Azərbaycan İnnovasiya Mükafatına layiq görülənlərin adları açıqlanıb

Azərbaycan İnnovasiya Mükafatına layiq görülənlərin adları açıqlanıb

Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Huawei" şirkətinin birgə təşkilatçılığı ilə "İnnovation Awards Gala" mükafatlandırma mərasimi keçirilib.

"OLAYLAR" xəbər verir ki, "InnoWeek - İnnovasiya həftəsi" çərçivəsində təşkil olunmuş mükafatlandırma mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu axşam  möhtəşəm məkanda ilk dəfə olaraq Azərbaycan İnnovasiya Mükafatı təqdim olunur. Mükafat Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən innovasiya ekosisteminin iştirakçılarını dəstəkləmək məqsədilə təsis olunub.

Nazir müavini qeyd edib ki, müsabiqəni təşkil etməklə nazirlik İT sahəsində mütəxəssislərin yetişdirilməsinə, startapların, innovasiya ekosisteminin inkişafına töhfə vermiş olur. Bu növ müsabiqələr innovasiyalarla yanaşı, biznes proseslərin təşkilinə də yol açır ki, bu da ölkə iqtisadiyyatının inkişafına birbaşa müsbət təsir edir.

Elmir Vəlizadə çıxışının sonunda bütün nominantlara və müsabiqəyə qoşulan hər kəsə uğurlar arzu edib.

Sonra "İlin innovasiya ekosistemi təmsilçisi", "İlin innovasiya layihəsi", "İlin innovasiya tədbiri", "İlin influenseri" və "İlin startapı" nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

Qeyd edək ki,  İnnovation Awards Gala" mükafatlandırma mərasimi "InnoWeek - İnnovasiya həftəsi" çərçivəsində təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31