Milli Preventiv Qrupu cəzaçəkmə müəssisəsində çatışmazlıqlar aşkar edib
Milli Preventiv Qrupu cəzaçəkmə müəssisəsində çatışmazlıqlar aşkar edib
2 Oktyabr 2019 14:29 Sosialİnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, MPQ-nin üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilib. Ombursmanın mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin cərimə təcridxanasına, tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, qidalanma, su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmış, saxlanma şəraiti ilə bağlı bəzi çatışmazlıqlar müəyyənləşdirilib. Müəssisədə psixoloji və sosial xidmətlərin təşkilinə, məhkumların ictimai faydalı əməyə cəlb edilməklə islah olunması işinin genişləndirilməsinə və təşviqinə ehtiyac vardır.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə təsadüfi seçim əsasında çoxsaylı məhkumlar konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, müvafiq sənədləşmə yerində araşdırılmış, qaldırdıqları məsələlər və tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib.Fərdi qəbul və görüş zamanı qaldırılan məsələlərlə bağlı hər bir məhkuma hüquqi məsləhətlər verilmiş və müraciətləri qəbul olunub.Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib.