Məişət zorakılığı cəmiyyətinin əsaslarını sarsıdır
Məişət zorakılığı cəmiyyətinin əsaslarını sarsıdır
28 Oktyabr 2019 15:02 SosialMəişət şəraitində zorakılıq ilk növbədə insan hüquqlarının təminatına ciddi təhlükə yaradır. Azərbaycan cəmiyyətində ailəyə hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Hər bir zorakılıq halı, o cümlədən ailədaxili işgəncə, məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Ümumiyyətlə, məişət zorakılığı dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır.
Ölkəmizdə ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bununla belə, statistik göstəricilər, birbaşa və dolayısı faktlar məişət zorakılığı hallarının geniş vüsət aldığını, bu zəmində baş verən cinayətlərin sayının artdığını göstərir. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılmasına baxmayaraq, məişət zorakılığına qarşı mübarizə dünyanın hər yerində olduğu kimi bizim ölkədə də mürəkkəb bir problemdir. Çünki əksər hallarda zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, insanlar sağlamlıqlarını itirirlər, hətta fərdin özünü cəzalandırması - intihara, özünü öldürmə dərəcəsinə çatdırma hərəkətlərini yaradır. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Çünki əksər hallarda vətəndaşlar dövlətin məişət zorakılığına qarşı mübarizə məqsədi ilə həyata keçirdiyi planlardan, müvafiq qаnunlаr, proqramlar və təşəbbüslərdən, bu sahədə əldə olunan uğurlardan, məişət zorakılığından zərər çəkmişlərə dövlət qayğısından xəbərsiz olurlar. Cəmiyyətdə bu sahədə yaranmış informasiya azlığını və ictimaiyyətin fikirlərini ifadə etmək istəklərini nəzərə alaraq, "Müasir cəmiyyət və qadın hüquqları" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Məişət zorakılığı ilə mübarizədə ictimai iştirakçılıq" adlı layihəni həyata keçirir. Təşkilatın rəhbəri Xanım Əhmədzadə bildirmişdir ki, layihə çərçivəsində məişət zorakılığı ilə bağlı problemləri ictimaiyyətin özündən öyrənmək, təşəbbüslərini müvafiq dövlət orqanlarına, cəmiyyətə çatdırmaq məqsədilə ictimai müzakirələr keçirmək və zərərçəkmişlərə hüquqi yardım göstərmək nəzərdə tutub. İctimai müzakirələr zamanı vətəndaşlar həm də ailədaxili münasibətlər və problemlərin hüquqi həlli, zorakılıqdan müdafiə formaları haqqında geniş fikir mübadiləsi edə biləcəklər və məlumatlar alacaqlar. Cəmiyyətin aktual probleminə çevrilən məişət zorakılığı insanlığa qarşı qəddarlıq olduğundan, zorakılıq halları ilə bağlı cinayətlərin sayında sürətli artım müşahidə edildiyindən, xüsusən də zorakılıq səbəbindən ölüm halları çoxaldığından bu mübarizədə hər bir vətəndaşın iştirakına sosial ehtiyac və tələb var. Ölkəmizdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun, çox sayda hüquqi aktlar, beynəlxalq sənədlər əsasında yaradılmış xüsusi müdafiə mexanizmləri bu mübarizənin güclənməsinə xidmət edir.