Şamaxıda MKS-lərin uşaq şöbələrinin əməkdaşları üçün növbəti kurslar təşkil olunub

Şamaxıda MKS-lərin uşaq şöbələrinin əməkdaşları üçün növbəti kurslar təşkil olunub

Şamaxıda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbələrinin əməkdaşlarının bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili" kursu, həmçinin "Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları", "Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması" və "Kreativ peşə səriştələri" mövzularında yeni tədris modulları əsasında növbəti təlimlər sona çatdı.

Olaylar.az bildirir ki, təlim Şamaxı rayon Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyində baş tutub. Şamaxıda "Mədəniyyət Həftəsi" çərçivəsində keçirilmiş təlimlərə həmçinin, İsmayıllı Regional Mədəniyyət İdarələrinin əməkdaşları da qatılıb. Ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsidir.

"Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması" mövzusunda keçirilmiş təlimdə iştirakçılar kitabxana-informasiya xidməti anlayışı, kitabxanalarda uşaq oxucuları üçün abonement, qiraət zalları (multimedia zalları) vasitəsilə kitabxana-informasiya xidmətinin təşkili, kitabxanada komfortlu mühitin formalaşdırılması, elektron kataloq, kartoteka və uşaq ədəbiyyatını əks etdirən məlumat bazalarının yaradılması, uşaq oxucuların elektron kataloq, kartoteka və məlumat bazalarından istifadəsinin təbliği sahəsində kitabxanaların üzərinə düşən vəzifələr haqqında bilikləri və bununla bağlı digər mövzuları öyrəniblər.

Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunub. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunacaq peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, sosial tarafdaşlar arasında Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Yunus Əmrə İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "Azərtac" Dövlət Agentliyi, media.az informasiya portalı, AMEA-nın müxtəlif institutları və digər qurumlar var.

Xatırladaq ki, Mərkəz tərəfindən bu günə qədər Lənkəran, Şamaxı, Bakı və Gəncə şəhərlərində 5 təlim kursu uğurla həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31