İttifaqda konfrans

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) "Zaman və uşaq musiqisi" mövzusunda elmi-praktik konfrans keçirilib. Olaylar.az bildirir ki, konfrans ittifaqın 85 illiyinə həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə uşaq musiqisi sahəsində problemlərdən söz açıb. Bildirib ki, son illərdə uşaq musiqisinin inkişafı sahəsində bir sıra layihələr həyata keçirilib. Bu istiqamətdə atılan addımlar uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir göstərir.

İttifaqın uşaq musiqisi və gənclərin musiqi-estetik tərbiyəsi bölməsinin sədri, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva "Uşaq musiqisinin aktual problemləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, görkəmli bəstəkarlarımızdan bir çoxları uşaq musiqisinə müraciət edərək gözəl nümunələr yaradıblar.

Konfrans çərçivəsində Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın "XX-XXI əsrlərin sonunda bəstəkar əsərlərində uşaq musiqisi" kitabının təqdimatı olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kafedra müdiri Əməkdar müəllim Ülviyyə İmanova kitabla bağlı məlumat verib. BMA-nın professoru, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın "Bəstəkar Sevda İbrahimovanın yaradıcılığında musiqi təhsilinə yanaşma üsulları" mövzusunda məruzəsi dinlənilib.

Konfrans iştirakçıları həmçinin Zülfiyyə İbrahimovanın rəhbərlik etdiyi AzTV-nin Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xorunun ifasında Zabitə Məmmədovanın bəstələdiyi "Rəssam olacağam mən" və "Çəpişim" mahnılarını dinləyiblər.

Beynəlxalq müsabiqələr laureatı, BMA-nın professoru Fəridə Əhmədbəyova və pianoçu Günel Qocayevanın ifaları da maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31