“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi plenar iclasa tövsiyyə edilib
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi plenar iclasa tövsiyyə edilib
23 Oktyabr 2019 16:12 SosialOktyabrın 23-də Milli Məclisin Səhiyyə Komitəsində "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, bu qanunun qəbul edilməsi çox aktual məsələlərdən biridir. Qanun layihəsinin hazırlanması üçün parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrup yaradılmış, qanun layihəsinin hazırlanmış ilkin variantına dair dinləmələr keçirilmişdir. Qanun layihəsinin indiki variantında müzakirələr zamanı səsləndirilmiş bir çox təkliflər nəzərə alınmışdır. Bu qanun ölkəmizdə insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir. Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, transplantasiya tibbdə yeni sahə olsa da, çox sürətlə inkişaf edir. Xüsusilə son 50-60 ildə orqan transplantasiyası daha da aktuallaşmışdır. Təcrübə göstərir ki, insanlar transplantasiya olunmuş orqanlarla uzun illər yaşa bilirlər.
Qeyd olundu ki, qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir. Layihədə insan orqanlarının donorluğu və onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan və meyitdən orqanların götürülməsi məsələləri öz əksini tapmışdır. Müzakirələrdən sonra "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.