Azərbaycanda aparılan kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir- Şərh

Azərbaycanda aparılan kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir-Şərh

Gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi təqdirəlayiqdir

Azərbaycanda dövlət idarəçiliyinin  təkmilləşdirilməsi, eləcə də idarəçilikdə operativlik və çevikliyin təmin olunması məqsədilə həyata keçirilən kadr islahatları davam etməkdədir. Hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kadr islahatları nəinki ölkə daxilində, eləcə də beynəlxalq aləmdə  diqqətlə izlənilir. Əslində isə sözügedən kadr islahatı yeni deyil, İlham Əliyev prezidentliyə başladığı gündən mütəmadi olaraq həyata keçirilməkdədir. Xatırladaq ki, dövlət başçısı hələ 2015-ci ilin sonlarında demişdi ki, bizim istənilən sahəni inkişaf etdirmək üçün konkret nəticələri məlum olan planlarımız, proqramlarımız var, istənilən sahədə islahatlar aparmaq üçün fikirlərimiz, təkliflərimiz var və vaxtı çatdıqca bu layihələrimizin hamısı reallaşacaq. Dövlət başçısı  kadr islahatları barədə söylədiyi fikirlərini bu gün də reallaşdırılmaqdadır: "Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun... Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır". Xatırladaq ki, Azərbaycan  Azərbaycan dövləti  sürətli inkişaf yolunu davam etdirir.  Etiraf edilməlidir ki, bu inkişaf tendensiyasının qorunub saxlanılmasında dövlət başçısının iradəsi, qətiyyəti, uzaqgörənliyi ilə yanaşı, onun komandasının məsuliyyət və peşəkarlığı da xüsusi rol oynayıb. Bu isə o deməkdir ki, pezident İlham Əliyev kiminlə və necə işləməyin lazım olduğunu çox gözəl bilir. Yeri gəlmişkən xatırladaq ki, hələ 2017-ci ildə ölkənin ali icra orqanı olan Prezident Administrasiyasında kifayət qədər səmərəli olan və hamı tərəfindən yüksək qiymətləndirilən struktur və kadr islahatları aparılmış və ilboyu müxtəlif qurumların yaradılması, bəzilərini birləşdirilməsi və ya ləğvi barədə sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla yaradılmış "ASAN xidmət" və "MİDA" (Mənzil İnşaatı Dövlət Agentliyi) beynəlxalq aləmdə nümunə kimi qəbul edilə biləcək islahat göstəriciləridir.  2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra aparılan kadr islahatları  "Nazirlər Kabinetində aparılan islahatlar" adlandırılsa da, əslində, bir neçə il əvvəl start verilmiş və Azərbaycana beynəlxalq aləmdə "Ən islahatçı ölkə" statusu qazandırmış proseslərin məntiqi davamı idi.  Prezidentin sərəncamı ilə müxtəlif sahələrə rəhbər təyin olunan daha gənc, çevik, bir neçə xarici dil bilən, xaricdə təhsil aldığına görə dünya iqtisadiyyatındakı müsbət yenilikləri və beynəlxalq tendensiyaları mənimsəmiş, təşəbbüskar kadrların hamısı məhz Strateji Yol Xəritəsində göstərilən istiqamətlərin inkişaf etdirilməsini təmin edə biləcək şəxslərdir.  Prezident İlham Əliyevin  ölkədə aparılan kadr islahatlarını davam etdirmək məqsədilə son günlər imzaladığı sərəncamlar da ictimaiyyət tərəfindən böyük razılıq və məmnunluqla qarşılanıb.

Millət vəkili Naqif Həmzəyev deyib ki, ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında kadr islahatlarının da rolu böyükdür. Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu verdiyi ərizəsi ilə əlaqədar qəbul edərkən söylədiyi fikirlər də diqqət çəkir: "Əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır". N.Həmzəyevin sözlərinə görə, dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi təqdirəlayiq haldır: "Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür. Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub. Əslində gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir ki, baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb. Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da əhəmiyyətlidir. Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31