Zaqatalada evdən 5000 manatlıq qızıl oğurlanıb
Zaqatalada evdən 5000 manatlıq qızıl oğurlanıb
11 Oktyabr 2019 12:48 SosialZaqatala Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. "Olaylar" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
RPŞ əməkdaşları tərəfindən "isti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.