Milli Preventiv Qrupu Şəki Penitensiar müəssisəsində nələri aşkar etdi?

Milli Preventiv Qrupu Şəki Penitensiar müəssisəsində nələri aşkar etdi?

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə keçirilib. "Olaylar" xəbər verir ki,  başçəkmə çərçivəsində müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına və digər obyektlərə baxışlar keçirilmiş, tibbi yardımın təşkili, yemək-qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə məhkumlar, habelə təqsirləndirilən şəxslər fərdi qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmışdır. Qəbul olunanlardan bəziləri saxlanma şəraitindən və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Başçəkmə çərçivəsində fərdi qəbul və görüş zamanı qaldırılan məsələlər yerində araşdırılmış, istintaqla bağlı məsələlər üzrə Ombudsmanın səlahiyyətləri çərçivəsində hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər yerində təmin olunmuşdur. Yekunda müəssisə rəhbərliyi və əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilmişdir. Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31