Qadına şiddət “qəhrəmanlığı”

Qadına şiddət “qəhrəmanlığı”

Dünyada geniş yayılmış bir mövzuya çevrilən və bütün cəmiyyətlərə dərin təsir göstərən qadınlara qarşı zorakılıq, xüsusən də son vaxtlarda ölkəmizdə tez-tez gündəmdədir. Zorakılıq dedikdə ağla gələn ilk şey, şübhəsiz ki, fiziki güc istifadəsinə əsaslanan qəddar qüvvədir, amma əslində şiddəti yalnız fiziki ölçüdə azaltmaq mümkün deyil. Fərdlərin zorakılığa meylliliyi ümumiyyətlə bütün cəmiyyətin bir məsələsidir. Çünki dünyada qadınlara qarşı zorakılıq, irqindən asılı olmayaraq din, dil, fərqi olmadan ümumi bir problemdir. Qadına yönəlik şiddətdə kişinin təhsil durumu və uşaqlıq dövründə ailəsindən fiziki və ya psixoloji şiddət görməsi onun gələcəkdə evlilik dönəmində həyat yoldaşına da şiddət tətbiq etməsi ilə nəticələnir. Uşaqların dünyasında valideynlər qəhrəman olurlar. Hər davranışlarında mənfi, ya da müsbət valideynlərindən nümunə götürürlər. Təəssüflər olsun ki, böyüklər ailədəki zorakılığı uşaqlıqdan öyrənirlər. Hər anlaşılmazlıqda cəzalandıran, hətta kiçik səhvləri də görməməzliyə vurmayan, cəza tətbiq edən, evdə daima ittiham və təhqirdən istifadə edən,valideyn uşağın sonrakı illərdə də eyni təcrübələri tətbiq etməsinə səbəb olur. Başqa sözlə, uşaq insanlarla anlayış dilini yox, insanlarla zorakılıq dilini öyrənir. Bugünkü qanlı  cinayətkarlar dünənin məsum uşaqlarıdır. Bu insanlar cəhənnəmi uşaqlıqdan görüb gələcəyə alov daşıyırlar. Qadın istəmədən evində qatil böyüdür. Böyüdür ki, gələcəkdə 20 bıçaqla başqa bir qadını öldürsün. Özünü, öz uşaqlarının gələcəyini məhv etsin. Uşaq göz açandan anasına, bacısına və yaxud ailənin böyüklərinə, atasına hansı münasibəti görürsə, o münasibəti də həyatında tətbiq edir. Unutmamalıyıq ki, zorakılığın heç bir forması şəxsi məsələdir və məişət məsələsi kimi baxılmağı və səssiz olmağı tələb etmir. Heç bir səbəb canlıya qarşı şiddət tətbiq edilməsini bəhanə edə bilməz. Buna görə qadınlara qarşı fərdi, sosial və zorakılığın qarşısını almaq üçün ən qısa müddətdə bütün zəruri addımlar atılmalı, məsuliyyətlər götürülməli və qadınlara qarşı ölüm və ölümlə nəticələnə biləcək zorakılıq hallarına son qoyulmalıdır.

Psixoloq Sevinc Məmmədova düşünür ki, şiddətin artmasına əsasən insanlarda olan mənəvi keyfiyyətlərin itirilməsi, ətrafda baş verən hər hala güclü emosional reaksiyanın verilməsi, hər kəsin sosial şəbəkələrdə daha çox vaxt keçirərək ailə dəyərlərini , ailə komfortunu arxa plana keçirməsidir.

"Hal - hazırda sosial qıcıqları həyat tərzinə çevirmiş ailələr durmadan artmaqdadır. Bu əsasən orta yaş böhranını yaşıyan ailələrdə rast gəlinir. Cavan ailələrdə isə daha çox ailənin birgə deyil, ayrı-ayrılıqda vaxt keçirmələrindən irəli gəlir. Bu gün mənim ən çox rastlaşdığım ailə konfliktlərinin başında məhz mənəvi keyfiyyətlərin deyil, fiziki, maddi tələblərin ön planda durmasıdır. Qadına şiddətin ən başlıca səbəblərindən biri də ana - bacı dəyərlərinin arxa plana keçməsi olub. Unutmayaq ki, qadına hörmət ,ona qayğı ailə tərbiyəsi əsasında formalaşır. Bu gün fikir versək görərik ki, uşaqlar, eləcə də gənclər evdə ata-ana münasibətlərində soyuqluq, biganəlik, qayğısızlıq daha çox müşahidə edilir. Hətta orta yaşlı nəsildə belə rast gəlinən ər arvad münasibətlərində emosional və psixoloji soyuqluq var. Adətən kişilərin daha çox sosial şəbəkələrdə, əyləncə axtarışlarında olmaları xanımları da eyni yola sürükləyir. Ərindən diqqət, qayğı görməyən xanım isə kənardan ona olan diqqəti acıgözlüklə qəbul edir", - deyə psixoloq bildirib.

