Müstəqillik dövründə Azərbaycan əhalisinin sayı 3 milyon artıb

Müstəqillik dövründə Azərbaycan əhalisinin sayı 3 milyon artıb

Bu, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin təzahürüdür

Məlum olduğu kimi, oktyabrın 1-də Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılıb. İndiyədək hava limanlarında, beynəlxalq avtovağzallarda və Bakı Dəmir Yolu Vağzalında gecə reysləri ilə gedən insanların siyahıya alınması həyata keçirilib. Siyahıyaalma oktyabrın 10-dək davam edəcək. Yeri gəlmişkən xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib. Bu, müstəqillik dövründə əhalinin üçüncü siyahıyaalınmasıdır. Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra əhalinin ilk siyahıya alınması 1999-cu ildə keçirilib. İkinci siyahıya alınma 10 il sonra - 2009-cu il aprelin 13-22-də keçirilib. 2009-cu ildə keçirilən syahıyaalma zamanı Azərbaycanın 8 milyon 922,4 min əhalisi var idisə, indi, üçüncü siyahıyaalma ərəfəsində 10 milyonuncu sakin qeydiyyata alınıb.

Elə prezident İlham Əliyev də Azərbaycanda həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edib və siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb. Dövlət başçısı həmçinin bildirib ki, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir: "Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilib. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş verib. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir".

Məlumat üçün qeyd edək ki, hazırda dünya ölkələrinin böyük əksəriyyəti demoqrafik problemlərlə üz-üzə qalıblar. Beynəlxalq alımdə müşahidə olunan təbii və sünii amilləri bir çox ölkələrdə demoqrafik inkişafa ciddi zərbə vurub. Nəticədə inkişaf etmiş bəzi dövlətlərin belə əhalisinin sayında azalma müşahidə olunur. O da faktdır ki, bu məsələdə süni amillərin, həyata keçirilən demoqrafik siyasətin təsiri danılmazdır. Azərbaycanda isə demoqrafik vəziyyətin yaxşı olması ölkəmizin iqtisadi inkişafı və həyata keçirilən uğurlu sosial siyasətlə birbaşa bağlıdır. Məhz bunu nəticəsidir ki, ölkəmizdə əhalinin sayı ildən-ilə dinamik şəkildə artır. Bir daha xatırladaq ki, istənilən ölkədə əhalinin sayının dinamik artımı həmin ölkədə keçirilən sosial-iqtisadi inkişafla birbaşa bağlıdır. Azərbaycanda da əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet istiqamətlərdəndir. Bunun nəticəsidir ki, ölkədə uğurlu sosial siyasət həyata keçirilir, əhalinin güzaranə günü-gündən yaxşılaşır, nəticədə demoqrafik artım baş verir. Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir. Həmçinin  bu istiqamətdə gələcəkdə də mühüm addımların atılması nəzərdə tutulur: "Bütövlükdə, sosial siyasətin bütün qollarında müsbət meyillər özünü göstərir. Azərbaycanda  dövlət siyasətinin əsas xətti ölkə vətəndaşlarının sosial durumunu yaxşılaşdırmaqdan ibarətdir. Bu yaxşılaşdırmanın özü də ardıcıl olaraq, insanların sosial rifahının yüksəlməsinə xidmət edir. Bu isə inkişafın ən vacib məqamıdır. Ona görə də, biz bu gün Azərbaycanda gedən bu müsbət dəyişiklikləri xüsusi vurğulamalıyıq". Deputat Sahibə Qafarova da hesab edir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, əhalinin rifahı, həyat səviyyəsi davamlı olaraq yaxşılaşır. Sosial sahə daim Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən birini təşkil edir: 2019-cu ilin əvvəlindən həyata keçirilən sosial paket 4 milyondan çox vətəndaşımızı əhatə edir. Minimum əməkhaqqının təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin isə 50 faiz artırılması, eləcə də minimum pensiyanın 116 manatdan 200 manata çatdırılması, ilin əvvəlindən 60 min yeni iş yerinin açılması və digər müsbət reallıqlar məqsədyönlü sosial siyasətin uğurla davam etdirilməsindən xəbər verir. Atılan bu addımlar, həyata keçirilən tədbirlər ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu bir daha təsdiqləyir".

Bir faktı da xatırladaq ki, təkcə  müstəqillik dövründə Azərbaycanın əhalisinin sayı təxminən 3 milyon artıb. Etiraf edək ki, bu göstərici ərazisi bir o qədər də böyük olmayan Azərbaycan kimi dövlət üçün elə də kiçik rəqəm deyil. Dövlət başçısının təqdiq etdiyi Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyasında birbaşa göstərilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsir göstərmiş, lakin bu təsir lazımi səviyyədə öyrənilməmiş və ölkədə demoqrafik proseslərin inkişafı proqnozlaşdırılmamışdır. Demoqrafik proseslər cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlı olduğundan bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirinin təzahürüdür. Bu onunla izah edilir ki, demoqrafiya sahəsindəki siyasət hər bir dövlətin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Demoqrafiya siyasəti nəsillərin normal təkrar istehsalının ardıcıl surətdə həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş iqtisadi, sosial və hüquqi tədbirlər sistemindən ibarət olmaqla, əhalinin bütün sosial-demoqrafik təbəqələrinin köklü mənafelərinə toxunur. Ailə-nikah, doğum, ölüm, təbii artım, adamların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin yaxşılaşdırılması, ömrünün uzadılması, miqrasiyası və s. bu kimi prosesləri özündə birləşdirən demoqrafiya siyasətində başlıca məqsəd demoqrafik hadisələrə təsir göstərən ən mühüm amilləri nəzərə alaraq, cəmiyyətin və onun hər bir üzvünün mənafeyinə uyğun olan, əhalinin normal təkrar istehsalı prosesini təmin edən şərait yaradılmasına nail olmaqdır. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycanda demoqrafik inkişafın təmin edilməsi üçün tələb olunan bütün şərtlər yaradılıb.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31