Dünəndə qalmış izim... -Züleyxa Nadir yazır
Dünəndə qalmış izim...-Züleyxa Nadir yazır
2 Oktyabr 2019 13:21 SosialZüleyxa NADİR
Doğrusu kəndimizə çox az hallarda gedirəm. Toy-nişana dəvət alanda, ya da doğmalarımdam kimsə vəfat edəndə kəndə yolum düşür. Valideynlərim dünyalarını dəyişəndən sonra uzun müddətli qala bilmirəm. Amma bu yay doğmalarımın, əzizlərimin yanında qalmaq istəyimin qarşısını heç bir qüvvə ala bilmədi. Yollandım Xatınlıya - bir zamanların cəh-calallı, şanlı-şöhrətli kəndinə - qəsəbəsinə...
***
Sovetlər dönəmində kəndimiz dörd para kəndi birləşdirən bir sovetlik idi. Tovuz rayonunun Xatınlı sovetliyi adlanırdı. On mindən çox əhalisi, böyük təsərrüfatı var idi. Rus inqilabçısının adını daşıyan Kirov adına sovxoz rayonda o dönəmin ən varlı təsərrüfatı sayılırdı. Sovxoz üzümçülüklə məşğul idi. İldə dövlətə 100 min ton üzüm məhsulu təhvil verirdi. Üzüm bağlarında çalışan fəhlələr normal yaşayır, ayda minimum 100 -120 manat maaş alırdılar. Bu da kəndlinin dolanışığı üçün yetərli olurdu. Kəndlinin həyətyanı sahəsindən, saxladığı mal-qarasından, toyuq-cücəsindən gələn gəliri də bunun üstünə əlavə etsək, deyə bilərəm ki, xatınlılar yaşayışlarından narazı deyildilər. Bir kimsənin ağlına da gəlmirdi desin ki, pis dolanıram, vəziyyətim ağırdı, ailə büdcəm yetərli deyil və sair.
Sovet hökumətinin öz qanunları var idi. Kəndlinin həddi nə idi bu qanunlardan, qaydalardan kənara bir addım ata bilsin. Həm o zamanın insanlarının bunu düşünməyə, nəsə bir hərəkət etməyə artıq vaxtları da yox idi. İlboyu üzümlüklərdə işləmək, maksimum maaş almaqdan başqa bir şey düşünmürdülər. İlin bütün fəsilləri sovxozun fəhləsi çöldə olurdu. Ona görə də sovxoz varlı bir təsərrüfat idi, kəndin özü də demək olar ki, nəinki rayonun, respublikanın digər rayonlarının bir çox kəndindən fərqlənirdi. Elə buna görə də kəndə dövlət rəsmi olaraq qəsəbə adı vermişdi. Amma kənd bu adı çox illər daşıya bilmədi. SSRİ-nin dağılması Xatınlı qəsəbəsinin şəhər tipli yaşayış məskəni kimi gələcək inkifafına zərbə vurdu.
1991-ci ildən sonra imperiya mərkəzindən minlərlə kilometr uzaqda yerləşən bu kənd dörd hissəyə ayrıldı. Sovetlik dağıldı, hər kənd ayrılıqda "müstəqilliyinə qovuşdu". "Azadlığa çıxmış" Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərinin özünün ayrıca idarəetmə strukturları fəaliyyətə başladı. Halbuki bu kəndləri bir-birindən ayıran geniş bir məsafə belə yoxdu. Küçənin bir tərəfi bu kəndin, digər tərəfi isə o biri kəndin ərazisinə düşür...
Kəndimiz o zamanlar gerçəkdən gözəl idi, varlı idi, insana "gəl, gəl" deyirdi. Yenə də gözəldi, abaddı, amma niyəsə o illərin istisi, havası bu gün hiss olunmur. Bu sətirləri yaza-yaza kəndimizdə keçirdiyim günləri xatırlayıram, uşaqlığımı yada salıram, şablon sözlər də olsa şən və qayğısız günlərimin nostaljisini yaşayıram... Kənddə olduğum müddətdə axtardım o günlərin izlərini, uşaqlığımın bəxtəvər anlarını. O zamankı kövrək və romantik dünyama boylana-boylana qaldım, amma görə bilmədim. Yeniyetmə dünyamın yollarına çıxmaq istədim. Bu yol keçmişdə qaldığı və izləri silindiyi üçün cığırına belə rast gəlmədim. Ömrümdən keçən həmin günlər hər kəsdə olduğu kimi, məndə də çox uzaqdan boylanan uşaqlıq xatirələrimə hopub.
Torpaqda böyümüş kənd uşağını indi yaşı - başı artmış, həyatın acılarını dadmış, ömrün dolanbaclarını keçmiş və bunların fonunda hərdən, daha doğrusu, anlarla, dəqiqələrlə ölçülən xoşbəxtliyin qoxusunu hiss etmiş, bununla da həyatın sərt zərbəsi önündə duruş gətirmiş, şəhərdə yaşasa da kəndçiliyini itirməyən bir insan əvəz edir. Görəsən bu səbəbdənmi kəndimin bu günkü görkəmi məndə qəribə hisslər oyatdı? Axı, yaşayış yerimi dəyişsəm də xarakterimi dəyişməmişəm. Orada doğmalarımın, əzizlərimin uyuduğu əbədi bir məkan var. Dünyanın ən əzablı, ən dəhşətli və ən uzun yolu olan qəbristanlıq yolunun sonundakı məzarlıq... o məkanın cazibəsindən qaçmaq olmur. Hər dəfə olduğu kimi bu dəfə də ilk getdiyim yer həmin sakit yer oldu.
***
Təhsil aldığım məktəb... O zamankı dövrün ən yaxşı elm ocağı sayılan iki mərtəbəli, müasir tipli məktəb binası - Xatınlı kənd orta məktəbi indi Qaraxanlı kəndinin ərazisində qalıb. Xatınlı kəndinin isə öz məktəbi var. Amma bu məktəb, o MƏKTƏB kimi deyil. Görünüşcə də , daxili ab-hava ilə də çox fərqlidi. İndi mənim müəllimlərim bu məktəblərin heç birində dərs demirlər, bəziləri təqaüdə çıxıb, çoxu da dünyasını dəyişib. O dövrün şagirdləri də indi tapılmır. Zəmanənin özünə bənzəyən uşaqlarının məktəbə getmək, dərs oxumaq, ali təhsil və gələcək barədə düşüncələri də fərqlidi.
Ötən illərdə indiki Xatınlı kənd orta məktəbinin yanından dəfələrlə keçmişəm. Amma bu bina məni qətiyyən özünə çəkməyib. Bəlkə də ona görə ki, bu məktəbin həyətində ayaq izlərim, sinif otaqlarında oturduğum parta yoxdu, divarlara yazdığım çızmaqaralarımın üstü rənglənməyib. Oxuduğum köhnə məktəbdən ötrü isə bəzən burnumun ucu göynəyib, müəllimlərimi görmək, onları bir daha dinləmək istəyim yalnızsa arzu olaraq içimdə qalıb. Bir gün oxuduğum Xatınlı (indiki Qaraxanlı) kənd orta məktəbinə getdim. Yay tətili olsa da məktəbin həyətində uşaqlar var idi. Elə-belə gəldiklərini söylədilər... ikimərtəbəli bunanın başına dolandım. Keçmiş günləri xatırladım, orta məktəb illərinin nostaljisini özümlə evə daşıdım, uzun müddət unuda bilmədim. Amma nə yazıqlar ki, 40 il əvvəl məktəbimizin çöl divarları necə idisə, bu günə kimi də elə qalıb, mala vurulmayıb, məktəbin həyəti asfaltlanmayıb. Niyəsə rayon təhsil şöbəsi, məktəb rəhbərliyi buna əhəmiyyət vermirlər. Bəlkə də onlar üçün bu, xırda detaldı...
Məktəb illəri... yaşımız 50-ni, 60-ı, lap elə 70-i keçsə də o illərin odlu-alovlu günlərini, uşaqlığın səmimi və təmiz duyğularını heç nə ilə dəyişə bilmirik. On illər sonra dönüb həmin illərə baxanda məktəbdə qoyduğumuz izlər bizə "əl edir", sanki, qürrələnirlər. Bu günə boylanan həmin saf, tərtəmiz izlərin öyünməyə haqqı var, əlbəttə. O zamanlar Xatınlı kənd orta məktəbindən hər il 100-120 şagird məzun olurdu. Bu məzunların ən azı 80-90 nəfəri ali məktəblərə daxil olurdu. Mənim oxuduğum sinifdə 37 nəfər şagird var idi. Sinfimizin uşaqlarından 33 nəfəri ali məktəbə daxil oldu. 8 sinif yoldaşım tibb institunun tələbəsi idi. İndi onlar ölkənin ən yaxşı həkimləridi. Bu məqamda xoş bir hadisəni deməyi borc bilirəm. Bu il məktəbin XIa sinfində oxuyan 23 şagirdin hamısı universitetə qəbul olundu. Çox sevindirici haldı. Demək ki, məktəbin ənənəsi hələ də davam edir. Bəlkə də Azərbaycanın tarixində belə hal indiyə kimi olmayıb.
***
Kənddə rəsmi olaraq 3000-dən çox əhali qeydiyyatdadır. Amma bu, kaqız üzərində yazılan rəqəmdir. Faktiki isə Xatınlının gənc ailələrinin çoxunun qapısı bağlıdır. Onlar bir parça çörək dalınca Rusiyaya səpələniblər. Yeni doğulan uşaqlar da oralarda təhsil alırlar. Beçinci-altıncı sinifdən sonra analar uşaqlarını da götürüb qayıdırlar kəndə ki, uşaqlar rus tərbiyəsindən uzaqlaşsınlar. Evin kişisi isə hələ də Rusiyadadır. Ailəni dolandırmaq üçün pul qazanır... Uşaqlar təhsillərini davam etdirmək üçün rayon mərkəzindəki rus dilli məktəbə gedirlər.
Kənddə qəribə bir ab-hava var. Yeni rus dilli nəsil formalaşır. Rusiyadan gələn uşaqlar buralara alışa bilmirlər. Sanki rus əxlaqını, rus dəyərlərini daşıyıb gətiriblər kəndə. Doğrudur bu, tam çılpaqlığı ilə ortada deyil. Amma köhnələrlə yenilər arasında bir uçurum yaradacaq qədər ziddiyyət yaradıb, ən azı, təəssüf yaradacaq bir mənzərəyə səbəb olub. Köhnələr bunu nə qədər qəbul etməsələr də dözməyə məcbur olurlar. Nə etsinlər? Deyirlər ki, "qaşıq çömçədən böyük olub"...
***
Tovuz sərhəd rayonu olsa da, kəndimiz mənfur qonşularımızdan xeyli uzaqda yerləşir. Xatınlı müharibənin od-alovunda qarsımayıb, qan-qadasını yaşamayıb. Burada yer-göy od tutub yanmasa da Qarabağ müharibəsinin qızğın vaxtlarında bəzən uzaqdan atılan topların mərmisi kəndə düşüb, torpaq "qrad yağışından islanıb". Amma kənd bütövlükdə müharibə ocağına çevrilməyib. Kəndin oğlanları sərhəddə dayanıblar, keşik çəkiblər, Qarabağda döyüşüblər, şəhid olublar. Elə ev var ki, divarından üç şəhid şəkli asılıb: baba, oğul və nəvə. Baba böyük vətən müharibəsinin qurbanı, oğul Qarabağ döyüşlərinin, nəvə isə atəşkəs dövrünün şəhidi olub. Üç nəsli şəhid bir ailənin and yerinə çevrilib...
Mənim kəndim müharibə görməyib, amma Xatınlı 30 ilə yaxındı döyüşür. Kənd camaatı zamanla, dövranla, həyatla savaşa qalxıb. Zaman bu insanların ruhunu alıb, dövran qəlblərini sındırıb, çox arzularını çilik-çilik edib, sanki onları bir qaranlıq küncə sıxışdırıb. Hələ ki, həyat bu kəndin adamlarının kürəyini yerə vuraraq üstünlüyünü nümayiş etdirir. Analar oğullarını itiriblər: müharibədə və Rusiyada. Ağsaqqallar deyirlər ki, Rusiya bir bataqlıqdı, oğullarımız bu bataqlıqdan çıxa bilmirlər. Gözü yolda qalan cavan gəlinlər illərlə ərsiz qalırlar. Uşaqlar atalarından xəbərsiz böyüyürlər. Hələ Türkiyəyə, Avropanın bəzi yerlərinə gedənləri də əlavə etsəm, mənzərə aydın olar...
Bakı-Tbilisi-Ceyhan neft kəməri Xatınlının ərazisindən keçir. 2009-cu ildə BP şirkəti Xatınlıda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün buraya 226.000 ABŞ dolları dəyərində qrant ayırmışdı. Pay torpaqlarının ərazisindən boru kəməri keçən adamlara bu puldan müəyyən məbləğ verdilər. Əhali qısa bir müddət bu pullarla zəruri ehtiyaclarını həll edə bildi. Sanki bununla da camaatı ələbaxım öyrətdilər. Kəndlilər bu gün dövlət tərəfindən ayrılmış şəxsi torpaqlarını becərmirlər. Əslində kəndlini qınamaq da olmur. Bunun çoxlu sayda səbəbi var. Əkmək, becərmək, məhsul əldə etmək çox baha başa gəldiyi üçün torpaqlar boş qalıb. Sovet dövründə kimyəvi dərman maddələrindən zəhərlənmiş torpağı sağaltmaq kəndliyə baha başa gəlir. Xatınlıların torpağı susuzluqdan cadar-cadardı, boş qalan sahələrdə az qala ilanlar mələşir. Suvarma suyu illərdi bu kənddən qəhətə çıxıb. Rayonun keçmiş rəhbərliyi bu məsələdə yezid kimi davranırdı. Yeni başçı bəlkə insaflı olar. Ötən ildən küçələrə su krantları çəkilib. Hərçənd onun da suyu içməli deyil, həftədə 2-3 dəfə, bir neçə saatlığa su verilir. Hər kəsin həyətində 5-8 tonluq hovuz var. İşməli suyun tonunu 5 manatdan alırlar. Su satanlar suyu yuxarı dağlıq kəndlərin bulaqlarından gətirirlər. Çox qəribədi Bakıda su Xatınlı ilə müqayisədə demək olar ki, "su qiymətinədi", havayıdı...
***
Bu vaxta kimi kəndimizin nə qədər genişləndiyinin fərqinə varmamışdım. Böyümüş kəndim, inkişaf etmiş kəndim. Mənim uşaqlığımın kəndi ilə bu günün kəndi arasında çox böyük fərq var. Kəndin dəyişdiyini görməzdən gələ bilmərəm. Bu o deməkdir ki, ya koram, ya insafzızam, ya da nankoram. 20-30 il əvvəlin kəndi deyil Xatınlı, heç on il əvvəl də kəndimiz belə gözəl görünmürdü. SSRİ zamanında tikilmiş birmərtəbəli evlərin yanında iki mərtəbəli evlər kənddə istənilən qədərdir. Müasir görkəmli bu evlərin içini ən müasir avadanlıq və texnika bəzəyir. Kompüter texnologiyasının üstünlüyünü kəndin uşağından böyüyünə kimi hər kəs hiss edir. İnsanlar internetsiz yaşamağı təsəvvür etmirlər. Kənddə işıq, qaz, su problemi yoxdur.
Sovet dövrünün üzüm plantasiyaları indi yoxdu. Yüslərlə hektar ərazini əhatə edən üzümlüklərin yerində indi "Təzə məhlə" adlanan yaşayış məskəni salınıb. Təzə məhlənin sakinləri hamısı gənc ailələrdi. Yuxarıda dediyim gəlinlər - ərləri Rusiyada olan qadınlar bu evlərdə yaşayırlar. Baxırsan ki, çox qəşəng, təmtəraqlı, ikimərtəbəli bu evlər həqiqətən kəndin böyüdüyündən xəbər verir. Amma o evlərin eləsi var ki, illərdi qapısı bağlıdı. Ailə ya Bakıda fəhləlik edib, günəmuzd qazancla kirayələrdə yaşayır, ya da Rusiyanın hansısa bir guşəsində "ilişib qalıb". Bir evin ki, içində ailə nəfəsinin hərarəti duyulmur o, kimə və nəyə lazımdı? Bir evin ki, kişisi arvad-uşağından minlərlə kilometr uzaqdadır, qazandığı pullar və tikdirdiyi bu hündür evlərin nə xeyri var? Belə suallara cavab tapmaq əslində çox asan və asan olduğu qədər də çətindi.
Məşhur filmdə deyildiyi kimi, görəsən günahkarı necə təyin etmək olar?