Ələt Azad İqtisadi Zonanı idarə etməyə Azərbaycanda kadr yoxdur?

Ələt Azad İqtisadi Zonanı idarə etməyə Azərbaycanda kadr yoxdur?

Valeh Ələsgərov:" "Bugünkü dövlət qurumlarının çalışdığı sistemdə oradakı işləri tez aparmaq üçün imkan yoxdur"

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Bildirilib ki, qanuna "Keçid müddəaları" adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş Azad İqtisadi Zonanın səlahiyyətli qurumu və İdarə Heyəti formalaşana qədər onun hüquq və vəzifələrini müvafiq icra hakimiyyəti orqanının yaratdığı müvəqqəti idarəetmə qurumu həyata keçirir. Lakin sözügedən məsələnin müzakirəsi bir sıra deputatları razı salmayıb. Gətirilən əsas arqument ondan ibarətdir ki, xeyli müddət bundan əvvəl "Ələt iqtisadi zonası haqqında" qanun qəbul edilərək sözügedən  azad iqtisadi zonasının fəaliyyəti, inkişafı və idarə edilməsinin hüquqi rejimini müəyyən edilsə də indiyə qədər onun reallaşdırılması mümkün olmayıb. Millət vəkili Qüdrət Həsnquliyev deyib ki, çox təəssüflər olsun ki, azad iqtisadi zonanın səlahiyyətli qurumunun fəaliyyətini tənzimləyən  qanun qəbul olunandan az qala bir il keçməsinə baxmayaraq onu formalaşdırmaq mümkün olmayıb: "Biz bu sürətlə orada nə zaman fəaliyyətə başlayacağıq? Məsələn, Avropanın inkişaf etmiş əksər ölkələrində azad iqtisadi zonalar var və çox uğurlu fəaliyyət göstərirlər. İspaniya, İsveç, Böyük Britaniya, Finlandiya, Fransa, Danimarka, Almaniya, İrlandiya, İtaliya və s. kimi ölkələri misal göstərə bilərik. Azərbaycanla çox gözəl əlaqələri olan Cənubi Koreyada 8 azad iqtisadi zona var. Əgər doğrudan da yaradılan qurumu idarə etmək üçün bizim mütəxəssislərimiz yoxdursa, olardı ki, biz, xaricdən mütəxəssislər dəvət edək. Onlara yaxşı əməkhaqqı verək, desinlər ki, məsələn idarə heyətini necə formalaşdırmaq lazımdır, idarə heyəti hansı işlərlə məşğul olmalıdır, hansı qərarları, qanunları qəbul etmək lazımdır? Ələt azad iqtisadi zonasının səlahiyyətli orqanını nə qədər tez formalaşdırsaq hesab edirəm ki, ölkədə qeyri-neft sektorunu inkişafına töhfə vermiş olarıq. Prezident də söyləyir ki, biz iqtisadiyyatımızı inkişaf etdirməliyik, amma düşünürəm ki, bu yerişlə biz orada hələ uzun illər fəaliyyətə başlaya bilməyəcəyik. Bu təkcə Valeh müəllimə aid olan məsələ deyil. Valeh müəllim sadəcə qanunu təqdim edir. Çox istəyərdim ki, xaricdən yaxşı mütəxəssislər cəlb olunsun. Məsələn, icraçı direktor yaxşı maaş müqabilində Cənubi Koreyadan, Finlandiyadan, Danimarkadan gəlsin. Bu işlərin qurulmasında bizə kömək etsinlər. Burada utanmalı bir şey yoxdur. Əslində dünya ölkələrinin praktikasında xarici mütəxəssislərin dəvət olunması çox geniş yayılıb. Təkcə məsləhətçi kimi çalışmasınlar, azad iqtisadi zonanın idarə heyətinin sədri, icraçı direktoru da əcnəbi olsun".

