Prezident İlham Əliyev: “Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm “
4 Oktyabr 2019 15:43 SosialAzərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Bir neçə qəzet, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı. Bir sözlə, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycanda azad mətbuat çox sürətlə inkişaf edirdi. 1998-ci ildə senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yəni bütün bunlar, bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır. Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir.
Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür.
Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilidiyini bildirərək qeyd edir ki, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi:
"Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir.
Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır.
İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur.
Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır.
Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı. Bax bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer nəzərdə tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri işıqlandırması üçün böyük problem olmaz, balkondan müşahidə etmək olar."
Ölkə rəhbəri Azərbaycanda bütün digər azadlıqlar - vicdan azadlığı, din azadlığı tam təmin edilidiyini, beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədəki işlərə yüksək qiymət verdiklərini qeyd edir: "Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi əlbəttə ki, bizim gücümüzü artırır.
Jurnalistlərin məsuliyyəti də əlbəttə ki, daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə, jurnalistlərin məsuliyyəti hesab edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır.
Mən jurnalistlərin peşəkarlığı ilə bağlı heç bir şey demək istəmirəm. Bilirəm ki, siz özünüz bu məsələlərlə bağlı vaxtaşırı danışırsınız, yeni təkliflər irəli sürülür. Hesab edirəm ki, dövlət də bu istiqamətdə öz dəstəyini verə bilər. Əgər dövlət tərəfindən hansısa bir əlavə tədbir görülməlidirsə, biz bunu görəcəyik ki, peşəkarlıq artsın. Azərbaycanda gənc peşəkar jurnalist kadrların hazırlanması daha da sürətlə getsin. Əlbəttə ki, jurnalistlərin vətənpərvər olmaları da hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da, partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır və daim mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirirəm.
Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır. Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə yaşayırıq, azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir. Ona görə jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir."
Prezident İlham Əliyev jurnalistlər üçün dövlətçilik prinsipləri üstünlük təşkil etməli olduğunu hər zaman xüsusi vurğulayır:
"İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası, öz problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün problemlər ölkə daxilində həllini tapmalıdır. Çünki əgər biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa, hesab edirəm ki, bütün məsələləri özümüz həll etməliyik.
Nəzərə alsaq ki, cəmiyyətdə ölkənin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ölkənin strateji xətti - istər xarici siyasətlə, yaxud da ki, iqtisadi islahatlar ilə bağlı fikir ayrılığı demək olar ki, yoxdur. Belə olan halda əlbəttə ki, daxili problemlər daxildə müzakirə edilməlidir. Çünki müstəqilliyin əsas üstünlüyü məhz bundan ibarətdir. Çünki taleyimiz öz əlimizdədir, Azərbaycan xalqının əlindədir, ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur."
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir