Cem Yılmazın Bakı konserti – "Bacaran güldürsün..."- Nigar Orucova yazır
Cem Yılmazın Bakı konserti – "Bacaran güldürsün..."-Nigar Orucova yazır
14 Oktyabr 2019 13:35 SosialNigar Orucova
Cem Yılmazın Azərbaycan konserti və biletlərin qiyməti gündəmdən düşmür. Məşhur komediyaçı konsertindən əvvəl müəyyən kütləni güldürməyə başlayıb. Həm də zarafat etmədən, sadəcə bilet qiymətləri ilə. Konsertin bilet qiymətlərini kəskin hədəfləyən üç cür kütlə var. Birinci kütlə məşhur gülüş ustasının öz diliylə desək hayranlarıdır. O kəslər ki, konsertdə iştirak etmək istəyir, lakin bahalı bilet qiymətləri onları bu zövqlərindən məhrum edir. İkinci kütlə Cem Yılmazı izləməyə onun komediyasını anlamağa çalışan ancaq gülə bilməyənlərdir. Bu kəslər, qara geyimli komediyaçının anlaşılmayan yumoruna bahalı qiymətlər qoyulmasını cəfəngiyyat hesab edir. Üçüncü kütlə isə ən təhlükəli olanlarıdır. Bu təhlükəli kütlənin toplanış yeri sosial şəbəkələrdir. Onlar məşhur gülüş ustasının bir konsertini, yaxud da konsertindən kiçik bir hissəni izləmədən bilet qiymətlərinə ehkam kəsilənlərdir. O kəslər ki, bilet qiymətləri ilə bağlı "yumoristik" statusları ilə özlərini böyük bir salonu doldurmuş komediyaçı kimi hiss edirlər. Bu kütlə Cem Yılmaza yumorun ən dərin, heç kimə aydın olmayan sirlərini belə öyrədə bilər. Hər üç kütləni birləşdirən bir məqam var: Narazılıq, yəni biletlərin baha olması. Lakin satışa çıxan kimi, xüsusilə də ön sıraların, yəni ən bahalı biletlərin tükənməsi maraqlı məqamdır. Yəqin gözlə görünməyən dördüncü kütlə də var, hansıkı ölkədə cəmi bir saata yüksək qiymətli biletləri alıb, bitiriblər.
Danılmazdır ki, Cem Yılmazın intellekti, yumor anlayışı kifayət qədər yüksək səviyyədədir və bu da bilet qiymətində öz əksini tapıb. Komediya ustası gördüyü iş ilə bu gün ölkəmizə konsert verməyə gələn popstarlardan heç də səriştəsiz deyil. Adam, ən azından yeni konsert proqramı ilə gəlir, bu da o deməkdir ki, köhnə mahnıları yeni versiyada ifa edən müğənnilərdən daha özəl iş görəcək. Həm də fonoqramla deyil, canlı danışıqla.
Onu deyim ki, komediya ustası dünyanın bir çox ölkələrində konsertlər verir və salonu kifayət qədər doldurur. Azərbaycanda olduğu kimi Türkiyədə də onun konserlətinə bilet qiymətləri bahalı olması ilə şikayətlənilir. Lakin yenə də, ön sıralara biletlər bir neçə saata bitib tükənir.
Deməli Cem Yılmaz sevilir. Ona görə yox ki, onun yaraşıqlı görünüşü, yaxud gözəl səsi var. Xeyr, o komediya ustasıdır, popstar deyil. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində yumorun ucuzlaşdığı, primitivləşdiyi bir vaxtda geniş auditoriyanı güldürməyi bacarır.
Necə? Tamaşaçıyla birlikdə özü də əylənərək. Səhnəyə çox yüksək enerji, əyləncəli əhval və sevinclə çıxır. İlk saniyədən tamaşçıya səmimiyyətini hiss etdirir. Şən və enerjili əhval-ruhiyyəni onu monitordan izləyən tamaşaçıya belə yoluxucu bir şəkildə ötürür. Bütün şoularında özünü gülməkdən həzz alan və digər insanları güldürməyə can atan biri kimi təqdim edir. Çünki özünü tamaşaçı ilə söhbət edən sıradan bir insan kimi qəbul etdirməyi bacarır.
