Populyar din, populyar dindar və media
8 Oktyabr 2019 14:08 Sosialİnsanın öz-özünə ən çox verdiyi suallar kiməm? niyə? nə üçün? və s. kimi suallardır. Bu suallar varlıqla bağlıdır. İnsan mahiyyətə varmaq, idrak etmək, bilmək istəyir. Bilmək üçün isə arzulamaq, axtarmaq, araşdırmaq lazımdır. Həm bəsit, həm də bir o qədər mürəkkəb olan bu sualların din kimi mövzuda verilməsi isə son dərəcə mühümdür.
Din nədir? Din insandan nə istəyir? İnsan dindən nə istəyir? Çox təəssüf ki, din sahəsində yazan, danışan, status paylaşanların xeyli hissəsi bu sualların tam cavabını axtarmadan, tapmadan münasibət bildirirlər. Məsələyə din, media və populyar mədəniyyət nöqteyi-nəzərindən yanaşmaq istəyirəm.
Media geniş anlayışdır. İnsanlar arasındakı əlaqəni təmin edən bütün vasitələr medianın əhatə dairəsindədir. O baxımdan bu yazıda mövzunu bütövlükdə media çərçivəsindən ələ almaq mümkün deyil. Ona görə də sosial media ilə, daha doğrusu sosial medianın bir qolu olan sosial şəbəkələrlə kifayətlənəcəm. Sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Xəbər saytları, sosial şəbəkələr (facebook, twitter, google və s.), ani ünsiyyət vasitələri (msn, skype, google talk və s.) və bloqlar sosial medianı təşkil edir.
Twitter və xəbər saytlarında, xüsusilə də facebookda kiçik araşdırma apardım. Dinlə bağlı statusları, xəbərlər və bəzi məqalələri nəzərdən keçirdim. Bu kiçik araşdırma nəticəsində gördüm ki, İslamın əsasını təşkil edən mənəvi, əxlaqi prinsiplər, insan şəxsiyyəti, dinin cəmiyyətdə birləşdirici rolu, İslam mədəniyyəti, Azərbaycanın İslam mədəniyyətinə töhfələri, İslam alimlərinin dünya elminə töhfələri və s. kimi mövzulara çox az yer ayrılıb. Bir çoxunda isə bu mövzulara ümumiyyətlə yer verilməyib. Əvəzində dindarlığın reklamına, əhəmiyyət kəsb etmədiyi halda kütlənin diqqətini çəkən mövzulara, istehlak müddəti bir neçə əsr əvvəl bitdiyi halda yeni kimi təqdim olunan məsələlərə geniş yer ayrılır. Həmçinin lüzumsuz ixtilaflara yol açan məsələlərdən, Qarabağ kimi problemimiz olmasına baxmayaraq ordakı dini abidələr, şəhidlərimiz, ümumilikdə vətənimiz barədə deyil, Yaxın Şərq ölkələrindəki siyasi proseslərdən bəhs olunur.
Statuslarda lüzumsuz, başqalarının diqqətini çəkməyə çalışan, ixtilaf törədən, bu gün üçün heç bir əhəmiyyət daşımayan mövzulara yer verilməsinin səbəblərini əsasən iki başlıq ətrafında izah etmək mümkündür. 1. Məsələlərə bütöv və sistemli baxa bilməmək. 2. Populyar dindarlıq.
Birinci səbəb burda bəhs edəcəyim mövzudan kənardır və kifayət qədər bilinir. İkinci səbəb kimi göstərdiyim populyar dindarlığı izah etmək üçün isə əvvəlcə populyar mədəniyyət ifadəsindən bəhs etmək lazımdır. Populyar mədəniyyət terminindən ilk dəfə keçən əsrin 50-ci illərində Amerikada mədəniyyətin ənənəvi olmayan yeni formalarını ifadə etmək üçün istifadə olunub. Populyar mədəniyyət deyildikdə "insanların özləri üçün hazırladıqları videolar, jurnallar, moda kimi maddi formalar; musiqi və kino kimi incəsənət formaları; eyni zamanda əyləncə məqsədi daşıyan mədəni fəaliyyətlər başa düşülür. Daha da aydın şəkildə açıqlamağa çalışsaq populyar mədəniyyət cəmiyyətdə geniş yayılan inancları, təcrübələri, fikirləri və obyektləri ifadə edir. Çox asanlıqla yayılan, rahatlıqla həzm olunan və geniş kütlələrə xitab edən populyar mədəniyyət yenilik və yaradıcılıq ortaya qoymaqdan çox, əvvəllər təcrübədən keçirilən, uğurlu olduğu isbat olunan, kütləni müəyyən müddət də olsa özünə cəzb edən fikirlər, inanclar və obyektlər təqdim edir. Onu da qeyd edək ki, populyar mədəniyyət ispan və portuqal dillərində xalqın mədəniyyəti deməkdir. Yəni, populyar mədəniyyətin qaynağı xalqdır.
