Azərbaycan-Koreya münasibətləri inkişaf edir

Azərbaycan-Koreya münasibətləri inkişaf edir

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının sədri Mun Hi-Sanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, sədr bildirib ki, Azərbaycanla Koreya oxşar mədəniyyəti, adət -ənənələri və dəyərləri bölüşür. Ölkələrimiz arasında siyasi əlaqələrlə birlikdə iqtisadi əlaqələr də inkişaf edir. Dost Koreyanın bir çox şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bugünədək iki ölkə arasında  62 hüquqi sənəd imzalanmışdır. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olmuşdur. Bu səfərlər zamanı bir sıra mühüm sazişlər imzalanmışdır.

Sədr diqqətə çatdırdı ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Bu göstəricilərin daha  da artması üçün görüləcək işlər çoxdur. İqtisadi əlaqələrimizin inkişafı üçün Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya yaradılmışdır.  Azərbaycanda 67 Koreya investisiyalı şirkət qeydiyyatdan keçmişdir. Azərbaycan Koreyaya 427 milyon, Koreya isə Azərbaycana 185 milyon dollar həcmində investisiya yatırmışdır. Azərbaycanın tərəfdaşları ilə bərabər həyata keçirdiyi Bakı-Tbilisi-Qars nəqliyyat layihəsinin tranzit imkanlarından Koreyanın da faydalanması iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə təkan verə bilər.  Sədr bildirdi ki, ikitərəfli münasibətlərin inkişafına hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları da öz töhfələrini verir. Dostluq qruplarının qarşılıqlı səfərlərinin intensivliyinin artırılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sədr Koreyanı da Macarıstan kimi Türkdilli Ölkələrin Parlament Assambleyasında müşahidəçi qismində iştirak etməyə dəvət etdi.  

Onu Azərbaycana dəvət etdiyinə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirən Koreya Milli Assambleyasının sədri Mun Hi-Sanq Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, aparılan islahatları yüksək qiymətləndirdi. Bildirdi ki, Koreya informasiya texnologiyaları sahəsində öz təcrübəsini Azərbaycanla bölüşə bilər, Azərbaycanın isə təbii resursların istifadəsi təcrübəsindən bəhrələnə bilər.  Qonaq diqqətə çatdırdı ki, Azərbaycan Koreya üçün mühüm əhəmiyyət kəsb edir və ölkəsi TürkPA-da müşahidəçi qismində iştirak etmək niyyətindədir. Koreya Cənubi Qafqazın bu bölgəsinə - Azərbaycana xüsusi maraq göstərir və gələcəkdə də əlaqələrini dərinləşdirmək istəyir.

Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələri barədə məlumat verildi. Qeyd olundu ki, artıq 25 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Sonra görüşdə Azərbaycanla Koreya Respublikası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31