Sözü görmək...- Elçin Hüseynbəyli yazır
Sözü görmək...- Elçin Hüseynbəyli yazır
7 Oktyabr 2019 11:33 SosialElçin Hüseynbəyli
("Paralel dünyalar" silsiləsindən)
... Mən divara söykənib, dinməzcə oturmuşdum. Gecə gördüyüm yuxunu xatırlayırdım. Saqqalı qoca yenə də zikr edirdi. Birdən yadıma düşdü ki, mən Xilaskarı hardasa görmüşəm. Özü də lap çoxdan...
Bir dəfə çarpayıda uzanıb televizora baxırdım.
Telefon zəng çaldı. Xalıq idi. Salam-kəlamdan sonra:
-Bəlkə şəhərə çıxıb, keçmişi xatırlayaq? - deyə təklif elədi.
-Niyə də xatırlamayaq ki, - sakitcə cavab verdim. Mənim dərhal razılaşmağımın səbəbi vardı. Çoxdandır şəhərə çıxmırdım. Qəzetləri evə gətirirdilər, məlumatı televizordan alırdım, nəşriyyata və qəzetlərə yazını internetlə göndərirdim.
Taksi çağırmadım, bir qədər gəzişmək istədim. Xalıqla danışdığımız kimi "28 may" metrosunda görüşməliydik. Çölə çıxdım. Adi bir günüydü. Günəş qarşımdakı göydələnin arxasında gizlənmişdi. Həmişəki yolla metroya sarı yönəldim. Bir qədər getmişdim ki, qarşıma bir hündür hasar çıxdı. Yol bağlanmışdı. Kefimi pozmadım, yollar o qədərdi ki. Sola döndüm, bir qədər getdikdən sonra yolumun üstündə dərin və enli lağımın atıldığını gördüm, bu dəfə sağa dönüb lağım boyu getdim, yolu tapmadım, lağım qurtarmırdı, acı bağırsaq kimi uzanırdı. Bir qarı qarşıma çıxdı. Mən onu əvvəllər də tez-tez görürdüm. Qara qarğalar kimi cəld yeriyirdi, eynəyinin bir gözü sınmışdı. Sir-sifəti dünya rəngindəydi.
-Burda əvvəllər yol vardı? - gedə-gedə qarıdan soruşdum.
-Əvvəllər hər şey vardı, mənim balam, - qarı da dayanmadan cavab verdi.
-Şəhərə necə gedə bilərəm?
Qarı bu dəfə dayandı və sınıq eynəyinin dalından xırdaca gözlərilə:
-Yerin altı ilə, - dedi.
Əvvəl çaşdım. Mənə elə gəldi ki, qarı zarafat eləyir, lakin onun göstərdiyi səmtə baxanda sözünün ciddiliyini anladım. Lağımın qurtaracağındakı göydələnin altında metronu andıran iri "M" hərfi vardı.
Metroya düşəndə sakitləşdim, narahtlığım yoxa çıxdı. Dostum, yəqin, metronun içində var-gəl edirdi, məndən ötrü darıxırdı.
Təlim gələ bilməmişdi. Dediyinə görə qızdırması vardı.
Onunla razılaşdıq ki, tələbə vaxtı sevdiyimiz kafelərdən birinə gedək. Ancaq kafe yerində yox idi, əvəzində yaraşıqlı və işıqlı restoran vardı, ofisiantlar da restoranın özünə oxşayırdı: ağ köynək, göy rəngli "baboçka". Romantika sevən və yenicə sevişməyə başlamış cütlük kimi lap küncdə oturduq. Keçmişi xatırladıq, bu günün dərslərini çözələdik, "Staraya Moskva" arağından vurub kövrəldik.
-Şəhərkənarına çıxaq, balıqçılara baş çəkək, - deyə mən təklif elədim, - şəhərdə görmədiyimiz yer qalmayıb.
Bu, dostumun ürəyindən oldu.
- Heç şəhər də indi biz görən deyil, - dostum ah çəkdi. Onun sözlərində bir nisgil vardı.
Sınıq-salxaq elektriçkayla bir saata yaxın yol getdik. Elektriçka şəhərdən bir az aralaşandan sonra gün tutulmağa başladı, havadan yağış qoxusu gəldi.
Stansiyalardan birində düşdük. Tam səssizlik idi. Dənizə tərəf getdik. Dəniz, sanki yerindən qaçmışdı, kül rəngindəydi. Hava getdikcə qatılaşırdı, duman-çiskin yavaş-yavaş hər tərəfi udurdu. Balıqçılar gözə dəymirdi. Ətraf Amerika filmlərində göstərilən gözdən uzaq, yiyəsiz xarabalıqları xatırladırdı, göydən ağ qar dənəcikləri tökülürdü, elə bil buralara atom bombası atılmışdı.
-Görən, buraların adamları hara yoxa çıxıb? - dedim. Bu sual dostuma yoxa, boşluğa, bəlkə də özümə ünvanlanmışdı. Dostum mənim bu sözlərimə çiyinlərini çəkdi.
Arxın qırağında qaz ölüsü vardı.
-Quş qripindəndi, - dostum qaza işarə ilə dedi.
Bu zaman mən dostumun sifətini gördüm. O, tanınmaz hala düşmüşdü, eybəcərləşmişdi.
-Sənə nə oldu?-soruşdum.
O, suala sualla cavab verdi.
-Heç özündən xəbərin var?
Əlimi üzümə atdım, üzüm çat-çat idi.
Kəndin içindən keçən yolun qırağında köhnə yük maşını atılıb qalmışdı. Onun güzgüsünə baxanda dəhşətə gəldim.
-Şəhərə qayıtmaq lazımdır? - ağzımdan çıxan sözü qəfil qalxan qasırğa götürüb apardı. Biz ondan qorunmaq üçün maşının arxasına sığındıq. Qasırğa yatandan sonra dəmiryolu stansiyasına tələsdik. Bu zaman həyətin ortasında bir topa adam gördük. Onlar, sanki şəkil çəkdirmək üçün dayanmışdılar, yəqin bir ailəydilər: baba, nənə, ata,ana, gəlin, nəvə. Xoşsimaydılar. Ortada gəlin dayanmışdı. Onun qucağında mələksifətli körpə vardı. Deyəsən, onlar bizi çağırırdılar, ancaq nə dediklərini eşitmirdik. Yaxınlaşdıq.
-Biz də sizin kimi adamıq, ancaq nədən siz qəşəng, biz eybəcərik? - soruşdum.
-Biz adam deyilik ki?-qucağında mələk kimi körpə tutmuş gəlin hamıdan qabaq dilləndi.
-Bəs kimsiniz?
-Biz sözük, - yenə də hamının əvəzindən o cavab verdi.
Bu sözlərdən dəhşətə gəldim, başımın tükləri biz-biz oldu.
-Necə yəni sözük!?
-Elə belə də deyin, sözü gördüyünüzü deyin, çatdırın onlara.
Bu nə söz idi, onlar nəyi demək isdəyirdilər!? Nə qədər fikirləşdim, xatırlaya bilmədim.
Gəlin mənim tutulduğumu görüb:
-Cümə Hərəkatının üzvlərini axtarın tapın, onlar sizi başa salarlar...
Mən divara söykənib bütün bunları fikirləşirdim. Mən sözü və Xilaskarı xilas etmişdimsə, onlar da məni qurtarmalıydılar...
2019, oktyabr