyu vəzifədə oturmayacaq ki!".