30 ilin qoca “Azərbaycan”ı

30 ilin qoca “Azərbaycan”ı

Oktyabrın 16-da Park Inn oteldə 100 il əvvəl Şərqin ilk və müstəqil cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin varisi kimi milli, demokratik ənənələrin daşıyıcısı olan "Azərbaycan" qəzetinin 30 illiyi qeyd olundu.

Olaylar.az bildirir ki, tədbirdə ziyalılar, partiya və ictimai təşkilatların rəhbərləri, media nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Sabir Rüstəmxanlı qəzetin yaranma tarixi haqqında iştirakçılara məlumat verdi. Bildirdi ki, 2020-ci ildə Azərbaycan mətbuatının yaranmasının 145 yaşı tamam olacaq: "Bu o qədər uzun tarix olmasa da, Azərbaycan mətbuatı çox böyük inkişaf yolu keçib. Mən Azərbaycan mətbuatını dörd mərhələyə bölərdim. Birinci mərhələ" Əkinçi" qəzeti mərhələsidir ki, bu dövrdə Həsən bəy Zərdabi milli mətbuatın yolunu müəyyənləşdirib. İkinci mərhələ "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının çıxdığı mərhələdir. Üçüncü mərhələ 1918-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə çıxan "Azərbaycan" qəzeti dövrü idi. Qəzet əvvəl Gəncədə fəaliyyətə başladı, daha sonra Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Bakıya köçəndən sonra qəzetin redaksiyası da Bakıya köçdü. Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğrayanda qəzet də bağlandı. Daha sonra "Azərbaycan" qəzeti Cənubi Azərbaycanda çıxdı. Dördüncü mərhələ isə "Azərbaycan" qəzetinin özünü bərpa elədiyi dövrdür".

S. Rüstəmxanlı "Azərbaycan" qəzetinin 1989-cu ildə bərpa olunması tarixindən də bəhs edib: "Biz o dövrdə İsmayıl Şıxlı, Bəxtiyar Vababzadə, Şirməmməd Hüseynov və başqalarının dəstəyi ilə Qarabağ Xalq Yardımı Komitəsini yaratdıq. Mən də Komitənin tərkibində çıxan "Azərbaycan" qəzetinin baş redaktoru oldum. Qəzetin ilk nömrəsi oktyabrın 5-dən 6-a keçən gecə çıxdı və bütün ölkədə böyük marağa səbəb oldu. Əvvəllər qəzetin tirajı 100 min idisə, sonralar 500 minə çatdı".

"Qəzetin birinci redaktoru Üzeyir Hacıbəyli yazırdı ki, biz firqə qəzeti buraxmırıq, istiqlal qəzeti buraxırıq. Bizim qəzet də Qarabağ Xalq Yardımı Komitəsinin tərkibində çıxsa da milli fikrin və demokratik düşüncəsinin inkişafına öz töhfəsini verirdi. Təsadüfi deyil ki, qəzetin 7 üzvü sonralar müstəqillik aktına imza atanların içərisində yer aldılar", - deyə Xalq şairi bildirib.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov  "Azərbaycan" qəzetinin bir məktəb olduğunu vurğulayaraq, qəzetin Azərbaycan jurnalistikasında özünəməxsus yer tutduğunu bildirib. O, 1989-cu ildə "Azərbaycan" qəzeti ilə əməkdaşlıq etmiş jurnalistləri Mətbuat Şurasının fəxri diplomları ilə təltif edib.

1991-1992-ci illərdə qəzetin baş redaktoru olmuş Şərif Kərimli  bildirdi ki, 1991 -ci ildə Azərbaycan Respublikası müstəqillik qazanmamışdan düz 2 il öncə 1989 -cu ildə nəşrə başlayan "Azərbaycan" adlı mətbu orqanı öz müstəqilliyini elan etdi: "Bu təsadüfi deyildi. Azərbaycan müstəqillik aktına qol çəkən millətimizin görkəmli ziyalılarının 7 nəfəri "Azərbaycan" qəzetinin redaksiya heyətində təmsil olunmuşdu. "Azərbaycan" qəzeti köhnəliklə yeniliyin savaş səngərində idi. Bu elə bir səngər idi ki, onun bir tərəfində xalqımızın mənfur düşmənləri, imperiya quzğunları, digər tərəfində isə imperiya qüvvələrinin nökərinə çevrilmiş qılaflı satqınlarımız vardı. Gah açıq düşmənlə vuruşur, gah da hər an arxadan zərbə vurmağa fürsət gözləyən maskalanmış düşmənlərlə."

