Çox düşüncə, az diqqət, gərəksiz zənn etmələr... -Nigar Orucova yazır
Çox düşüncə, az diqqət, gərəksiz zənn etmələr...-Nigar Orucova yazır
2 Oktyabr 2019 14:06 SosialYəqin ki, hər kəs heç olmasa bir dəfə də olsun pazl (puzzle) düzəldib, yaxud da buna maraq duyub. Bu oyunda müxtəlif formalı şəkil fraqmentlərindən ibarət mozaikanı qurmağa çalışırıq. İlk olaraq düşünürük ki, mühüm olan doğru hissələri doğru yerə yerləşdirməkdir. Lakin bu hissələrin bir çoxu bizə çətinik yaradır. Onları ayrı-ayrılıqda heç nəyə bənzədə bilmirik, hətta bəzən şübhə edirik. Doğurdan ilk baxışda mənasız görünən bu hissə mozaikanın bir parçasıdır, ya yox? Bəlkə digər hissələrin içərisində qarışıq düşüb. Hissələr sizin əlinizdə olduğu müddətdə zənn etmək sərbəstdir. Lakin sonda bitməyən pazlı bu hissəylə tamamlayırsınız. Təklikdə heç bir məna ifadə etməyən fraqment digər hissələrlə birləşdiyi zaman saatlarla, hətta günlərlə vaxtınızı alan mozaika bitir. O xoşbəxtliklə özünüzü sənətkar kimi hiss edirsiniz. Hər kəs öz mozaikasında sənətkardır. Bu həm də terapiyadır. Anlayırsınız ki, ilk düşüncənizdəki doğru hissələr və doğru yerlərə, doğru zamanlarda qarışır. Və hər puzzle mütləq bitir.
Gəlin bitirmədən öncə düzəldək... İlk əvvəl rənglərinə görə ayıraq, sonra kənarlardan başlayaq, gözümüzə daha asan gələn hissələri seçib mərkəzə doğru davam edək. Çətinləri isə sona saxlayaq. Nə qədər çətin, müxtəlif rəngli, müxtəlif kənarlı hissələr olsa da irəliləmək üçün addım atmalısınız. Edilən hər həmlə digərinin açarı funksiyasını daşıyır. Addım atmadıqca mozaikanın qarışıq fraqmentləri içərisində itib qalacaqsınız. İndi nə etməli? Düşünürsünüz... Hansı tərəfə çevirirsiz çevirin, yenə doğru yeri tapa bilmirsiz. Yaxud doğru hissəni, doğru zamanda tapa bilmirsiniz. Eyni şeyləri edib fərqli nəticə gözləyirsiniz. Çünki yanlış olana fokuslanırsınız. Uyğun fraqment doğru zamanda özünü göstərəcək. Yetişməyən bir vaxtda yalnış hissəyə diqqət mozikanı sadəcə çıxılmaz bir labirintə çevirir.
Bu labirintə ona aid olmayan hissələrdən divarlar hörməyin. Lazım olan fraqment gözünüzün önündədir. Bir hissənin yerini ora aid olmayan başqa bir hissəylə tamamlaya bilmərsiz. O zaman doğru olanı itirmiş olarsız. Çox düşüncə, az diqqət, gərəksiz zənn etmələr sizi doğru hədəfdən ayırır. Kiçik nüanslar və incəlikləri görməklə gec də olsa fraqmentləri bir araya gətirirsiz. Çətin hissələri birləşdirmək isə hər zaman daha sevindiricidir. Nə qədər zaman alsa da onlar pazlın düyün nöqtəsidir.
Bəzən bu düyün nöqtələri sizə oyunlar oynayır. Amma insan bu oyunun finalına baxmaq istəyir. Bir an kənarlara asanlıqla yığdığınız o hissələr gözünüzə doğru yerdə deyillərmiş kimi görünür. Qəbul edin, sizi təəccübləndirməyi bacarırlar. Bu zaman mərkəzdə yığdığınız hissələrin sabitliyinə fikir vermədən pazlı dağıtmağı, onu yenidən qurmağı düşünürsüz. Dağıtmaq hər zaman qurmaqdan daha asan görünür.
Əgər yorulmusuzsa bir az uzaqlaşın fraqmentlərdən. Mərkəzdəki sabit parçalara toxunmadan icazə verin, hissələr kənarlarda başladığınız yerdə qalsın. Onsuz da mozaikanın taleyi sizin əlinizdədir. Lakin nə qədər fasilə edirsiz edin, başlarda əhəmiyyət vermədiyiniz, təklikdə heç bir məna ifadə etməyən o hissələrə sonda yenidən baxmalı olacaqsız. Çünki zamanı gəlmişdir, artıq vaxtdır. Müxtəlif rəngli, müxtəlif kənarlı hissələrin, doğru zamanı gəldiyi an yerini təyin edə bildiniz. Bütün fraqmentlər birləşərək mozaikanı tamamladı. Təbrik edirəm, pazlı bitirdiniz. İndi ən gözəl əsərinizin keyfini çıxarın. Ən azından bir sonrakı pazla qədər.
Nigar Orucova
Olaylar.az