Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmi hazırlanacaq

Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmi hazırlanacaq

Ceyhun Bayramov: "4 min şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedicidir"

Oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Təhsil Nazirliyinin ənənəvi mətbuat konfransı keçirilib.

Olaylar.az xəbər verir ki, mətbuat konfransının məqsədi Azərbaycan  Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılması idi.

Konfransda çıxış edən Təhsil Naziri son bir ildə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini bildirib.

Nazir qeyd edib ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir bildirib ki, təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. Təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən mütləq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini də qeyd etməliyik.

Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir:

"Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb".

"Son 5 ildə məktəblərin müəllim heyəti keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub"

Nazir diqqətə çatdırıb ki, müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində xeyli iş görülüb.

"Həyata keçirilən bütün tədbirlər cəmiyyətdə müəllimlərin işə qəbulunun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb".

STEAM layihəsi haqqında məlumat verən nazir qeyd edib ki, növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur: "STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə həyata keçirilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir.

STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib".

"Dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır"

Nazir bildirib ki, hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir. Hazırda dərsliklər üçün fərqli istifadə istifadə müddətinin tətbiqi üzərində iş aparılır: "Biz bunu çox yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdıracağıq . Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Elə dərsliklər var ki, onlar daha az, elə dərsliklər var ki, çox istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək".
Onun sözlərinə görə, ibtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb. Bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir. Onlar özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək.

"4 min şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedicidir"

Ceyhun Bayramov qeyd edib ki, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var: "Meyarlara əsasən orta ümumtəhsil məktəblərində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".

Azərbaycanda 1 milyondan çox şagirdin təhsil aldığını deyən nazir qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyib, yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak etməyiblər.

"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil".

Nazirin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri ilə bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir:

"Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemlərə əsasən kortəbii tikinti aparılan ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur".

"Hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur"

Nazir qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən və normativlərə uyğun olaraq, ali təhsil müəssisələri hazırlıq qrupları təşkil edə bilər. Hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə maraqlı tələbələr tərəfindən müraciətlər daxil olmalıdır. Qanunvericiliyə əsasən, hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur: "Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən, hərbi xidmət keçməlisən. Ali təhsilin bakalavriat və magistraturaya qəbul olan tələbələr möhlət hüququ qazanırlar".

Hazırlıq qruplarında oxuyanların təhsil haqqına gəlincə, nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: "Çünki hazırlıq qruplarına qəbul və orada təhsil almaq dövlət sifarişi ilə həyata keçirilmir. Deməli, bu, ödənişli əsaslarla həyata keçirilir. Ödənişli əsaslarla olduğu üçün təhsil haqqının məbləği təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir".

"Məktəblərdə dinin tədrisi nəzərdə tutulmur"

Ceyhun Bayramov bildirib ki, Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən məktəblərdə dinin tədrisi nəzərdə tutulmur. Onun sözlərinə görə, orta məktəblərdə "Həyat bilgisi" fənni keçirilir: "Bu fən və bir sıra fənnlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var. Yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq".

"Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı narazılıqlara görə direktorlara xəbərdarlıq olunub"

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı həll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin 2 faizi qədərdir. Nazirin sözlərinə görə, proses yeni olduğu üçün 2 faizin səbəbləri arasında bir sıra subyektiv və obyektivlik amillər var: "Misal olaraq, gecikmə halları direktorun səhlənkarlığı ucbatından baş verib. Drektor bu işi nəzarətə götürmədən texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı.

Elektron sistemdə bir sıra təkmilləşdirmələr edilib. Sistem elektron olduğundan burada insan faktorunun müdaxiləsindən söhbət gedə bilməz. Proses ilk dəfə icra olunandan bir həftə sonra nazirliyə bir çox müraciətlər daxil oldu. Bakı Şəhər üzrə Təhsil İdarəsinin qarşısına çoxsaylı insan gəlib deyirdi ki, yerdəyişmə prosesi ləngiyir və səbəbləri ilə maraqlanırdılar. Elektron sistem mövcud olmasaydı bu məsələ ilə bağlı narazılıqların həcmini müəyyən edə bilməzdik".

C.Bayramov əlavə edib ki, proses yazılı formada həyata keçirilən zaman meydana çıxan narazılıqlardan yalnız Təhsil Nazirliyinə daxil olan vətəndaş şikayətlərindən xəbər tutulurdu: "Bəzən problemlərlə üzləşənlər heç müraciət də etmirdi. Bu səbəbdən də real vəziyyətlə bağlı heç məlumatımız da olmurdu. Elektronlaşmadan sonra biz insanların problemlərini bilib, həll yollarını birgə müzakirə edə bildik".  

"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Nazir bildirib ki, təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir, amma yeganə dəstək forması deyil: "Əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək. Mövcud qanunvericiliyə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqının hesabına təşkil edilir. Dövlət hesabına təhsil alanların təhsil haqqını dövlət ödəyir. Son 1 il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artım baş verib. 2019-cu ildə bu cür təhsil alanların sayı 66 faiz artıb. Lakin ödənişli təhsil alan tələbələrin ödədiyi təhsil haqqları ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər. Təhsil Nazirliyi olaraq ali məktəblərə tövsiyə etmişik ki, təhsil haqqı ödənişlərinin dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxsınlar. Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar".

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31