Siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdir
16 Oktyabr 2019 16:51 SosialÖlkəmizdə demokratiyanın inkişaf etdirilməsi, onun tələb etdiyi prinsiplərin qorunması, təmin edilməsi istiqamətində zəruri addımlar atılır, başlıca prioritet hesab edilir. Demokratiyanın əsas prinsipləri olan fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunmasıdır. Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edildiyini söyləmək mümkündür. Bu gün ölkədə yüzlərlə gündəlik və həftəlik qəzetlərin işıq üzü görməsi, istər paytaxt, istərsə də regionlarda müstəqil televiziya kanallarının fəaliyyət göstərməsi, dövlətin, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə, onların azad və müstəqil şəkildə fəaliyyətinə göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı məqsədilə dövlət vəsaitinin ayrılması bunun başlıca göstəricisidir.
Azərbaycan siyasi plüralizmi dövlət siyasətinin ana xətti kimi qəbul edir. Bu gün Azərbaycanda həm siyasi, həm dini, həm də mədəni plüralizm mövcuddur. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi deməkdir. Ölkədə çoxsaylı partiyaların mövcudluğu, həmin siyasi partiyaların müxtəlif təmayüllü və siyasi görüşlü olması, qanunverici orqan sayılan Milli Məclisdə onlarla partiyanın təmsil olunması, bunların bariz nümunəsidir.
Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri inkişaf etməyə başlayır. Siyasi plüralizmin bir cəmiyyətdə mövcudluğunu, uğurlu inkişafını təsdiqləyən ən vacib və yeganə faktor ictimai-siyasi təsisatların tam sərbəst fəaliyyətindən ibarətdir. Ölkəmizdə mövcud olan bütün siyasi təsisatların cəmiyyətə, qurumlara birbaşa çıxış imkanı var. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları heç bir maneə ilə üzləşmədən layihələrini həyata keçirir, müxtəlif təşəbbüslər irəli sürürlər. Bu gün ölkəmizdə həm siyasi partiyalara aid, həm də müstəqil şəkildə yüzlərlə media orqanı fəaliyyət göstərir.
Ölkəmizdə hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşmasına, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər. Bu gün siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdi. Paytaxt Bakı siyasi plüralizm meydanına çevrilib.
Azərbaycan mətbuatı bu gün öz inkişafının ən yüksək səviyyəsindədir. Azərbaycan hakimiyyəti 1993-cü ildən mətbuatımızın "Azərbaycan" nəşriyyatına borcunu silib. "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun qəbul olunub, senzura ləğv edilib. Qəzet və jurnalların, elektron medianın sayı ildən-ilə artır. Mətbuata yaradılan demokratiyadan bütün media əhli yararlanır. Söz və mətbuat azadlığı qorunur. Azərbaycanda medianın inkişafını əngəlləyən heç bir maneə, onun inkişafı ilə bağlı heç bir problem yoxdur.
Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər bir sahə kimi KİV-in də inkişafı əsas diqqət mərkəzində oldu. Xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən medianın inkişafına xüsusi olaraq diqqət artdı. Qısa zamanda sovet dövründən qalan senzura ləğv edildi, ölkədə müstəqil mətbu orqanlar yaradıldı. Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.
Ulu öndər Heydər Əliyevin media ilə bağlı siyasi kursunu bu gün onun layiqli varisi prezident İlham Əliyev uğurla davam etdirir. Davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur. Bu məsələyə toxunan dövlət başçısı "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər" - deyib.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə media sektorunun inkişafı yönündə fundamental addımlar atıldı, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə əsaslı nailiyyətlər əldə edildi. Müasir Azərbaycan mətbuatı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünya mediasına inteqrə olunma mərhələsindədir. Bu prosesdə əsas iş mətbuatla bağlı qəbul edilən qərarlar, eyni zamanda mətbu orqanlara dövlət tərəfindən verilən maddi və mənəvi dəstək birmənalı şəkildə böyük rol oynayır.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər media sektorunun inkişafını sürətləndirən amillərdəndir. Bir faktı da qeyd etmək yerinə düşər ki, KİVDF-nin fəalliyyəti də olduqca şəffafdır. Fond son illər fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Burada dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitədir. Kütləvi informasiya vasitələrinin bu xüsusiyyətləri onları dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından birinə çevirir. Dövlətin informasiya siyasəti dedikdə, dövlət orqanlarının informasiya sektorunun inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti başa düşülür. İnformasiya sektoru telekommunikasiya, informasiya sistemlərini və kütləvi informasiya vasitələrini, habelə hər növ informasiyaların yaradılması, mühafizəsi, işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və münasibətlərin məcmusunu əhatə edir. Müasir kütləvi informasiya vasitələri nəinki dünya hadisələrini çevik işıqlandırır, həm də informasiyanın təhlili ilə məşğul olur, onu süzgəcdən keçirir və məqsədli şəkildə seçərək istifadə edir.
Bu gün cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş proqram, layihə və sairin həyata keçirilməsi, fikir, söz və məlumat azadlığı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi və tətbiqi, kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi kimi metodlar mövcuddur ki, onlar Azərbaycan mətbuatında geniş tətbiq olunmaqdadır.
Bu gün Azərbaycanda söz və fikir azadlığının təminatşısı kimi çıxış edən qanunvericilik bazası mövcuddur. Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də söz və fikir azadlığına şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir