Tanınmış azərbaycanlı şairdən ŞOK SÖZLƏR: İstərdim hansısa kişi bir qadına desin ki, alt paltarın...

Tanınmış azərbaycanlı şairdən ŞOK SÖZLƏR: İstərdim hansısa kişi bir qadına desin ki, alt paltarın...

Günortadır.

Məscidin künc divarına sığınmışam.

Dilənçi ana 2 körpəsi ilə öpüş-öpüş oynayır. Körpələr qəpik əvəzi gülüş satır insanlara.

Bu, vərdiş etdiyimiz dilənçilərdən deyil. Burada dualar körpə gülüşləri ilə bağışlanır ömrümüzə.

***

İçəridən səslər gəlir. Dua səsi. Yox... Şeir səsi. Kimsə tale oxuyur şeirlərin dilində. Surə janrında...

Arabir maşınlara yol göstərən 54 yaşlı uşaq kişinin cingiltili narazılıqları qarışır misralara.

Ayaqlarım rəməl bəhrində dualara doğru gedir...

Sonra doğma adamlar görürəm içəridə. Hamısı da heç vaxt rastlaşmadığım doğmalar. Amma mən bilirəm. Biz onlarla duaların göyərçinlərə döndüyü yerlərdə görüşmüşük. Bu mənəvi sülhün başqa izahı ola bilməz!

***

Axşamüstüdür.

"Namaz üstdə təkrarlanan dua kimi

Adını

Çəkib, döyüb dizlərimə

hücrələrdə duruldum" -

Tavan ucalığında bir adam əllərini açıb göyə doğru namaz qılır.

***

"Eşq bütün bəşəriyyət üçün ortaq dəyərdir. İlahi dinlərin də, peyğəmbərlərin də əsas missiyası insanları eşq işığında birləşdirməkdir. Ona görə də belə bir ədəbiyyat dinimizə, inancımıza yaxındır. "Qurani-Kərim"in hansı dəyərlərə çağırmasından öncə insanları hansı tərzdə bu dəyərlərə çağırdığı önəmlidir.

Müqəddəs kitabda belə bir ayə var: "İnsanları hikmət və gözəl nəsihət yolu ilə Rəbbinə doğru çağır". Hikmət - yəni danışdıqların rasional olsun. Ağlın qəbul etdiyi sözləri danış. Gözəl nəsihət - insanları ən gözəl tərzdə çağır. Hətta sənə müxalif olan insanlarla belə. Yəni bizim insanları nəyə dəvət etməyimizdən necə dəvət etməyimiz az əhəmiyyət daşımır. Düşünürəm ki, hissləri və duyğuları ən gözəl ifadə edən vasitə şeirdir..."

Bunu Hacı Şahin deyir elin dilində.

...

Bayaq məscid dedim, bu, sizi yanıltmasın. Burada insanlar kitablarla ibadət edir, surələrlə ali həqiqətə çatır, elmlə din söhbət edir. Burada "Əsrlərdən gələn hikmətlər"i də tapa bilərsiniz, Balzakı da. Burada "Qurani-Kərim" də var, Tolstoy da. Burada mərsiyə də oxunur, qəsidə də... Burada Allaha da ibadət edirlər, şairə də.

Mən bu dəfə şairi seçdim.

***

Axşamdır.

Şəhriyar Del Gerani deyir ki, əslində cavablar həqiqət deyil, həqiqi olan suallardır. Çünki cavablar dəyişir: "Samuel Bekketin bir fikri var: əgər sənin düşüncələrin on il dəyişmirsə, yoxla gör, bəlkə ölmüsən? İnsan canlı oqranizmdirsə, düşüncəsini dəyişə bilər. Ümumiyyətlə, mən cavablara inanmıram. Bu müsahibəni oxuyan da, siz də mənim cavablarıma sona qədər inanmayın. Amma mən sizin suallarınıza inanıram. Sual həqiqətdir. Çünki dəyişmir. Bütün cavablar yanlışdır. Əslində, suallar ona görə verilir ki, həqiqətə yalan yapışdırılsın".

Amma təbii ki, suallarımı da boynubükük qoymur.

- Bilirəm. Sizə də maraqlıdır: Niyə məhz məscid?

- Azərbaycan sekulyar dövlətdir. Burada məscid həmişə kilsə ilə yanaşı olub. Biz bütün dinlərə hörmət edən xalqıq. İslam dininin ən yaxşı forması, daha yaxşı həyat tərzi Azərbaycanda olub. Burda İslamın diktatura tərəfi deyil, gerçək mahiyyəti üstün olub. Məsələn, kilsələrdə kino-ədəbiyyat günləri, hətta konsertlər keçirilir. Dünyada belə praktika var. Amma Azərbaycanda yoxdur. Biz də bu ənənəni məsciddən başlamağı daha məntiqli hesab etdik. Bu, bir tendensiyaya çevrilsə daha gözəl olacaq.

- Məsciddə kitab təqdimatı, şeir gecəsi keçirməyin sosial, ictimai mesajı varmı?

- Əlbəttə. Bizim mesajımız budur ki, məscid hər kəsin evidir. Mən namaz qılıram, namaz mənim məscidə girmək üçün pasportumdur - bu, düzgün deyil. Namaz Allahla bəndə arasında olan münasibətdir. Kilsədə ibadət etməyən adamlar müəyyən ayinlər yerinə yetirirlər. Dünyanın hər yerində belədir. Eləcə də, məscidə ibadət etməyən hər bir insan gələ bilər. Bu, o demək deyil ki, məscid yalnız dindarların inhisarındadır. Məscid özünü müsəlman hesab edənlərin də, etməyənlərin də ünvanıdır. Məscidə gələnlər dua edə, namaz qıla bilər. Dua edənlərə baxar və ya heç bir şey etməz. Sadəcə oturub ibadət edənlərə baxar. Dincələr bilər. Məscidin ruhani ab-havasına qoşular. Hardan bilirsiniz, mənim imza günümə görə məscidə gələn ateist bir gün inancını dəyişməyəcək?

- "Darıxmağın adı"ndan imtina etmisiniz? Çünki bu kitab əvvəlkindən tamamilə fərqlənir...

- Dəqiq müşahidədir. "Darıxmağın adı" çox uğurlu kitab oldu. Amma bu uğur müəllifin xeyrinə olduğu qədər də zərərinə işləyir. Beş il bundan əvvəl çıxmasına baxmayaraq, hələ də onun haqqında yazılar yazılır, müzakirələr aparılır. Bu, balaca bir göstərici deyil.

- Neçə nüsxə çap olunmuşdu?

- Min. İndi isə ikinci nəşrinə hazırlaşırıq.

Mən o kitabdan sonra, hardasa, bir-iki il şeir yaza bilmədim. Ancaq özümü təkrarladım. "Darıxmağın adı"nı aşandan sonra şeir yazmağa başladım. "Gecəniz şeirə" tamamilə başqa bir dalğadır. Mənim şair həqiqətinə çatdığım şeirlərdir. Orda on-on beş şeir var ki, xüsusi intonasiyadır, mənim xüsusi nəğmələrimdir. Mənə elə gəlir ki, "Darıxmağın adı"nı bu kitaba gəlib çıxmaq üçün yazmışam. Lakin bu, o demək deyil ki, imtina etmişəm. "Gecəniz şeirə"də əvvəlki kitabdan on iki şeir var.

- Dindarsınız, şair?

- Yox.

- Nəsə o ab-hava hiss olunur...

- Çünki mənim atam din xadimidir. Bizim evimizdə ruhani ab-hava olub. Həmişə dini kitablar olub. Mənim mahiyyətim Allahla olub. Dini dünya görüşüm zaman-zaman dəyişib. Ateist olmamışam. Deist olduğum vaxtlar da olub. Daha çox isə aqnostisizm mənim düşüncəmə uyğun gəldi.

Allahın varlığını da inkar etmək olmur, yoxluğunu da...

Amma son vaxtlar düşünürəm ki, yenidən deizmə qayıtmalıyam. Amma bu, o demək deyil ki, bütün dinləri puç hesab edirəm. Əgər insanlar bu dinlə ovunursa, mən bunu çox gözəl qəbul edirəm. "Qaloş piri" məsələsi gündəm olanda mənə bir sual verdilər onunla bağlı. Cavab verdim ki, belə xurafatlar Azərbaycana xas deyil. Dünyanın hər yerində bu var. Avropanın mərkəzində Roma Papasının əlini öpmək üçün kilometrlərlə sıraya düzülən insanlar var. Bu da onların xurafatıdır. Bir xurafat ki, adamlara ziyan verir, onun tərəfində deyiləm. Amma bir insan ki, ziyarətgaha gedib dinclik tapırsa, nəzir verib rahatlıq tapırsa, bunun nəyi pisdir? Mənim gəlib çıxdığım qənaət budur ki, hər kəsi öz inancları, Allahı ilə baş-başa buraxmaq lazımdır.

- Sizin Allahınız varmı? Varsa, hardadır?

- Mən hər zaman Allahla bağımı saxlamağa çalışmışam. Mənim üçün şeir ilahi faktdır. Yəqin ki, mən bu bağı saxladığıma görə öz istədiyim şeirləri yaza bilirəm. Allahın konkret harda olduğunu mətnlərimlə görürəm. Bu mətni yaza bilirəmsə, deməli, Allah var. İnsanlara qarşı sevgim varsa, Allah var. Düşünə bilirəmsə, Allah var. Mən Allahı yalnız sevgidə görürəm. Nifrətdə şeytan, sevgidə Allah var.

- Şeirlər yazılmaq üçündür, yoxsa yaşamaq üçün?

- Mənə elə gəlir ki, Allahla danışılacaq sözləri, gərək, bəndələrə deməyəsən. Elə şeirlər var ki, mən orada özümü asi fikirləşirəm. Düşünürəm ki, mən bu şeiri yazmayım. Onda şeir olur yaşamaq üçün. Bu, ali həqiqətdir. O mərhələyə çatmaq lazımdır. Mən indi imzadan imtina etmək istəyirəm. İmzada bir eqoizm var - mən elədim eqoizmi. İmzadan imtina edə bilsəm, yaxşı olacaq. İmzasız şeirlər yazmaq, kitab çap etdirmək istəyirəm. Sadəcə şeirlər... Rast ki, mən bu dilin şairiyəm, bu dili mənə xalq verib, mən də bu dildə xalqa gözəl şeirlər bəxş etməliyəm. Xalqın dilində yazılan mətnin müəllifə nə ehtiyacı var? Dilin özü şeirdir də. Şeiri dil yazır, sadəcə sən vasitəsən. Mən qürur duyuram ki, Azərbaycan türkcəsində danışıram, yazıram, düşünürəm.

- Sizcə, minllik imza və ya müəlliflik ənənəsindən imtina etmək asan olacaq?

- Əlbəttə, çətindir. Ancaq əsas odur ki, mən o mərhələyə çatım. Bu məsələlər məni narahat etməsin. Mənə elə gəlir ki, onda mətn, şeir öz adekvat qiymətini daha yaxşı alacaq. Nədən ki, mətnə münasibətdə müəllifin də rolu çox olur. Bu gün Şəhriyar Del Gerani adı var deyə, bir çox adam o şeirləri sevmir. Bu, mətnə qarşı haqsızlıqdır. Mətni öz taleyinin ixtiyarına buraxmaq lazımdır.

***

Dualar qəbul olunub

yan otaqdan körpə səsi gəlirsə,

günəş boy göstərirsə, buğdalar cücərirsə,

Allah qəbul eyləsin quşların duasını,

Allah qəbul eyləsin daşların duasını.

Uzaqdan fit verir qatarlar...

***

- Hər nəsnənin duası varmı, şair?

- Dua, əslində, çox xoşməramlı bir niyyətdir. Bütün gözəl şeylərin duası var yəqin ki. Dua arzulardan doğur. Hər nəsnənin arzusu varsa, demək, duası da var. Ümid olan yerdə dua olur. Dua işıqlı hadisədir.

- Şair üçün rəqəmlərin sehri var? Kitabda "otuz üç şeir", "Darıxmağın adı"ndan on iki" kimi ifadələrə rast gəldim.

- Bu, bir konsepsiyadır. Bilirsiniz, otuz üç peyğəmbər yaşıdır. On iki də imamların sayıdır. Mənim çox sevdiyim rəqəmlərdir. Həm də yaddaşım məhsuludur.

Yaddaş demişkən...

Yaddaş insanı robotlaşdırır. Şeir yaddaşsızlığın məhsuludur. Onda daha yaxşı şeir olur. Yaddaş insanı çərçivəyə salır. Əslində, yaddaş şeytanidir. Dəli adamlar niyə görə daha təmiz, Allaha yaxın hesab olunurlar? Uşaqlar? Çünki onlar yaddaşdan istifadə etmirlər. Kimsə bizə pislik edirsə, o, bizim yaddaşımıza yazılır və müxtəlif situasiyalarda biz həmin pisliyə uyğun davranırıq. Və ya yaxşılıq edibsə, yenə də ona uyğun davranırıq. Yaddaş ədalətsizlikdir. Gerçək ədalətdə yaddaş iştirak etmir. Yaxşı insanlar yaddaşdan müəyyən qədər imtina etmişlərdir. Yalnız xain adamların çox yaxşı yaddaşı olur. Gərək insan yaddaşın idarəçiliyindən çıxsın. İnformasiya insanın ipini dartır.

- Deyirsiniz, yaddaşdan imtina edək?

- O qədər imtina etmək lazımdır deyil ki, yaşamağa mane olsun. Amma müəyyən qədər imtina etmək çox yaxşı olardı.

***

Qayıtma, əllərim əsir,

Yoxdu bu ömrün yiyəsi...

***

- Bir ömrə başqa biri yiyə çıxa bilərmi?

- Bu misralarda öz ömrümdən danışıram. Yəni ömrün yiyəsi evdə yoxdur.

