Sosial şəbəkələrdə fəallığın artırılması əsas çağırışlardandır

Sosial şəbəkələrdə fəallığın artırılması əsas çağırışlardandır

YAP Xətai rayon təşkilatında bu mövzu ilə bağlı tədbir keçirildi

Dünən YAP Xətai rayon təşkilatının ilk ərazi təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir  keçirildi.

Günümüzün əsas çağırışlarından olan sosial şəbəkələrdə fəallığın artrılması mövzusundan geniş bəhs edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycanın bugünkü uğurlarından danışdı. Bildirdi ki, 28 illik müstəqillik tarixinə malik olan  Azərbaycanın uğurlarının miqyası geniş olmaqla yanaşı, gələcəyə daha böyük hədəflərlə irəliləməyə əsas yaradır. Təəssüf doğuran hal budur ki, Azərbaycanı istəməyən qüvvələr öz çirkin niyyətlərini, uğurlarımıza kölgə salmaq cəhdlərini, ən əsası dünyada sabitlik, təhlükəsiz ölkə kimi qazandığı imicə zərbə vurmaq istəklərini daxili bədxahlarımızın vasitəsilə gerçəkləşdirməyə səy göstərirlər.

H.Mirələmov diqqəti  19 oktyabrda keçirilən  icazəsiz aksiyaya yönəldərək bildirdi ki, bir qrup təxribatçı ünsürlər xaricdən aldıqları qrantların müqabilində ölkədə qarşıdurma yaratmağa, sabitliyi pozmağa  can atılar. Lakin xalq-iqtidar birliyinin möhkəmliyi,  asayişi yüksək səviyyədə qoruyan hüquq-mühafizə orqanlarının  fədakarlığı sayəsində bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı bu ünsürlərin əsl sifətini bir daha gördü. Belə qüvvələrə qarşı sərt mövqeyimizi sosial şəbəkələrdə  bildirməli, onların əsassız təbliğatlarını  Azərbaycanın  reallıqları ilə cavablandırmalıyıq.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki,  Azərbaycana bu gün hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin   bu gün Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi beynəlxalq nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Azərbaycan dövlətinin, cənab İlham Əliyevin  həyata keçirdiyi alternativi olmayan islahatları beynəlxalq səviyyədə təqdir olunur,  nüfuzlu maliyyə qurumlarının hesabatlarında mövqeyinin möhkəmlənməsini şərtləndirir. Ölkəmizin  28 illik müstəqillik tarixində əldə etdiyi davamlı uğurlar harada yaşamasından asılı olmayaraq  bütün soydaşlarımızda qürur hissi yaradır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, 10 milyonluq ölkəyik.

V.Rəhimzadə Azərbaycanı istəməyən qüvvələrin   sosial şəbəkələrdə apardıqları  əsassız, qərəzli təbliğata qarşı  hər birimizin vətəndaşlıq təəssübkeşliyindən bəhrələnərək sərt mövqeyimizi ortaya qoymağımızın vacibliyini bildirdi. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı  təşkilat olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşdirdiyi  750 minə yaxın üzvün hər biri bu işdə öz fəallığını nümayiş etdirməli, Azərbaycan reallıqlarının, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısına çevrilməlidirlər. Azərbaycanın uğurlarına qara eynəkdən baxmağa adətkar olan dağıdıcı ünsürlər 19 oktyabr icazəsiz aksiyaları ilə hansı məqsədə və kimlərə xidmət etdiklərini  bir daha nümayiş etdirdilər.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının  şöbə müdiri  Pənah İmanov Azərbaycanın günbəgün  güclənən iqtisadi qüdrətindən, beynəlxalq aləmdə möhkəmlənən  mövqeyindən geniş bəhs edərək bildirdi ki, bu gün dünyaya səs salan yeniliklərimiz, imza atdığımız uğurlar Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. 

P.İmanov sosial şəbəkələrdə fəallığın artırılması istiqamətində  göstərilən səylərdən geniş bəhs edrək, YAP Xətai rayon təşkilatının özündə birləşdirdiyi  hər bir ərazi ilk partiya təşkilatının üzvlərini  fəal olmağa çağırdı: "Bu, bizim ümumi işimizdir. Çalışmalıyıq ki, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan  xarici və daxili bədxahlarımızın  əsassız cəhdlərini  reallığa söykənən faktlarımızla cavablandıraq. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd olunduğu kimi, heç bir xarici qüvvə xalqımızın  iradəsinə təsir göstərmək imkanında deyil. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər addımında müstəqil siyasət yürütdüyünü təsdiqdəyir."

Sonda YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək, gəncləri  daha fəal olmağa çağırdı. Eyni zamanda, bildirdi ki,   bu günün gəncləri müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin Azərbaycanı  hansı faciələrlə üz-üzə qoymalarından xəbərsizdir, yaxud da onu tarix dərsliklərindən, böyüklərin dilindən eşidirlər. Onlara müstəqillik yolumuzun heç də hamar olmadığı, ən əsası bu gun hakimiyyətə can atan həmin ünsürlərin bir illik hakimiyyətləri dövründə  ölkəni hansı duruma saldıqları barədə dolğun məlumatlar verilməlidir.

Yeganə Əliyeva,

 Vüsal Cahanov (foto), "İki sahil"  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31