Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir

Oktyabr ayının 21-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər, o cümlədən, vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat vermişdir.

İclasda ABŞ Təhsilli Azərbaycan Məzunları" İctimai Birliyinin ölkəmizdə keçirilməsi nəzərdə tutulan "Jessup" Beynəlxalq Məhkəmə Müsabiqəsinə sponsorluq edilməsi barədə müraciətinə baxılmış, Vəkillər Kollegiyasının qeyd olunan müsabiqənin "Platinium Sponsor"u olması qərara alınmışdır.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, bundan başqa, Qəbələ, Zaqatala və Biləsuvar rayonlarında Vəkil Bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilmişdir.

İclasda həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiq olunmuşdur.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31