Mövzumuza qayıtsaq, dinə baxış cəmiyyətdən cəmiyyətə, toplumdan topluma dəyişir və nəticədə müxtəlif din anlayışları ortaya çıxır. Yerli inanclar bir müddət sonra kütləviləşib populyarlaşmağa başlayır. Bu cür kütləviləşərək populyarlaşan və dinlərlə qaynaşaraq yeni formaya bürünən xalq inancları "populyar din" və ya "populyar dindarlıq" adlandırılır. Populyar dini, dininin "rəsmi" izahı ilə yanaşı müxtəlif xalqlara məxsus adət, ənənə və inancları əhatə edən, "kitab dini" ilə müqayisədə sistemsiz olan, lakin fərqli inancların bir yerdə toplandığı dindarlıq tərzi kimi də tərif edirlər.
Populyar mədəniyyətin ən təsirli yönü başqalarına təsir edə bilmək üçün mediadan istifadə etməsidir. Bütün media vasitələri mədəniyyət istehsalında güclü təsirə malikdirlər. Populyar mədəniyyətin ortaya qoyduğu yeni anlayışlar media vasitəsilə bizim ətraf mühitlə münasibət qurmağımıza yardım edir və bunun nəticəsində də yeni simvollar düşüncə və davranışlarımızı təyin edir. Məsələn, televiziyada göstərilən dini proqramlar bu cür təsir etmə vasitələrindən sayılır. Populyar mədəniyyətin təsiri ilə dinə baxış da zamanla dəyişmiş, dinə praqmatik yanaşma ön plana çıxmış, reytinq nisbətində dinə və ya dini məsələlərə yer verilməyə başlanmışdır. Siyasət dindən istifadə etdiyi kimi, media da dindən özünün "aşağı reytinq" qayğılarını diqqətə alaraq istifadə edir. İnsanların marağına səbəb olan mövzular qabardılır, onlarda maraq oyadacaq qonaqlar dəvət olunurlar.
Populyar mədəniyyət və din münasibətlərində əsas məqamlardan biri də "media vaizliyi"dir. Media vaizi deyildikdə xalqı dini mövzularda məlumatlandırmaq məqsədi ilə televiziya, radio, internet və qəzetlərdə dini söhbətlər aparan və ya yazılar yazan şəxslər nəzərdə tutulur. Ümumiyyətlə bu ifadə reytinq məqsədilə ortaya çıxdığı üçün tənqid edilir. Təbii ki, bunu mediada dini sahədə danışan və ya yazan hər kəsə şamil edə bilmərik. Lakin polemika və retytinqə alət olanların saylı xeyli çoxdur. Sosial şəbəkələrdə daha çox tərəfdar cəlb etmək, daha çox like toplamaq məqsədilə dini statuslar yazanları da media vazilərinin cərgəsinə aid etmək olar. Çünki onlar da daha çox like toplaya biləcəkləri mövzuları ön plana çıxarırlar.
Dinlə bağlı mövzularda mahiyyətin kənarda qalıb lüzumsuz mövzulara yer ayrılmasında məsələlərə bütöv yanaşa bilməmək, metodsuzluq və fərqliliklərə açıq olmamaq qədər populyar olmaq arzusunun və dindarın populyar mədəniyyətin diqtə etdiyi şərtlər altında rolu var. İnformasiya vasitələri ilə din arasındakı qarşılıqlı təsirdən dinin daha çox mənfi təsirə məruz qaldığı söylənsə də, din bu sayədə özünü media vasitəsilə yenidən fərqli formada təqdim edə bilir. Din populyar mədəniyyətə məxsus simvol və həyat tərzləri vasitəsilə gündəlik həyatda özünə daha aktiv yer tapır, müasir dövrdə öz əhəmiyyətini qoruyub saxlayır. Digər tərəfdən isə bu yenidən təqdim olunma əsnasında din və dini dəyərlər dəyişir, hətta bəzən deformasiyaya uğrayır. Ən əsası isə dindarlıqları populyar mədəniyyət sayəsində formalaşan kütlənin, populyar mədəniyyət prizmasından adlandırsaq dijital camaatın özünün də din anlayışı populyarlaşır.
Mehman İsmayılov
İlahiyyət üzrə fəlsəfə doktoru
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru