Baş qurd əmanəti…- Elçin Hüseynbəyli yazır

Baş qurd əmanəti…-Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

Başqurdstan haqqında çox eşitsək də, onu görmək lazımdır. Mənim kimi. Bəlkə də düz demədim: Bizlər kimi. Çünki bu diyarda xeyli soydaşımız yaşayır. Statistikanı sevmədiyimə görə hesabını da aparmadım. Amma məlimatıma görə Başqurdustanda dörd milyon civarında adam yaşayır. Başqurdlar çoxluq təşkil etməsə də (32 faiz başqurd, 25 faiz tatar, bir o qədər rus və başqa millətlər), dövlət dillərindən biri başqurddur (rus dili ilə yanaşı).

Sözüm bunda yox. Burası xırda bir giriş. Başlayalım.

Məni başqurdların klassiki Mustay Kərimin 100 illik yubileyinə dəvət eləmişdilər. Sədrimiz Anar müəllim müəyyən səbəblərdən tədbirə qatıla bilmədi: işlər çox, qonaqlar bol və s.

Hava limanında, VIP salonunda məni qu quşuna oxşar, milli geyimdə olan qızlar qarşıladılar: əllərində  başqurdların milli şirniyatı "şak-şak" və kımısla.

Bəri başdan deyim ki,   Mustay Kərim Başqurdustanda çox məşhurdur, yəni "kult"dur. Hər şəhərdə, hər küçədə onun adı var. Bizim Səməd Vurğun kimi.

Tədbir Mustay Kərim adına teatrda başladı, Mustay Kərim parkında davam elədi. Şeir şölənində Ufada yaşayan həmyerlimiz, istedadlı şair Baloğlan Cəlil də iştirak elədi, şeir dedi.

"Mustay günləri"nin pik nöqtəsi Toratau sarayı, yaddaqalanı "xalq gəzintisi" oldu.

Toratau sarayındakı mərasim Rusiya prezidenti Vladimir Putinin təbrik məktubu ilə başladı və Mustay Kərimə həsr olunmuş sənədli filmlə bitdi.

Hollivur ulduzlarının, Rusiyanın ən məşhur simalarının çəkildiyi sənədli filmin büdcəsi bir neçə milyon dollar olardı, məncə. Sonradan bəlli oldu ki, bu silsilə tədbirlərə vəsaiti təkcə dövlət yox, həm də Mustay Kərim adına Fond ayırıb. Ustadın nəvəsi Timurpolad Kərimov uğurli biznesmendir.

Bir şeyə təəssüf elədim ki, səhnədə asılmış iri afişada "Mustay Kərim, naş na 100" sözləri yazılmışdı. Təbii ki, rusca. Məncə başqurdca da eyni sözlər yazılmalıydı və bunu məni dəvət edən tərəfin nümayəndələrinə də dedim. İnsafən onlar da razılaşdılar.

Ən xoşuma gələn və yadda qalan gün oktyabrın 19-da  "Salavat Yulayev"in  Tatarıstan komandası "Akbars"la yarışı oldu.

İlk dəfə idi ki,  buz üstündə xokkeyə canlı baxırdım. "Akbars" xokkeyçiləri şaybayla çox səliqəli davranır və peşəkar oyun sərgiləyirdilər. Amma döyüş ruhlu "Salavat Yulayev"in oyunçuları qarşısında geri çəkilib məğlub oldular. "Salavat"çılar, sanki ölüm-dirim mübarizəsinə girişmişdilər. Nəticə: 3:1.

Onu da deyim ki, bu derbiyə maraq həddən artıq böyük idi. "Qalatasaray"la "Beşiktaş" kimi.

Həmin gün səhər yeməyi yeyərkən "akbarslılar" məndən hansı komandaya azarkeşlik edəcəyimi soruşdular. "Mən sülh tərəfdarıyam" dedim. Bu, sözlərim onları qane eləmədi və təsadüf elə gətirdi ki, yarışa qonşu tribunalarda baxası olduq və onların məzlum görkəmi məni üzdü: yəni "sülh" daha məqbul variant imiş.

