Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının təmin olunmasına səbəb olub
11 Oktyabr 2019 16:36 SosialAzərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin yüksək səviyyədə olduğu heç kimdə şübhə doğurmur. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təhsilindən, peşəsindən, siyasi, dini və irqi mənsubiyyətindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının təmin olunmasına səbəb olub. Etiraf edilməlidir ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin ciddi səyi və təşəbbüsü nəticəsində mümkün olub. Belə ki, Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi. Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına çalışdı və ciddi addımlar atdı. Müstəqillik qazanan Azərbaycanda xaos, özbaşınalıq hökm sürdüyü bir məqamda uzaqgörən siyasəti ilə Azərbaycanı qısa müddətdə müstəqilliyini itirməkdən qurtaran Heydər Əliyev ölkənin iqtisadi inkişafı ilə yanaşı, demokratiyanın təməl prinsiplərindən olan fikir, söz azadlığı, insan hüquqlarının qorunması istiqamətində də ardıcıl addımlar atdı, Heç şübhəsiz ki, bu addımlar tez bir zamanda öz bəhrəsini verdi. Ulu öndərin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirdi. Dövlət başçısının 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. Ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlı oldu. Senzuranın ləğvi Azərbaycanda söz azadlığına möhtəşəm təkan verdi. Müstəqil media orqanlarının təsis edilməsinə törədilən əngəllərin aradan qaldırılması bu sahədə əməlli-başlı dirçəlişə səbəb oldu. Nəticədə Azərbaycanda söz və mətbuat azadlığı hər gün sürətlə inkişaf etdi. Bu gün demək olar ki, Azərbaycan mətbuatının inkişafı ilə bağlı heç bir problem yoxdur.
Hüquqşünas, sosial məsələlər üzrə ekspert Mirzə Manafov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır.
Ekspert Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı fərmanı xatırladıb. Bildirib ki, sənəddə konkret göstərilib ki, Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə edilməsi sahəsində müəyyən problemlər də mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur. Problemlərdən bir Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin fəaliyyəti ilə bağlıdır. Bu idarə sovet hökuməti vaxtında -27 oktyabr 1966-cı ildə yaranmış və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirmişdir. 1990-cı ilə dekabr ayının 5-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə onun yeni əsasnaməsi təsdiq edilsə də, əslində bu idarənin fəaliyyətində heç bir ciddi dəyişiklik baş verməmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci il aprel ayının 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiq etmək adı altında bu idarənin mətbuat üzərində nəzarəti daha da gücləndirilmişdir. Bundan sonra 15 aprel 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Ə. Elçibəyin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək, jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırılmış və idarənin fəaliyyəti daha da sərtləşdirilmişdir. Fərmanda həmçinin bildirilir ki, sonrakı illərdə "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunu qəbul edilmədiyindən bu idarənin fəaliyyətində əsaslı dəyişiklik baş verməmişdir. 15 noyabr 1996-cı ildə "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edildikdən sonra idarənin iş metodlarında ciddi dəyişikliklər aparılmışdır. Buna baxmayaraq bu idarə öz fəaliyyətini yeni şəraitə uyğun qura bilməmişdir. Lakin Azərbaycanda mətbuatın problemi təkcə bu deyil. Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynalxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir. Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşları vətənpərvərliyi yüksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə olmalıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. Hazırda Azərbaycanda söz, məlumat və fikir azadlığı ilə bağlı vəzityyət demək olar ki, demokratik baxımdan ən inkişaf etmiş ölkələrlə bərabər səviyyədədir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir