Çox maaş, yoxsa sakit beyin? – Ekspertlər 4 günlük iş rejimindən danışır

Çox maaş, yoxsa sakit beyin? – Ekspertlər 4 günlük iş rejimindən danışır

"Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqinin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib: "Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər".

Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Bayramov Azadinform-a danışıb: "Avropa Birliyinə daxil olan ölkələrlə yanaşı, bir çox ölkələrdə 4 günlük iş rejiminə keçmək müzakirə edilir. Amma hələlik Avropa Birliyinə üzv olan ölkələrdə belə bununla bağlı qərar verilməyib. Çünki bunun iqtisadi cəhətdən əsaslandırılması həyata keçirilməyib. 4 günlük iş rejiminə keçmənin müsbət və mənfi tərəfləri mövcuddur. Belə ki, məsələnin müsbət cəhəti ondan ibarətdir ki, bu, işçilərə daha çox istirahət etmək imkanı verəcək. Belə hesab edilir ki, işçinin daha çox istirahət etməsi onun növbəti həftədə daha çox məhsuldar olmasına gətirib çıxaracaq. Amma bu məsələ ilə bağlı yanaşmalar da müxtəlifdir".

Ekspertin sözlərinə görə, iş saatının azalması istehsalata birbaşa təsir göstərəcək: "Məsələnin mənfi cəhəti budur. Belə ki, praktik olaraq həftədə işçi daha az işləyəcək və daha az məhsul istehsal edəcək. Digər neqativ tərəfi isə psixoloji məqamlarla izah edilir. Belə ki, bəzi psixoloqlar hesab edirlər ki, iş gününün az olması növbəti həftə işçinin məhsuldarlığını artırmır, əksinə, azaldır. Çünki istirahət günlərinin sayı nə qədər çox olursa, bu, işçinin passivləşməsi ilə nəticələnə bilər".

V. Bayramov əlavə edib ki, Azərbaycan üçün əsas məsələ 5 günlük iş rejiminin qorunub saxlanılmasıdır: "5 günlük iş həftəsi olduğu qeyd edilsə də, əksər dövlət qurumlarında şənbə günü də iş olur. Bəzi özəl şirkətlərdə bazar günü də iş olur. Bu səbəbdən də Azərbaycana 4 günlük iş rejiminə keçilməsindən çox, mövcud 5 günlük iş rejiminin real olaraq tətbiq edilməsi və işçilərin əmək hüquqlarının qorunmasıdır. Nəticə etibarilə bu gün 5 günlük iş rejimi olsa da, işçilərin əmək hüquqları qorunmur".

4 günlük iş rejiminə keçmənin psixoloji tərəfləri haqqında danışan psixoloq Aydan Nəzərova isə bildirib ki, 5 gün, hətta şənbə günü də yarı iş günü kimi işləyən valideynlər var: "Belə valideynlərin ailələrinə ayıracaq vaxtları olmur. Əslində bu onlar üçün sevindirici bir xəbər olar bilər. Bu yolla ailəsinə, övladına daha çox vaxt ayıra biləcək. Məsələn ola bilər ki, səhər gedib axşam işdən sonra bəzi işləri görə bilmirsən. Yaxud da hansısa işi gündüz etməlisən, amma axşam evə gəldikdən sonra onu edə bilmirsən. Bu baxımdan daha yaxşı olar. Bir uşaq psixoloqu olaraq düşünürəm ki, bu uşaqlar üçün daha cəlbedici olacaq. Çünki uşaqlar valideynlərini daha çox görə, zaman keçirə bilər. Digər tərəfdən isə məsələnin maddi tərəfi var. İnsanlar düşünə bilər ki, 4 günlük iş rejiminin 5-6 günlük iş rejiminin məvacibi arasında fərq olacaq. Bu baxımdan aşağı motivasiyaya köklənə bilərlər. Amma psixoloji tərəfdən baxdıqda beynin dincəlməyə, yaxud ailəsinə zaman ayıracağı baxımdan yaxşıdır. Ümumiyyətlə, ola bilər ki, insanlar indiki iş rejimində həftə sonuna yaxınlaşdıqda çox sevinirlər. Amma həftənin ilk günü gəldikdə üzülürlər. Yəni bu kimi hal 4 günlük iş rejimi də olsa yaşanacaq. Maddi tərəfdən yanaşdıqda sıxıntılar ola, gərginləşə bilərlər. Amma psixoloji tərəfdən isə beynin dincəlməyi baxımından müsbətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31