Məsələyə münasibət bildirən vitse-spiker, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, Ələt Azad İqtisadi Zonasının ərazisində təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır. Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək. Nəzərdə tutulan düzəliş Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur: "Bunun üçün ilkin mərhələdə lazım olan daxili qaydalar hazırlanıb, bizim onu oxuyub  dəqiqləşdirməyimiz üçün. Təsəvvür edin ki, 475 səhifə bir daxili qaydadı, 363 səhifə digər bir qaydadı və sair. Bunları işləyib tamamlamaq lazımdır. Onları hazırlayandan sonra, daxili qaydaları tətbiq etmək üçün biz qəbul etdiyimiz kimi qaydalar, prosedurlar, formatlar hamısı hazırlanmalıdır. Bunla bərabər olaraq ərazidə böyük işlər görülməlidir. Artıq dünyanın tanınmış şirkətlərindən biri ilə kontrakt imzalanıb. Kontrakt ərazinin seçilməsi, ərazinin master planının hazırlanması və 50 hektar ərazinin layihələndirilməsinin hazırlanması sahələrini əhatə edir. Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin işlər ardıcıl olaraq gedir". Onun sözlərinə görə, xarici ölkələrin azad iqtisadi zonaları ilə bağlı gətirilən nümunələri Azərbaycanda tətbiq etmək qeyri-mümkündür: "Məsələn  "Cebel Eli"  (Dubayın Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad iqtisadi zonası) kimi məhşur azad iqtisadi zonanın  yaradılması ilə bağlı qərar verilməsindən işə başlanması və birinci daxili qaydaların tətbiq olunmasına qədər 6 il keçdi. Azad iqtisadi zonaların fəaliyyətə başlaması üçün dövlətin içində yeni bir dövlət, yeni bir ərazi, yeni bir qanunvericilik, yeni qaydalar və yeni infrastruktur yaratmaq lazımdır. Biz də azad iqtisadi zonanın fəaliyyətə başlamasının tezləşməsini istəyirik. Onun üçün də lazımi addımlar atılır". Vitse-spiker onu da vurğulayıb ki, bugünkü dövlət qurumlarının çalışdığı sistemdə oradakı işləri tez aparmaq üçün imkan yoxdur: "Ona görə də yeni qurum yaradılmalıdır, müvafiq səlahiyyətlər həmin quruma verilməlidir ki, 50 hektar ərazidə lazımi işləri görə bilsin. Bizim məqsədimiz bundan ibarətdir. Vətənpərvərliyimiz də kimdənsə də az deyil. Gecə-gündüz bunun üstündə çalışırıq".

Mütəxəssislərin qənaətinə görə, "Ələt Azad İqtisadi zonası haqqında qanun xüsusi bir qanundur. Azərbaycana investorların gəlməsi üçün, belə bir azad ticarət zonasının fəaliyyət göstərməsi üçün çox əhəmiyyətli və perspektivli bir sənəddir. Ölkəmizdə son zamanlar aparılan islahatlar, xüsusilə nəqliyyat dəhlizlərinin həyata keçirilməsi,  Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələt Ticarət Limanının tikintisi, bir çox transmilli layihələrin həyata keçirilməsi artıq  şərait yaradır ki, belə bir qanun layihəsi qəbul edilsin və Ələt Xüsusi İqtisadi Zonası yaradılsın. Artıq qanunda Ələtdə çox güclü, çox geniş bir istehsalat parkının yaradılması nəzərdə tutulur. Oraya kənardan müdaxilə, ümumiyyətlə, mümkün deyil. Xüsusi vergi, gömrük güzəştləri tətbiq olunur. İnzibati qaydada yoxlamalar ümumiyyətlə yoxdur. İdarəetmə demokratik qaydada Ələt İqtisadi Zonasının rəhbərliyi tərəfindən həyata keçirilir. Bu qanun Azərbaycan iqtisadiyyatının cəlbediciliyini artırmaq üçündür. İnvestorlar qanunu oxuyanda normal qaydada başa düşməlidirlər və ölkəmizə sərmayə qoymağa meylli olsunlar. Bu isə Azərbaycan iqtisadiyyatı üçün prespektivlər vəd edir.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31