Azərbaycanda fikir, söz və məlumat azadlığı qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir
Azərbaycanda fikir, söz və məlumat azadlığı qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir
25 Oktyabr 2019 16:06 SosialÖlkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün bütün imkanlar mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda müasir standartlara cavab verən müstəqil KİV formalaşıb.
Belə ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər bir sahə kimi KİV-in də inkişafı əsas diqqət mərkəzində oldu. Xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən medianın inkişafına xüsusi olaraq diqqət artdı. Qısa zamanda sovet dövründən qalan senzura ləğv edildi, ölkədə müstəqil mətbu orqanlar yaradıldı. Bu gün də Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının medianın inkişafına yönəlik addımları və dövlət tərəfindən bu sahənin inkişafı məqsədilə edilən yardımlar ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin təmin olunmasına gətirib çıxarıb. Hələ Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb.
"Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" söyləyən Ulu Öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur. Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir.
Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda kütləvi informasiya vasitələri biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Bütün bu faktorları nəzərə alaraq Azərbaycan höküməti mediaya xüsusi diqqət və qayğı göstərir. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edirlər. Bu orqanların qarşısında duran ən ümdə vəzifə cəmiyyətə doğru,dürüst və operativ informasiya ixrac etməkdən ibarətdir. Tirajlanan söz eyni zamanda ictimai rəyə - əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə, davranışlarına, beləliklə də siyasi proseslərə, bütövlükdə siyasətə təsir göstərir. Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, habelə həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir.
İnsanın ətraf aləmə, cəmiyyətə, dövlətə, ictimai-siyasi proseslərə münasibəti daha çox onun KİV-dən aldığı informasiyalar əsasında formalaşır. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir. Demokratik dəyərlərə yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, söz və mətbuat azadlıqları təmin olunub.
Plüralizmə gəldikdə isə deyə bilərik ki, Azərbaycan siyasi plüralizmi dövlət siyasətinin ana xətti kimi qəbul edir. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi deməkdir. Ölkədə çoxsaylı partiyaların mövcudluğu, həmin siyasi partiyaların müxtəlif təmayüllü və siyasi görüşlü olması, qanunverici orqan sayılan Milli Məclisdə onlarla partiyanın təmsil olunması, bunların bariz nümunəsidir. Siyasi plüralizmin bir cəmiyyətdə mövcudluğunu, uğurlu inkişafını təsdiqləyən ən vacib və yeganə faktor ictimai-siyasi təsisatların tam sərbəst fəaliyyətindən ibarətdir. Ölkəmizdə mövcud olan bütün siyasi təsisatların cəmiyyətə, qurumlara birbaşa çıxış imkanı var. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları heç bir maneə ilə üzləşmədən layihələrini həyata keçirir, müxtəlif təşəbbüslər irəli sürürlər. Bu gün ölkəmizdə həm siyasi partiyalara aid, həm də müstəqil şəkildə yüzlərlə media orqanı fəaliyyət göstərir. Ölkəmizdə hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşmasına, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər. Bu gün siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdi.
Mətbuatın cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, şübhəsiz ki, problemlərlə bağlı öz sözünü deməlidir. Amma yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Elə ölkəmizdə demokratik təsisatların, o cümlədən fikir, söz, məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirən Azərbaycan dövlətinin və cəmiyyətin də istəyi budur. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir