Altı ölkənin alimləri Bakıda - Beynəlxalq konfrans
Altı ölkənin alimləri Bakıda - Beynəlxalq konfrans
23 Oktyabr 2019 11:52 SosialAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Gələcəyin konsepsiyalarında mədəniyyət amili" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Olaylar.az bildirir ki, konfrans iştirakçılarını Millət vəkili Qənirə Paşayeva və Mərkəzin direktoru Asif Usubəliyev salamlayaraq qeyd etdilər ki, gələcəyin konsepsiyalarının formalaşdırılması və mədəniyyət amilinin qabardılması konfransda vəzifə olaraq qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, ADU-nun Bəynəlxalq əlaqələr üzrə prorektoru, fəlsəfə doktoru Jalə Qəribova, "Simurq" AMA-nın prezidenti, tarix elmləri doktoru, professor Fuad Məmmədov, AR MN-nin müşaviri, polkovnik Abdulla Qurbani və digər yerli alim və mütəxəssislər çıxış ediblər.
Eyni zamanda tədbirdə xarici alim və mütəxəssislər: Zaim Xanşalavi - Əlcəzair Milli Araşdırmalar Mərkəzinin elmi məsələlər üzrə direktor müavini, multikulturalizm üzrə beynəlxalq ekspert, Albena İlieva Nakova - Manolova - Bolqarıstan Elmlər Akademiyasının Bilik və Cəmiyyətin Araşdırılması İnstitutunun direktor müavini, Dmitro Buraqo - Ukraynanın M.Droqomarov adına MPU-nun dosenti, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, Tair Maxamatov - Fəlsəfə doktoru, Rusiya Federasiyanın hökuməti yanında Maliyyə Universitetinin professoru və Qazaxıstandan Anara Qabdullina, Qazaxıstan Respublikası Tarix İnstitutunun elmi katibi, tarix elmləri namizədi iştirak ediblər. Konfransda Qazaxıstan Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbay Ayaqanın salamlama məktubu səsləndirilib.
Konfransda fərqli dillərdə çıxış edən alimlərin fərqli fikirlərindən ümumi bir nəticəyə gəlmək olar ki, mədəniyyət dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanları bir araya gətirən qüvvədir.
Bundan əlavə, tədbirdə "Kapelhaus" Azərbaycan-Alman Mədəniyyət Mərkəzi, Bakı Amerika Mərkəzi, Misir, Rus və Fransa Mədəniyyət Mərkəzləri ölkələrinin mədəniyyət güşələrini yaradıb onların zəngin milli-mədəni irsinin nümunələrini
nümayiş etdiriblər. Konfransda Bakı şəhər musiqi məktəbi şagirdlərinin trio və sekstet ansambllarının ifaları səsləndi.