Pampers sürəti...- Elçin Hüseynbəyli yazır
Pampers sürəti...-Elçin Hüseynbəyli yazır
14 Oktyabr 2019 14:27 SosialElçin Hüseynbətli
("Paralel dünyalar" silsiləsindən)
... Biz çox sürətlə gedirdik, sanki güclü külək bizi aparırdı və hansısa qüvvə əlimizdən tutub dartırdı. Sürət getdikcə artırdı. Karuseldəki kimi. Birdən məlum oldu ki, biz sürət qatarındayıq, axırda qarşımıza sınıq-salxaq avtomobillər, at arabası və fayton çıxdı, yavaşıdıq. Təzədən sürət artmağa başladı. Bu dəfə motorlu qayıqdaydıq. Kimlərsə bizi tutmaq, suya yıxmaq istəyirdi. Dumana düşüb görünməz olduq. Amma qorxmurduq.
Bizi öncədən xəbərdar eləmişdilər ki, heç kimdən heç nə soruşmayaq. Belə olsa, məqsədimizə tez çatarıq.
Bir də onda ayıldıq ki, Təlim dedi: "Mən acmışam!"
Sürət yox oldu. Sanki karusel qəfil dayandı.
Doğrudan da hər üçümüz acmışdıq. Bunu qarnımızın qurultusu, mədəmizin "simfoniyası", bağırsaqlarımızın dözümsüzlüyü də sübut elədi.
Harda olduğumuzu bilmirdik. Hava çiskinli, dumanlıydı.
Bir az getmişdik ki, hava açıldı. Biz bir meşədəydik...
Meşədəki ağaclar o qədər böyük idilər ki, başları, sanki göyə dəyirdi. Nəhəng arılar, quşlar ora-bura uçuşurdular. Bir sürü bizon yanımızdan tappatupla ötdü. Vaxtında duyuq düşməsəydik ayaqlarının altında qalıb xurd-xəşil olacaqdıq. Təhlükədən bizi Xalıq xəbərdar elədi.
-Bu səsdən gözüm su içmir, -dedi, - sanki qoşun gəlir, gəlin ağaca dırmaşaq.
Təbii, hamıdan tez o, ağaca dırmaşdı. Deyəsən, cökə ağacıydı. Biz də onun kimi elədik. Və bir neçə saniyədən sonra bizonlar gəlib keçdilər. Onların keçib getməsi bir xeyli çəkdi.
Təlim dedi ki, yəqin onlar su içməyə gedirlər. Amma Xalıqın fərziyəsi düz çıxdı:
-Onları, yəqin pələnglər qovur, mən kinolarda görmüşəm, -dedi.
Sari zolaqlılar bir azdan göründü. Nəfəsləri kəsilmişdi. Ona görə də birdən dayandılar. Ağacın dibinə uzanıb ləhlədilər.
Qorxumuzdan sarımızı udduq. Əgər duyuq düşsələr, bizi parçalayacaqdılar. Amma biz də o qədər acmışdıq ki, başqa vaxt olsaydı, onların ətindən kabab eləyib yeyərdik. Amma indi onlar, şübhəsiz bircə pəncəylə bizi parçalayardılar...
Bəxtimiz gətirdi. Dinclərini alandan sonra pələnglər harasa yox oldular... Onları, deyəsən, ağacdan sallanan meymunlar qorxuzdular. Amma zəndimiz səhv çıxdı. Sən demə, onları qorxudan nəhəng qorilla imiş. Qorilla bizim yanımıza çatanda əlini ağaca tərəf uzatdı. Elə bildim ki, Xalıqı tutmaq istəyir. Sən demə, Qorilla qaragilə qoparırmış. Fikir verdim ki, bizim çıxdığımız ağac cökə yox, qaragiləymiş. Biz də ona qoşulduq və qaragilədən dərib acgözlüklə yeməyə başladıq.
Qorilla bizi gördü, amma diksinib eləmədi, bizi soydaşlarına oxşatdı.
Bir az keçmiş meşənin dərinliyindən nərilti səsi gəldi və Qorilla sinəsinə döyə-döyə o istiqamətə qaçdı.
-Yəqin, sevgilisi onu çağırır, - Təlim gülə-gülə dedi və səsini xırp kəsdi...
Çünki ağacların arasından nəhəng şir başı göründü - meşə Kralı...
-Mənə pampers lazımdır, -Xalıq müticəsinə pıçıldadı.
Oktyabr, 2019