Şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi qeyd olundu – BDU -da

Şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi qeyd olundu – BDU -da

Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə II Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev professor Aida İmanquliyevanın şərqşünaslıq elminə töhfələrindən danışıb. Bildirib ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə sərf edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib. Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor olan Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrini araşdıran ilk azərbaycanlı olduğunu vurğulayan rektor alimin analitik təfəkkürü və zəngin mütaliəsini tədqiqatlarının əsas uğurunu şərtləndirən amillər olduğunu qeyd edib.

Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Deputat Jalə Əliyeva və şərqşünaslıq fakültəsinin magistrantı Nigar Bağırlı alimin şərqşünaslıq elminə töhfələrindən danışıblar.

Tədrisdə və ictimai fəaliyyətdə fərqlənən Şərqşünaslıq fakültəsinin iki tələbəsinə Aida xanım İmanquliyeva adına təqaüdün veriləcəyi barədə qərar qəbul edildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir Aida xanım İmanquliyevaya həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31