Onun sözlərinə görə, artıq ailə münasibətlərində yaranmış mənəvi boşluq çatlarında aqressiya daha çox qabararaq üzə çıxmağa başlayır. Hərdən kişilərdən asılı olmayan səbəblərdən, yəni qadının aldığı xanım tərbiyəsi, rahat yaşayış axtarışında olması, daha çox fiziki tələblərinin ödənilməsi axtarışında olması gözəl ailə münasibətlərinin yaranma səbəbini sıfıra endirir. Yəni qadının kənara meyli, təhqir olunmuş kişidə çox güclü partlayışa səbəb olur.

"Hərdən qadına olan şiddətin başında təşəbbüskar kimi məhz qadın durur. Ancaq kişilərdə isə bu gün evdən çıxarkən gözləri ilə başqa qadınlarda yüngül münasibətlər axtarması isə qadını hədsiz dəyərsiz edir. Həmin kişilər unudur ki, yolda , küçədə gördüyü qadın kiminsə anası, kiminsə bacısı, kiminsə həyat yoldaşıdır.

Artıq qadına olan ana - bacı münasibəti yox olduqca qadına olan dəyər itdikcə, qadına şiddətdə artacaq. Bu gün bu halların artmaması və aradan qaldırılması üçün ailə dəyərlərinin təbliğinə başlanılmalıdır. Burda isə əsas rolu radio, televiziya, sosial şəbəkələr oynamalıdır.Bu gün televiziyalarda nə qədər cinayət hallarının açıq şəkil, xəbər naminə paylaşılacaqsa, qadına əl qaldırma, qətllər o qədər insanlar üçün adi hala çevriləcək. Adiləşmiş hal isə insanın yaşam tərzinə çevrilməyə başlayır. Odur ki, televiziyalarda olan tok - şoulara konkret olaraq belə halların müzakirələrə buraxılmasına, artıq xəbər formasında verilməsinə qadağa qoyulmalıdır,- deyə S. Məmmədova vurğulayıb.

Psixoloq Fuad Əsədov isə düşünür ki, qadın və kişi haqları ayrımı yanlışanlaşılmalara və etiraza səbəb olur. Amma, məsələni qadına və kişiyə qarşı deyil, insana qarşı zorakılıq səviyyəsində qaldırmaq lazımdır.

"Zorakılığın cinsiyyəti olmur. Qadını kişi ilə bərabərhüquqlu və istisnasız eyni dəyərlərə sahib olan insan kimi qəbul etməliyik. Burada insan hüquqlarının qorunması məsələsini ön plana çəkməliyik. Bizdə çox qəribə bir kişilik anlayışı var. Lakin bu anlayış ailəyə dəyər vermək, ətrafındakı insanları xoşbəxt etmək üçün çalışmaqla ölçülmür. Təəssüflər olsun ki, kişilik anlayışı daha çox diktatura rejimini qurma qabiliyyəti, hakmiyiyyəti ələ almaqla ölçülür. Bu zaman kişilər qadınlar qarşısındakı məsuliyyətini yalnış dərk edir. Nəticədə bir kişi öz həmcinsinə nə qədər "güclü" biri olduğunu göstərmək üçün qarşı cinsə şiddət, cinayət törədir, - deyə psixoloq qeyd edib.

O bildirib ki, qadınlara qarşı cinayət halları yayılan zaman bəzən cəmiyyət içərisində belə rəylər formalaşır. "Görəsən günah qadında olub, ya kişidə?" Belə rəylərə görə, qadın əgər günhakardırsa zorakılığa və cinayətə qurban getməyə layiqdir.

"Əgər bir kişi öz həyat yoldaşını uşaqlarının gözünün önündə 20 dəfə bıçaqlayıb öldürürsə səbəbin nə olmasının heç bir əhəmiyyəti yoxdur. Kişi qadına həyat yoldaşı kimi yanaşdığı zaman belə bir cinayətə yola verilə bilməz. Bütün bu hallar kişilik anlayışının səhv meyarlar üzərindən qurulmasından qaynaqlanır. 

Qadına qarşı hər cür zorakılığın qarşısını almaq üçün edə biləcəyimiz cüzi bir hərəkət belə faydalıdır. Özəlliklə bu barədə KİVlər, televiziyalar üzərinə böyük iş düşür. Həmçinin eventlər və təlimlər də bu işdə xüsusi rol oynayır. Ən əsası ailələr yetişdirdikləri uşaqlara düzgün dəyərlər aşılamalıdırlar. Valideynlər övladlarının hər zaman arxasında dayanmalıdırlar. Dolayısıyla cinsindən asılı olmayaraq uşaqlara öz hüquqlarını müdafiə etməyi öyrətmək lazımdır".

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31