Cem Yılmazın konsertlərini monitordan belə olsa böyük maraqla dəfələrlə izləyən biri kimi bu yaxınlarda onun haqqında ölkəmizdə yayılan bir hekayə diqqətimi çəkdi.
Cem Yılmaz konsertlərinin birində belə bir hekayə danışır: "Bir gün atam dedi ki, özümü yuxuda görmüşəm. Sənin yerinə səhnəyə çıxırdım. Soruşdum ki, nə etdin səhnədə? Deyir "heç soruşma, heç bir şey də edə bilmirəm həyəcandan. Uçaraq səhnədən uzaqlaşıram". Dedim, daha nə edəcəksən? Təsəvvür et, aylar əvvəl bilet alıb tamaşaya gedəcəksən. Hər kəs yığışıb. "Gəldinizmi? Gəldik. Hadi bakalım. Prrr" Belə bir şey ola bilərmi?"
Burada təəccüblü heç nə yoxdur. Komediya ustası bunu bütün konsertlərində edir. Hər şounun əvvəlində tamaşaçıların bahalı qiymətlərlə bilet aldığı məsələsini ortaya qoyur. Hətta buna lağ edir. Bu Cem tərəfindən qəsdən və məqsədli düşünülmüş bir hərəkətdir. Məqsəd odur ki, hələ tamaşaçılar öz ağıllarından "çox pul ödədik, çox gülə biləcəyikmi?" düşüncəsini keçirmədən usta komediyaçının bu mövzunu peşəkarlıqla əla alıb bitirməsidir. Pul məsələsi müzakirə olunduqdan sonra tamaşaçının daxili səsi rahatlanır və bu mövzunu konsert sonuna kimi ağlına gətirmir. Komediya ustası tamaşaçının onun nüfuzundan qaynaqlanan gözləntisini aşağı salmaq üçün özünü təndiq etmə metodundan istifadə edir. Tamaşaçını gözləntini yüksəltməməyə çağırır, lakin sona qədər keyfiyyətli yumor ortaya qoyur. Özünün də dediyi kimi, "Çox şey gözləməyin, onsuz da həyat qısadır, bu axşam sadəcə güləcəksiniz".
Cem Yılmaz sadəcə danışaraq deyil, bədən dili ilə də güldürür. Komediya ustası əvvəlcə müşahidə etdiyi insanları və vəziyyətləri sadə, amma, mükəmməl keyfiyyətlə təsvir edə bilir. Düşünürəm ki, bunun da bir səbəbi onun vaxtilə karikaturaçı olmasından irəli gəlir. Cemin təsvir etdiyi obrazlar gündəlik həyatımızda qarşılaşdığımız, yaxud haqqında eşitdiyimiz sadə insanlardır. Cem bu personajlara mimika, səs və bədən dilindən peşəkarlıqla istifadə etməklə həyat verir.
Komediya ustası, yüksək zəkası ilə yanaşı səsi, bədən dili, sadə mimikaları ilə təkbaşına böyük səhnələrə geniş auditoriya toplayır. 82 milyonluq bir nüfuza sahib olan ölkədə ən yaxşı 3 komediyaçıdan biri hesab edilir (hətta birincisi) və sevənləri tərəfindən türk insanın kədərli vaxtlarının anti-depresiyası adlandırılır.
Bu yazı Cem Yılmazın reklam təbliğatını daşımır. Sadəcə bu gün ölkəmizdə belə bir yumor səviyyəsinə malik olan komediya ustasının olmaması reallığını əks etdirir. Bu artıq başqa mövzudur...
Yüksək zəka deyil, ucuz və bayağı mövzular üzərində qurulan yumor tamaşaçı zövqünü korlamağa xidmət edir.
Bəlkə də təkbaşına böyük bir sarayı doldura biləcək komediyaçılarımız var, lakin usta deyillər.
Əgər siz ustalıqla güldürməyi bacarmısızsa, başqalarına da mane olmayın...