Çelyabinskdə qəzaya düşüb həlak olan biznesmen Azərbaycanda dəfn olunacaq- YENİLƏNİB
Çelyabinskdə qəzaya düşüb həlak olan biznesmen Azərbaycanda dəfn olunacaq
16 Oktyabr 2019 15:25 SosialRusiyanın Çelyabinsk vilayətində ötən gün qəzada həlak olan nüfuzlu azərbaycanlı biznesmen Əlişah Süleymanovun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.
Bu haqda Çelyabinskdəki azərbaycanlı diasporundan bildiriblər.
Əlişah Süleymanov Uralda ən iri biznesmenlərdən hesab edilirdi, onun konditer fabriki,tikinti şirkəti, qida məhsulları şirkəti olub, heyvandarlıqla məşğul olub, bir neçə kolxoz saxlayıb. Faciə isə diaspor nümayəndələrinin bildirdiyinə görə, biznesmenin kolxozlardan birində yoxlamadan qayıdarkən baş verib.
"O, tez-tez yoxlamalara gedirdi, qəlbi istehsalda idi, bütün bunlar onda uğurlu alınırdı. Növbəti yoxlamadan qayıdanda qəzaya düşüb. Sürücü ilə gedirdi, maşın etibarlı idi. Təəsüf ki, heç nə xilas etməyib. Həmişə insanlara kömək edirdi, onun bir neçə min işçisi vardı, işçilərinə diqqətlə yanaşırdı. Çox yaxşı adamı itirdik, Çelyabinsk vilayəti üçün yeri doldurulması mümkün olmayan itkidir",-diaspor nümayəndəsi Rafail Qulimov bildirib.
Əlişah Süleymanovla vida mərasimi sabah Çelyabinskdə olacaq, daha sonra cənazə təyyarə ilə Azərbaycana yola salınacaq.
Virtualaz.org