Deputat: “Biz bu işdə prezidentə dəstək olmalıyıq”

Deputat: “Biz bu işdə prezidentə dəstək olmalıyıq”

"Bu yaxınlarda cənab Prezidenti müşavirə keçirdi və həmin müşavirədə xüsusi vurğuladı kı, büdcə layihəsi hazırlanarkən bir çox hallarda xərclər məqsədyönlü şəkildə şişirdilir. Düşünürəm ki, biz prezidentə bu işdə dəstək verməliyik və şişirdilən xərclərin qarşısını almalıyıq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, parlamentə növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı 3 il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi də təqdim edilməlidir: "Çox təəssüf ki, büdcə sənədləri bizə təqdim olunanda həmin layihələrin siyahısı bizə təqdim olunmur. Yenə də Hesablama Palatası öz rəyində ümumi formada bizə məlumat verir. Məsələn, 2019-cu ilin büdcəsi ilə bağlı verdiyi rəydə ümumi məlumatlar verilir və ayrılmış ümumi məbləğ göstərilir. Amma konkret olaraq hansı obyektə nə qədər vəsaitin ayrılacağı ilə bağlı bizə bir kəlmə də məlumat verilmir. Ona görə, Nazirlər Kabinetindən büdcə sənədləri daxil olanda digər sənədlər  də bir-bir hazırlanıb Milli Məclisə göndərilməlidir. O cümlədən Hesablama Palatasına da deyilməlidir ki, həmin investisiya layihələrində tikintisinə vəsait ayrılan obyektləri dəqiq göstərin, bilinsin ki, hansı obyekt neçəyə başa gəlir, dövlət bura nə qədər vəsait ayırır. Hesab edirəm ki, belə olduğu halda Prezidentə bu işdə konkret dəstək verə bilərik. Prezident də söylədi ki, şəffaflıq artırılmalıdır, korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Hər kəs də bu işdə dövlət başçsısına kömək etməldiir. Düşünürəm ki, Milli Məclis də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir və bu işdə prezidentə dəstək olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31