Gövhər Baxşəliyeva: “Alimin illər ərzində topladığı biliyi insanlığa xidmət etməli, millət, xalq yolunda “xərclənməlidir”
Gövhər Baxşəliyeva: “Alimin illər ərzində topladığı biliyi insanlığa xidmət etməli, millət, xalq yolunda “xərclənməlidir”
24 Oktyabr 2019 11:41 SosialCəmiyyətdə və dövlətdə şəxsiyyətin yeri, mövqeyi, imtiyazı onun mənsəbi, əsli-nəcabəti, zənginliyi ilə deyil, biliyi, elmi, intellekti, insanlığı, prinsipiallığı, gördüyü işləri, vətənə, millətə, xalqa sədaqətlə xidməti ilə müəyyən edilir. Bu mənada görkəmli dövlət xadimi, 24 ildən artıq bir dövr ərzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasmın rəhbəri vəzifəsini uğurla icra edən, dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilən, 23 oktyabr 2019-cu il tarixində isə Azərbaycanın elm məbədgahı olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş akademik Ramiz Mehdiyevin şəxsiyyəti bariz nümunədir. Millət vəkili, akademik Gövhər Baxşəliyeva bildirib ki, uzun illər dövlət idarəçiliyi sistemində çalışan akademik Ramiz Mehdiyevin fəaliyyəti daim Azərbaycanın sosial-siyasi, iqtisadi və mədəni inkişafına yönəlib. Öz fəaliyyətində milli mənafeləri və dövlətçilik maraqlarını hər şeydən üstün tutan Ramiz müəllim, başlıca məqsəd kimi milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması, müstəqil dövlətimizdə vətəndaş cəmiyyətinin qurulması, ölkəmizin tərəqqisi üçün böyük işlər görüb. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın uğurlu, hərtərəfli inkişafında Ramiz müəllimin çox böyük və danılmaz rolu var: "Bu baxımdan hesab edirəm ki, Ramiz müəllim bu günə kimi üzərinə götürdüyü bütün missiyaları uğurla yerinə yetirdiyi, ona göstərilən etimadı doğrultduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olaraq da üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcək, Azərbaycan elminin inkişafına, onun dünya elminə inteqrasiyasına növbəti töhfələrini verəcək". G.Baxşəliyeva vurğulayıb ki, Ramiz Mehdiyev elmi tədqiqatın müasir metodlarının ən yüksək səviyyəsinə qalxmış görkəmli filosof alimdir: "Onun əsərlərində dövrümüzün bir çox suallarına: biz kimik, haradayıq, hara gedirik, inkişafın milli modeli, sabahın inkişaf strategiyası, keçid dövrü cəmiyyətlərində demokratiya və sairə problemlərə cavab axtarılır və tapılır. Güclü Azərbaycan dövlətinin qurulması yolları müəyyən edilir. Ramiz Mehdiyevin tədqiqatları tariximizin Heydər Əliyev dövrünün, cərəyan edən ictimai-siyasi proseslərin, müstəqil dövlətçilik əsaslarının qurulmasının canlı salnaməsidir, bu dövr haqda əvəzsiz mənbədir. Həmçinin, onun elmi əsərləri Heydər Əliyev irsinin öyrənilməsində, təhlil və tədqiqində, gələcək nəsillərə çatdırılmasında əvəzsiz mənbədir. Müdriklər buyurub ki, əməlsiz alim - yağışsız bulud kimidir", yəni, alimin illar ərzində topladığı bilik insanlığa xidmət etməli, millət, xalq yolunda "xərclənməlidir". Bu mənada Ramiz müəllim elmi karyeranın kabinet rahatlığına sığınan alimlərdən olmayıb və əslində onun vətəninə və xalqına tükənməz sevgisi də bu yolu seçməyə imkan verməzdi. Elə həmin sevgi və zəngin iş təcrübəsi Ramiz müəllimi dövlətçilik tariximizin ən ağır və məsuliyyətli dövründə yüksək dövlət vəzifəsinə gətirmişdir. O bir çox illər ümummilli liderimiz Heydər Əliyevlə çiyin-çiyinə çalışıb, onun sədaqətli məsləkdaşı və silahdaşı olub. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, Ramiz müəllim daim Ulu Öndərə sədaqətini saxlamış və onun rəhbərliyi altında işlədiyi dövr ərzində bunu sübut etmişdir. Ramiz müəllimin elmi və idarəetmə fəaliyyəti elm və əməl vəhdətinin təcəssümü kimi əlamətdardır. Onun şəxsiyyəti, necə deyərlər, nəzəriyyə ilə təcrübənin üzvi şəkildə bir-birini tamamladığını sübuta yetirən parlaq misal, totarlı örnəkdir. Təkcə bu fakt onun şəxsiyyətinin miqyasını, təfəkkürünün diapazonunu, idrakının genişliyini təsəvvür etmək üçun kifayətdir. Bu qısa açıqlamada Ramiz müəllimin elm və dövlət idarəetmə sahəsindəki böyük xidmətlərindən və uğurlarından danışmaq imkan xaricindədir, bu barədə onun çoxsaylı əsərləri və gördüyü işlər hər şeyi deyir. Yalnız bir necə kəlmə onun şəxsi keyfiyyətləri haqda demək istərdim ki, o, fədakar, xeyirxah, təmkinli insandır. Eyni zamanda, Ramiz müəllimin bütün fəaliyyətində qlobal düşüncə, polad iradə, dərin məntiq, ardıcıllıq, praqmatizm sezilməyə bilməz. İik növbədə də özünə, sonra ətrafdakılara qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi-Ramiz müəllimin xarakterik keyfiyyətlərindəndir".
Nurlan
Olaylar.az