Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib

Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib

Oktyabrın 24-də Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib. "OLAYLAR" xəbər verir ki, "Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi" mövzusuna həsr edilən forumda Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının Baş katibi Urban Rusnak açılış nitqləri ilə çıxış ediblər.

Energetika naziri Pərviz Şahbazov ilk dəfədir ki, ölkəmizdə keçirilən bu forumun Azərbaycanın 2020-ci ildə Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində baş tutduğunu qeyd edib. Nazir deyib ki, böyükmiqyaslı enerji forum və konfransları üçün Bakının seçilməsi onun dünyanın enerji arxitekturasındakı tarixi və müasir rolu ilə bağlıdır. Tarixi müstəvidə Bakıdünyanın enerji paytaxtı, müasir dövrdə isə aparıcı enerji mərkəzlərindən biridir.

Enerji ilə bağlı inkişaf proseslərinin milli sərhədlərlə məhdudlaşmadığını və qlobal əməkdaşlıq tələb etdiyini vurğulayan nazir Enerji Xartiyasını milli, regional və beynəlxalq səviyyədə qarşıya çıxan enerji məsələlərinin həllinə, enerji istehsal, ixrac və idxal edən, həmçinin tranzit ölkələr arasındakı münasibətlərdə effektiv çərçivənin yaradılmasını, rəqabətli bazarlar, davamlı inkişaf prinsiplərini təşviq etməklə qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm əməkdaşlıq platformalardan biri kimi qiymətləndirib.

Sonra Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış edib. Baş katib enerji transformasiyası dövründə enerjiyə çıxış, artan enerji tələbatı, qlobal istiləşmə və davamlı inkişaf məsələlərini həll etmək üçün səyləri birləşdirməyin vacibliyini qeyd edib. U.Rusnak Azərbaycanın sədrliyi dövründə atılacaq addımlardan, eləcə də ölkəmizlə Enerji Xartiyası arasında əməkdaşlıqdan bəhs edib.

Forum bərpa olunan enerjinin inkişafı və texnologiyaların rolu, tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları üzrə dörd sesisiyada işini davam etdirib. Foruma 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəməninyüksək səviyyəlidövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət200-ə yaxın şəxs qatılıb.

Qeyd edək ki, 55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə Azərbaycan 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31