Brokonyerlərə qarşı mübarizə gücləndirilir
11 Oktyabr 2019 18:06 SosialEkoloji cinayət hadisələri təbiətə 42 min manat ziyan vurub
Oktyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində ölkədə balıq ehtiyatlarının artırılması, qorunması, brokonyerlərin qarşısının alınması, akvakulturanın inkişafı istiqamətində görülmüş işlərlər bağlı dəyirmi masa keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, bu gün ölkədə balıqçılığın tənzimlənməsi, balıq ovu qaydalarına riayət edilməsi, balıqçılığın sivil yollarla aparılmasının təmin olunması ən aktual məsələlərdən biridir. Onun sözlərinə görə, bu sahədə aidiyyəti dövlət qurumları tərəfindən silsilə tədbirlər həyata keçirilir: "Əgər biz qısa tarixi təhlil etsək görərik ki, son bir-iki il ərzində ilk növbədə akvakulturanın, nohur balıqçılığının inkişafı sahəsində çox böyük addımlar atılıb. Uzun illər qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq təsərrüfatlarının inventarizasiyası, icazəsiz, xüsusən torpaq kateqoriyasına uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır. Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir və yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi və bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək. Adi bu fakt o deməkdir ki, bu təsərrüfatda işləyən insanlar təminat alacaq, minlərlə insanın qanuni və uzun müddətli işlə təmin olunması həyata keçiriləcək və bununla da qida təhlükəsizliyi məsələsi təmin olunacaq".
Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov qeyd edib ki, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin təyinatının bir hissəsi ekoloji cinayətkarlığa, brakonyerliyə, ov qaydalarının pozulmasına qarşı mübarizə, balıq və digər su bioresurslarının mühafizəsi sahəsində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir. Onun sözlərinə görə, ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və Respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində 2019-cu ilin 9 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 84 izibati xəta faktı aşkar edilib: "Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 45 ədəd qayıq, 241 tor, 9 mühərrik və başqa ov vasitələri, 9 ton 444 kq müxtəlif növ balıq, 4011 ədəd krevet və digər su bioresursları götürülüb. Cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulub, bundan istintaq zamanı 20 min manatı ödənilib. İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə ediliblər". Elmir Süleymanov bildirib ki, Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə polis əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilərək qeyri-qanuni, kustar üsulla hisə verilmiş balıq məhsulları hazırlayan şəxslər aşkar edilib, barələrində tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.
Nigar Orucova
Olaylar.az