VİP salondan seyr etdiyimiz oyuna azarkeşlik edən yaraşıqlı bir xanım da vardı. Sonradan məlum oldu ki, baş nazirin mədəniyyət üzrə müavini İlonora xanımdır.

Ən yaddaqalan hadisə Mustay Kərimin anadan olduğu Kuleş şəhərinə səfər oldu.

Başqurd mədəniyyətinin və mətbəxinin geniş sərgiləndiyi məkanda xoş və rahat bir atmosfer vardı. Adamlar, sanki əziz bir bayrama - Novruz şənliyinə yığışmışdılar. Çadırlar qurulmuş, ocaqlar qalanmış, stollara naz-nemət düzülmüşdü.

Məktəbin həyətində (düz tapdınız. O da Mustay Kərimin adını daşıyır) ağac əkdik. Mən də bir ağaca həyat verdim. Və elə düşünürəm ki, həmin ağac böyüyəcək və ustadın arxasınca gələnlərə kölgə salacaq. Deyilənə görə o özü də kölgəsi böyük adam olub, çoxlarına əl tutub. Hər halda ona sevgi həddən artıq böyükdür.

Bir dəfə cavan yazarlar Mustay ağadan soruşublar: "Sizin hər şeyiniz var, adınız-sanınız, hörmətiniz. Bəs niyə yuxarılarla dostluq edirsiniz?" Onun cavabı müdrik olub: "Sənə evi kim aldı? Mən. Sənə adı kim aldı? Mən. Səni müalicəyə kim göndərdi? Mən. Gedin fikirləşin!"

Yekun tədbir "Qızlar dağı"nda oldu. Mustay Kərimin şərəfinə tonqal qalandı və "xalq gəzintisi" burda da davam elədi.

Sonuncu gün, oktyabrın 21-də Başqurdustan Yazıçılar İttifaqının qonağı oldum.  Qədim binada yerləşən Yazıçılar İttifaqı təzə təmirdən çıxıb. Bunu rəng iyindən də başa düşmək olar.

İttifaqın sədri, millət vəkili, yazar dostum Zəki Əlibayovla ədəbiyyat barədə xeyli söhbət elədik və bu qənaətə gəldik ki, ikitərəfli ədəbi əlaqələrin genişlənməsinə ehtyac var. Çünki hər iki dilə uyğunlaşdırılmış müasir mətnlər ya yoxdur, ya da çox azdır...

Bir az da Ufa (Öfö) haqqında. Şəhər dağlıq ərazidə yerləşir, yəni dağlara səpələnib. Burada bir milyondan artıq adam yaşayır. Mərkəzi küçəsi var, amma mərkəzi meydanı yoxdur.

Başqurdların milli qəhrəmanı Salavat Yulayevə ucaldılan abidə möhtəşəmdir.

Şəhərin girişində qızıl suyuna çəkilmiş dörd minarəli məscid ucalır. Amma tikintisi yarımçıq qalıb. 

Şəhər uzunsovdur, elə bil, dartıb uzadıblar.

Adigel çayı lilli olsa da, onu "Ağ çay",  yaxud "Ağ dəniz"  adlandırırlar...

Ağ çayın bulvarı gözoxşayandır...

Səfərlə bağlı təəssüratım çoxdur və düşünrəm ki, bu mənə gələcək yazılarımda yardımçı olacaq.

Başqurdlar türklərdir, yəni bizimdir. Babalarımızın əmanətidir. Çünki kəsikdirlər!!!

Sonda məni tədbirə dəvət edən Mustay Kərim Fondunun təsisçisi. ustadın nəvəsi Timurpolad Kərimova, qızı Alfira Kərimovaya, mənə diqqət göstərən Başqurd Yazıçılar İttifaqının sədi Zəki
Alibayova, həmkarlarım Gulnaz Kutiyevaya, Larisa Abdullinaya və istedadlı şair dostum, azərbaycanlı balası Baloğlan Cəlilə minnətdarlığımı bildirirəm.

Oktyabr, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31