Prezident İlham Əliyev: “Biz Azərbaycan reallıqlarını dünya mətbuatına çıxarmalıyıq”

"Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi

Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait hazırlanmış, leksikonumuzda media iqtisadiyyatı, media biznesi adlanan anlayışlar formalaşmış, qarışılıqlı inama istinad edən KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yaradılmışdır. Bu nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması isə tarixi reallıqdır.

Müasir informasiya, vətəndaş cəmiyyətinin, eləcə də, azad medianın əsası dəyərlər fikir, söz və məlumat azadlığıdır. Cəmiyyət demokratikcəsinə inkişaf etdikcə informasiya cəmiyyətinə keçid sürətlənir, informasiya mühitinin texnoloji komponentləri, informasiya resurslarının formalaşması, yayılması və istifadə sistemləri, informasiya telekommunikasiya infrastrukturu yaranır və inkişaf edir. Cəmiyyəti doğru, düzgün, obyektiv informasiyalarla məlumatlandıran, kütləvi informasiya vasitələri dövlət informasiya siyasətində həlledici təsisatlarından olub bir növ dördüncü hakimiyyət funksiyasını həyata keçirir. Dövlət orqanlarının informasiya, media sahəsində gördüyü tənzimləyici tədbirlər dövlət informasiya siyasətinin əsas mahiyyətini təşkil edir. İnformasiya sektorunda kütləvi informasiya vasitələri qəzet, jurnal, televiziya, radio kanalları, informasiya agentlikləri, telekommunikasiya-informasiya sistemləri, habelə, hər növ informasiyanın - xəbər, elmi, işgüzar, əyləncəli və s. məlumatların qorunması, istifadə edilməsi ötürülməsi ilə bağlı istehsalçı münasibətlərinin məcmusu daxildir.

Bu gün Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud gərgin ictimai-siyasi durum, xaos, anarxiya, özbaşınalıq digər sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Söz, fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi.

Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi Azərbaycan mətbuatında da ardıcıl inkişaf meyilləri müşaiyət olunmağa başladı. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradıldı. Ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası ulu öndər Heydər Əliyevin sovet dövründə milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür.

O dövrdə ulu öndərin milli mətbuatımızın inkişafı istiqamətində atdığı addımların əhatəsi yalnız texniki tədbirlərlə məhdudlaşmırdı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzular görünməyə, eşidilməyə başlandı. Kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar çərçivəsində Azərbaycan mətbuatında azad sözün ilk işartıları parladı. O illərdə mətbuat sosial ədalət uğrunda apardığı mübarizədə Heydər Əliyevin ən yaxın və etibarlı silahdaşına çevrilmişdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.

1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Belə ki, ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq ulu öndər 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

"Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.

Ölkə rəhbəri İlham Əliyev hələ 2013-cü ildə Milli Mətbuat günündə jurnalistlərin qarşısında çıxış edərkən bildirmişdir ki, müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verməlidir:  "Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.

Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir. Əlbəttə ki, daxildə bu problem kifayət qədər işıqlandırılır. Ancaq əsas məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata çıxaraq.

Son illər ərzində dövlət və ictimai qurumlar tərəfindən bu istiqamətdə önəmli addımlar atılmışdır, qeyri-hökumət təşkilatları da bu sahədə fəaldır. Mətbuat işçiləri də artıq xarici mətbuat orqanlarına çıxırlar. Biz bu mövzunu daha da geniş şəkildə işıqlandırmalıyıq. Dövlət öz dəstəyini verməyə hazırdır. Hesab edirəm ki, biz müxtəlif layihələr, qrantlar əsasında bu istiqamətdə öz fəaliyyətimizi daha da geniş şəkildə aparmalıyıq.

Xocalı soyqırımı ilə bağlı olan məlumatların xarici mətbuata çatdırılması böyük əhəmiyyətə malikdir. Son bir neçə il ərzində bir neçə ölkə artıq Xocalı soyqırımını soyqırımı kimi tanıyıbdır. Nəyin hesabına?! Ona görə ki, həm dövlət, həm ictimai qurumlar, ümumiyyətlə, cəmiyyət bu mövzunu daim diqqətdə saxlayır və bu, dünyada reallıqları əks etdirir.

Danışmağa da sözümüz vardır. Çünki Azərbaycan qısa müddət ərzində istənilən sahədə böyük, bir çox hallarda analoqu olmayan inkişafa imza atmışdır. Bu inkişaf indi beynəlxalq qurumlar tərəfindən daha da çox tanınır. Yəni, bunu inkar etmək olmaz. Bəzi antiazərbaycan qüvvələri buna nə qədər çalışsalar da, bunu inkar etmək, bunu görməmək mümkün deyildir. Biz Azərbaycan reallıqlarını dünya mətbuatına çıxarmalıyıq. Çünki siz jurnalistlər yaxşı bilirsiniz ki, çox aqressiv erməni lobbisi onların gücü olan ölkələrdə bizə qarşı təşkil edilmiş fəaliyyət aparır. Nə üçün?! Bir məqsədlə ki, sübut etsinlər və belə bir fikir yaratsınlar ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilmirlər və bilməyəcəklər. Ona görə Azərbaycan haqqında iftiralar, uydurmalar, həqiqəti əks etdirməyən məlumatlar vaxtaşırı xarici mətbuata ötürülür. Onlar öz şəbəkələri hesabına buna nail olurlar."

Prezident İlham Əliyev qeyd etmişdir ki, mətbuat çalışmalıdır ki, Azərbaycan reallıqlarını dolğun şəkildə xarici mətbuata çatdırılsın: "Bu gün bizim əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər ictimai sahədə, milli, dini dözümlülük sahəsində, istərsə də iqtisadi və xarici siyasət sahəsində. Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər, çatışmayan məsələlər vardır. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olurlar. Ancaq bununla bərabər, nailiyyətlər də kifayət qədər çoxdur.

Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan qısa müddət ərzində müstəqil dövlət kimi formalaşdı, gücləndi. Bu gün güclü potensiala malikdir, öz taleyini özü həll edir. Beynəlxalq aləmdə böyük nüfuza malikdir. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür. İqtisadi və sosial məsələlərin həllində bir çox ölkələr üçün nümunə ola bilər. İnkişaf etmiş ölkələrin meyarlarının bir çoxu artıq Azərbaycanda tətbiq edilibdir, xüsusilə iqtisadi sahədə. Yəni, deməyə sözümüz çoxdur. Sadəcə olaraq biz bu işləri daha çox əlaqəli şəkildə aparmalıyıq. Yenə də qayıdıram əvvəlki mövzuya, vətənpərvərlik, dövlətçilik duyğuları bütün başqa məsələlərdən üstün olmalıdır."

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31