Şərif Kərimli qeyd etdi ki, təsisçinin redaksiya heyətinin fəaliyyətinə yersiz müdaxilələrinin qarşısını almaq məqsədilə Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq təsisçi ilə redaksiyanın səlahiyyətlərini müəyyənləşdirən müqavilə hazırlamışdıq: "Münasibətlərimizi hüquqi müstəvidə tənzimləməyə səy göstərmişdik. Ancaq nə faydası, həmin müqavilənin ortasından bir belə, bir də belə cırıb zibil yeşiyinə atdılar.

"Azərbaycan" qəzeti yeni qəzetçilik məktəbinin əsasını qoydu. Bu məktəbdən bəhrələnən onlarla qəzet uzun müddət bu ənənələri yaşadıb, bəziləri indi də həmin ənənələrə sadiq qalaraq fəaliyyətlərini davam etdirirlər. "Azadlıq", "Aydınlıq", "Müxalifət", "Ədalət", "Ayna", "Zerkalo", "Səhər", "Vətən səsi", "İki sahil", "Şərq", "Sabah", "Borçalı" və s. və i. a.

Hesab edirəm ki, "Azərbaycan" qəzetinin yaradıcıları istiqlaliyyət mükafatlarının tam kavaleri olmağa layiqdirlər. Fəqət biz bunun əksini görürük. Qəzetin 1989-1992-ci illər dövrünü bəzən tarixdən silməyə cəhd edənlər də olur.

1992-ci ildə ölkədə mətbuat bolluğu yaranarkən Sabir Rüstəmxanlı mətbuat naziri idi. Qəzetə mən rəhbərlik edirdim. Etiraf edim ki, Sabir müəllim nazir işləsə də heç vaxt qəzetlə əlaqəsini tamam üzməmişdi.

Daxili siyasi çəkişmələr "Azərbaycan" qəzetindən də yan keçmirdi. Mövqeyimizi nə qədər neytral saxlasaq da qəzetə qarşı aşağıdan və yuxarıdan qısqanclıqlar artırdı. Açığı, bu bizi çox narahat edirdi. Yaradıcı kollektivlə düşünüb-daşındıq və fikrimizi Sabir müəllimə bildirdik. O dərhal bu fikrə şərik olduğunu bildirdi. Fikir isə bundan ibarət idi: Cümhuriyyət dövründə qəbul olunmuş himni, gerbi, bayrağı müstəqillik dövründə bərpa etdiyimiz halda nə üçün 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti olmuş "Azərbaycan" qəzetinin əvvəlki statusunu qaytarmayaq?"

Prezidentlə, Milli Məclisin sədri, Baş nazirlə, müşavirlərlə görüşüb təkliflərimizi bildirdik. Sağ olsunlar, bizi çox

diqqətlə dinlədilər, fikrimizə çox həssas yanaşdılar. Haqqımızı danmadılar. Və... Milli Məclisin qərarı ilə "Azərbaycan" qəzetinin əvvəlki statusu bərpa olundu.

Razılaşmamıza görə "Azərbaycan" qəzetinin bütün əməkdaşları yeni redaksiyada təmsil olunmalı idilər. Lakin təəssüflə vurğulamaq istəyirəm ki, bu gün "Azərbaycan" adı ilə fəaliyyətini davam etdirən həmin qəzetin redaksiyasında 1 nəfər belə "köhnə "Azərbaycan"lı yoxdur."

Tədbir çıxışlarla davam edib.

Nigar Adil

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31