Bakı şəhərində ustad dərslər layihəsi reallaşdı

Bakı şəhərində ustad dərslər layihəsi reallaşdı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin təşkil edilən Bakı şəhər Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması üzrə ustad dərsləri başa çatıb.

Olaylar.az bildirir ki, mərkəzin Bədii təhsil   şöbəsinin müdiri Sevil  Ələkbərova çıxış edərək, qeyd etdi ki, ustad dərslərin məqsədi uşaq, yeniyetmə və gənclərin qabilliyyətinin aşkar olunması və onların istedadının inkişaf etdirilməsi, böyüməkdə olan gənc nəslin mənəvi, bədii-estetik tərbiyəsinin formalaşmasında və fortepiano tədrisinin metodikasındakı incəliklərin və pedaqogikanın əsas kateqoriyaları, pedaqoji proses, musiqi pedaqogikasının psixologiya ilə əlaqəsinin öyrədilməsi sahəsində Uşaq musiqi və incəsənət məktəblərinin fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin müasir tələblərə uyğun nəzəri və praktik baxımdan artırılmasıdır.

Əməkdar müəllimlər Nazilə Yaqubova, Kamilla Əmirova, Tamilla Məmmədova, müəllimlər Xanım Məhərrəmova və Ülviyyə Kazımova tərəfindən keçirilən və beş gün davam edən dərslərdə Uşaq musiqi və incəsənət məktəblərinin 300-ə yaxın  fortepiano müəllimi və onların yetişdirdiyi istedadlı şagirdlər iştirak edib.

Dərslər Azərbaycan Milli Konservatoriyasında, T.Quliyev adına 12 nömrəli, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəblərində,  Bakı musiqi kollecində və yenidən əsaslı təmirdən çıxan Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbində baş tutmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev öz çıxışında vurğuladı ki,  "Musiqi və İncəsənət məktəblərində təhsil alan şagirdlərin bədii-estetik  zövgünün inkişaf etdirilməsi, dünyagörüşünün artması və gələcəkdə istedadlı sənətkarların, korifeylərimizin  yetişməsində bədii təhsil ocaqlarımızın rolu danılmazdır".

Sonda məktəbin direktoru Nazifə Əliyeva təşkilatçılara öz minnətdarlığını bildirdi. Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən sertifikatlar təqdim edilib. Dərs deyən müəllimlər isə diplomlarla təltif olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31