Füzuli deyir ki, sevmək sevilməkdən daha böyük həqiqətdir. Çünki sən nə qədər sevildiyini bilmirsən, amma nə qədər sevdiyini bilirsən. Ömrünü kiməsə ithaf etmək böyük mərhələdir. Əlbəttə, insan kiminsə taleyinə çevrilə bilir. Əslində, aşağı-yuxarı, hamı bir-birinin taleyinə çevrilir. Amma sevgi ilə olanda, bu, daha gözəl olur.

- Sizcə, başqasının ömrünə çevrilmək nə dərəcədə doğrudur?

-İnsanları o qədər azad buraxmaq lazım deyil ki, onlar darıxsınlar. Azadlığın darıxqanlığı daha dəhşətlidir. Nəinki, mühafizəkarlığın. Azadlığın darıxmağının sərhədləri çox genişdir deyə, insan aza bilər. Sən kiminsə taleyinə çevriləndə, istər-istəməz, mühafizəkarlığını qoruyursan. Bu, daha gözəldir. İnhisarçılıq sevgidə qəbulediləndir. Amma qarşı tərəfi incitməmək şərtilə. Çox istərdim hansısa kişi bir qadına desin ki, donun çox qısadır. Və yaxud da köynəyindən alt paltarın görünür. Elə geyin ki, görünməsin. Çox istərdim. O zaman qadın xoşbəxt olur. Əksinə də ola bilər. Qadın kişiyə desin ki, o qadına niyə baxdın? Sən mənimsən.

...

Doğrudur, böyük sevgi "mənimsən" demir, "səninəm" deyir.

***

Qucaqlayıb yatınız içinizdəki uşağı,

əlindəki oyuncağı,

ömrün üfüqlərində görünən

günəşli günləri,

sevgili gələcək yaxını,

hər nəyi, hamını...

dimdikləri bərkiməmiş quşları da,

sizə atılan daşları da,

hələ-hələ qış görməmiş ağacları,

yaz gəlməmiş çiçəkləri,

qar tutmamış dağları,

ağlanmamış gecələrdə

yaş dəyməmiş balıncları.

Siz ey bu şeiri oxuyan gözəlim hamı:

Həyata oxşayan hər nə ki var, qucaqlayın.

Səadət- həm də qucaqlaya bilməkdi

ən uzağındakı adamı..

***

- Ədəbiyyatdan küsən birini hansı ayələrlə imana gətirərdiniz?

- Biz ədəbiyyatı nə hesab edirik? Necə ola bilər ki, ədəbiyyatdan imtina edəsən? Biz kitab oxuyanda həm də müəllifi ilə söhbət etmiş oluruq. Mən heç vaxt Tolstoydan, Bekketdən, Selincerdən küsməzdim. Amma əgər biri şeirdən imtina edibsə, mütaliə edə bilmirsə, onda yutubda böyük qiraət ustası Əbdül Basitin ifasında "Quran"ı dinləsin. Bu, həmin adamlara çox kömək olacaq.

Şeir harmoniyadır. Harmoniyadan küsmək insanı pis yerlərə aparıb çıxara bilər.

Mən istərdim ki, şair dostlarım "Quran"ı yaxşı oxusunlar. Klassik ədəbiyyat mütaliə etsinlər. Muğam dinləsinlər. Azərbaycan cəmiyyətində o şairlər uğurlu olur ki, öz nəğmələri var. Özün nə deyirsən? Öz nəğmən nədir? Mənim ən çox sevdiyim şairlər Füzulidir, Seyiddir, Müşfiqdir.

"Gümüş topuğunda xal, sənə qurban!"

Bunu necə tapıb adam? Çox möhtəşəmdir.

Vaqif Bayatlı.

"İndi də gəl, ölüm-ölüm oynuyaq.

Əvvəl mən ölüm, sən bilmə.

Sonra sən ölmə, sən ölmə".

Səsi eşidirsən? Qonşu toyuna on hasar o yana oynuyan uşaq səsi gəlir. Möhtəşəm təsvirdir.

Ramiz Rövşənin də nəğməsi gözəldir.

- Necə düşünürsünüz, şair yastığından corabına qədər şair olmalıdır?

- Belə bir ifadə var?

- Özümdən uydurdum.

- Bir gün mənim bir xanım dostum qara və tünd göydən başqa bütün corablarımı yığıb atdı zibil qutusuna. Mən daha qara və tünd göydən başqa heç bir rəngdə corab geyinmirəm (gülüş). Suala nə qədər aidiyyəti var bilmirəm... Şair şeir ab-havasında olmalıdır. Mənəvi havada yaşamalıdır. Çünki madiyyat məhv edir insanı. Ən birinci də şairi.

- Sizi ən çox incidən nədir?

- Sən evə gecikirsən? Təndir nə qəşəngdir. Bəlkə çörək alaq? ...Çörək neçəyədir?

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31