Dövlət başçısından mediaya maraqlı mesaj

Dövlət başçısından mediaya maraqlı mesaj

Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması və bununla da ölkədə peşəkar medianın formalaşdırılması dövlətimizin jurnalistika ilə bağlı siyasətinin prioritetlərindəndir. Müstəqil Azərbaycanda azad mətbuatın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi siyasətçi mətbuatın inkişafı, azad medianın formalaşması, jurnalistlərin peşəkarlığının artırılması üçün gərəkən addımları atıb, müvafiq qərar və sərəncamlar verib. Ulu öndərin milli dövlət quruculuğunda azad mətbuatın bərqərar olması ilə bağlı siyasəti son 14 ildə Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə aparılıb, ciddi layihələr reallaşdırıb. Reallıqdır ki, ölkəmizdə 5 mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, "az" domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 25-30 mini ötüb. Azərbaycanda 10 milyon əhalinin 80 faizdən çoxu internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir. Bu gün dövlət başçısı Azərbaycanın səmərəli idarəçiliyində milli media ilə əməkdaşlığa çox mühüm faktor kimi baxır. Mediaya dövlət mexanizminin gündəlik, fasiləsiz fəaliyyəti təmin edilir, sosial dəstəyə fərdi ehtiyacı olan jurnalistlərə kömək göstərilir. Bu dövlət başçısının ölkə mediasına və milli jurnalistlərimizin rəyinə nə qədər hörmətlə yanaşmasının göstəricisidir. Peşəsinə sadiq jurnalistlərin toplaşdıqları media orqanları  müstəqil şəkildə heç bir qərəzə köklənmədən nöqsanlar, çatışmazlıqları diqqətə çatdırılmasına çalışırlar. Lakin bundan sui-istifadə edən "reket jurnalistlər" də mövcuddur. Onlar  mətbuatdan "qara piar" kampaniyalarının aparılması üçün istifadə edir. Onların əsas məqsədi dövlətin və xalqın milli maraqların qarşı çıxmaq,  ictimai rəyin aldadılmasına şərait yaratmaqdır. Məhz Azərbaycan Respublikasının Prezidentinin oktyabrın 15-də keçirdiyi müşavirədə ölkədə reallaşdırılan islahatların iqtidarda olan bəzi şəxslərin mənafeyinə toxunduğunu, həmin şəxslərin öz istək və maraqlarını təmin etmək üçün mətbuatda qarayaxma kampaniyası apardıqlarını önə çəkdi. Cənab prezident xüsusi olaraq vurğuladı ki, ölkə daxilində islahatların keçirilməsinə mane olanlar var: "Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur".

Ümumiyyətlə son illər Azərbaycanda "reket" jurnalistika ilə mübarizə nəticəsində bir neçə mətbuat orqanının fəaliyyəti yasaqlanıb və onların rəhbərləri cinayət məsuliyyətinə cəlb olunub. Təəssüflər olsun ki, Azərbaycanda "reket" jurnalistika ilə məşğul olanların sayı durmadan artır. Bu qüvvələr ölkədə medianın azad olmasından sui-istifadə edib, dələduzluq fəaliyyətlərini genişləndirmək məqsədi güdürlər. Belə fəaliyyətin qarşısının alınması üçün Mətbuat Şurası (MŞ) və hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.

Dövlət başçısının da bildirdiyi kimi, ortaya çox ciddi siyasi iradə qoyulub - "Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq".

Bütün bu addımların əsas məqsədi Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, media sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirməkdir.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31