Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 2019 16:02 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib.
"OLAYLAR"-a İdarədən bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunan konfranslar, mühazirə və "Dəyirmi masa"lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, intellektual oyunlar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
"18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü", "Yaşa Azərbaycan!", "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi əbədidir!", "Müstəqilliyimiz milli sərvətimizdir!", "Vətən mənim bugünüm", "Müstəqil Azərbaycan", "Müstəqilliyimiz əbədidir!" adlı tədbirlərdə BŞTİ-nin, rayon icra hakimiyyətlərinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər 28 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini və bu sənədin tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu bildiriblər.
Tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.