“Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır”

"Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik"

Son illər bir sıra mətbuat orqanına  kifayət qədər maliyyə yardımı ayrılır, jurnalistlərin yaradıcılıq şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Lakin açıq-aşkar görünür ki, bu yardımlar həmin qəzetlərin inkişafında ciddi bir irəliləyişə səbəb olmur. Mövzu kasadlığı, oxucunu cəlb edə bilməmək, müasir qəzetçilik vərdişlərinə yiyələnə bilməmək mövcuddur. Əməkdaşların peşə hazırlığı məsələləri müasirliklə səsləşmir və demək olar ki, 20-30 il bundan əvvəlki vəziyyətindədir.

Bunun başlıca səbəblərindən biri mətbuatı özünün müqəddəs peşəsi hesab edənlərin yerini digər sənət sahiblərinin tutması və bu peşəyə, bir növ, maddi maraq prinsipindən yanaşmalarıdır. Yəni, boş quyuya tonlarla su tökməyin mənası yoxdur...

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı mətbuatla bağlı bir sıra neqativ məqamlara diqqət çəkib:

"...Bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz."

Tamamilə doğru iradlardır və bəzi mətbuat orqanlarının düşdüyü girdab biz jurnalistlərə daha yaxşı tanışdır. Hər hansı bir mətbuat orqanının siması, heç şübhəsiz ki, onun redaktorunun simasıdır. Əksər media orqanlarının obyektivlik, peşə və davranış prinsiplərinə uyğun gəlməyən fəaliyyətə meyllənmələri müəyyən dərəcədə imkansızlıqla bağlı ola bilər. Amma dövlət dəstəyindən bəhrələnən və maliyyə imkanları ilə seçilən bəzi mətbuat orqanlarının belə işlərlə məşğul olmalarını anlamaq çətindir.

Bəzi mətbuat orqanları beynəlxalq aləmdə cərəyan edən bir çox qlobal təbəddülatları konkret olaraq Azərbaycanın problemi kimi təqdim etməyə cəhd göstərir, onu ölkəmizə transfer edib xof yaradır, insanlara əsassız çağırışlar edirlər.

Neftin dünya bazarında qiymətinin düşməsi ilə əlaqədar olaraq bütün neft ixrac edən ölkələrdə büdcə ehtiyatlarının sürətlə azaldığı bir dönəmdə iqtisadi reformalar qaçılmazdır və yaxud, eyni funksiyalı hansısa qurumlar birləşdirilə bilər. Bu, qanunauyğun bir prosesdir. Qloballaşan iqtisadi böhran şəraitində eyni funksiyanı yerinə yetirən dövlət qurumları və nazirliklərin optimallaşdırılması məsələsi həmişə gündəmdə olub. İslahatlar zamanın çağırışıdır. Lakin məsələ ondadır ki, bu olayı başqa istiqamətlərə yozanlar da var - "nazirlər arasında savaş", "məmurların nüfuz müharibəsi"...

Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.

Ulu Öndər azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyin və azadlığın təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü: "Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşması, demokratik islahatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir".

Ölkə Prezidenti İlham Əliyevin dövlət informasiya sahəsində gördüyü tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Azərbaycan Prezidenti Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev bu dövrü belə səciyyə etdirir: "Hazırda Azərbaycan dövlətin və cəmiyyətin keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatının bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq kütləvi informasiya vasitələrindən də yan keçməmişdir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda keçirilmiş mühüm tədbirlərdir".

Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısının bildirdiyi kimi, ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır.

Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harda yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Dövlət başçısı İlham Əliyev "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimində yekun nitqində bu fikri xüsusi qeyd etdi: "Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır- Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq."

Qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz təbii ki, atılan biri-birindən əhəmiyyətli addımlara əsaslanır. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında olmaq istəyiriksə, şəffaflıq hər bir sahədə yüksək səviyyədə təmin olunmalıdır. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31