ABŞ səfirliyi “Qrin Kart” fırıldaqçıları ilə bağlı xəbərdarlıq etdi

ABŞ səfirliyi “Qrin Kart” fırıldaqçıları ilə bağlı xəbərdarlıq etdi

Yalnız Dövlət Departamentinin saytı müraciət etmək lazımdır, digər təşkilatların səfirliklə əlaqəsi yoxdur

ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ilin "Qrin Kart" ("Green Card") Viza Proqramı ilə bağlı saxtakarlıqlar barədə xəbərdarlıq yayıb. Səfirliyin yaydığı rəsmi açıqlamada qeyd olunur ki, "Qrin Kart" Viza proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.

Səfirlik bu cür saxta elektron poçt və məktubların müəlliflərinin "Qrin Kart" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim etdiyini bildirir: "Bundan əlavə, yerli viza təşkilatları, "Qrin Kart" proqramına daxil etmək məqsədi ilə sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Green Card" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir".

ABŞ Səfirliyi bildirir ki, yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni göndərə bilmək olar. Yeri gəlmişkən, oxşar müraciəti ABŞ-ın Azərbaycandakı səfirliyi bu ilin mayında etmişdi.

İnternetdə maraqlandıq, məlum oldu ki, sən demə oxşar vəziyyət dünyanın bir çox ölkələrində var. Həyatlarını, gələcəklərini dəyişmək üçün ABŞ-a köçmək istəyənlər "lotereyada qalib gəlmək üçün" fırıldaqçı təşkilatların toruna düşür. Çünki hər il təxminən 9-10 milyon insan "Green Card" lotereyasına baş vurur və onlardan yalnız 55 min "şanslı" adam seçilir. Bu 55 minin içərisində daxil olmaq üçünsə insanlar bir qayda olaraq "alternativ yollar" axtarır və bu zaman tora düşürlər.

Məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb, bu günə qədər saxtakarlıqla üzləşmiş Azərbaycan vətəndaşlarının şikayətlərinin olub-olmaması ilə maraqlandıq. Səfirliyin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev bu barədə araşdırma aparıb açqılama verəcəyini bildirdi.

Qeyd edək ki, "Qrin Kart" proqramı 1990-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb. Bu proqramın əsas məqsədi ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq, eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşları hesabına aradan qaldırmaqdır. 1995-ci ildən bu günə qədər təxminən 500 min insan "Qrin Kart" udaraq ABŞ-a köçüb.

Bu  lotereya ABŞ-da immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur. ABŞ-da ziddiyyətlərə səbəb olan lotereya dünyada son dərəcə böyük populyarlığa malikdir. Lotereya vizası üçün müraciət edənlərdən orta məktəb attestatı və ya 2 illik iş təcrübəsi tələb olunur.

green card ile ilgili görsel sonucu

"Qrin Kart" sahibinin həyat yoldaşı və yaşı 21-dən az olan övladları da Amerikada yaşamaq haqqı əldə edirlər. "Qrin Kart" sahibi Amerikada seçmək və seçilmək hüququ, məhkəmədə şahidlikdən başqa bütün hüquqlara sahibdir, o cümlədən işləyə, şirkət qura bilər, Amerikanın təhsil müəssisələrində güzəştli təhsil almaq və dövlətin verdiyi təqaüdlərdən istifadə etmək imkanına sahibdir. Amerikanın dövlət universitetlərində "Qrin Kart"la təhsil alan tələbələrinə 80 faizə qədər endirim edilə bilər, eləcə də dövlətdən təqaüd almaq imkanı digər tələbələrdən daha yüksəkdir. Qrin Kard sahibləri həm təhsil ala, həm də işləyə bilərlər.

Müraciət edən şəxs ən az orta təhsilli olmalıdır. Əgər orta təhsili yoxdursa son 5 il içində təcrübə, təhsil və mütəxəssislik tələb olunan bir işdə 2 il işləməlidir. Yaş məhdudiyyəti olmamaqla birlikdə 18 yaşdan yuxarı hər bir kəs bu proqrama müraciət edə bilər. İştirakçının ingilis dilini bilməyinə ehtiyac yoxdur.

Evli şəxslər həm öz, həm də yoldaşları adına müraciət edərlərsə şansları daha da artmış olar.

"Qrin Kart" proqramında qalib gələn şəxslər Amerikaya getmək və orada qalmaq məcburiyyətində deyil. Ancaq "Qrin Kart" haqqını itirməməsi üçün "Qrin Kart" vizasını aldıqdan sonra 6 ay müddətində 1 dəfə, sonrakı illərdə isə ildə 1 dəfə Amerikaya getməlidir.

"Qrin Kart" üçün müraciət edənlərin ən çox qarşılaşdıqları problemlərdən biri də fotoşəkillərdir. Məsələn, məlum olub ki, hər yalnız fotoşəkilləri tələblərə cavab verməyən 120 min insanın müraciəti rədd edilir. Şəkil üçün əsas tələb ondan ibarətdir ki, bütün ailə üzvlərinin şəkilləri çəkilərək elektron formada təqdim edilməlidir. Şəkillər 5×5 ölçüdə, ağ fonda və son 6 ay ərzində çəkilmiş olmalıdır. Şəkillər üzərində fotoşop proqramı vasitəsilə düzəliş etmək qadağandır.

Oktyabr ayı ərzində davam edən müraciətlərin nəticəsi növbəti ilin mayın ilk 5 günü ərzində, 3 və ya 5-də elan olunur.

musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31