Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb

Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq Əlaqələr Sektorunun müdiri Zaur Vəliməmmədli və Təsisatın Gəncə Ofisinin rəhbəri Səbuhi Abbasov  26-27 sentyabr tarixlərdə Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyasının 25-ci ildönümünə həsr olunmuş tədbirində iştirak ediblər. Ombudsmandan "Olaylar"a verilən məlimata görə, tədbirdə Z. Vəliməmmədli çıxışı zamanı qeyd edib ki, hazırda Ombudsmanın Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üzrə Tərəfdaşlığa dair birgə proqram çərçivəsində "Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi" adlı regional layihəsinə qoşulub və bu layihə çərçivəsində həm təcrübəli kadrların yetişdirilməsi, həm də ölkəmizdə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda o, Ombudsmanın regionlarda keçirdiyi ictimai dinləmələr çərçivəsində təşkil olunan maarifləndirmə tədbirlərinin yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ayrı-seçkiliklə səmərəli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Həmçinin qeyd olunub ki, nifrət nitqi və ya ayrı-seçkilik hallarının müəyyənləşdirilməsində hüquqi maarifləndirmənin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən multikultural dəyərlərə üstünlük verilən bir ölkənin Ombudsmanı olaraq regionlarda milli azlıqlar da daxil olmaqla, bütün əhali qrupları ilə görüşlər keçirdiyi onlarla maarifləndirmə işi apardığı xüsusi ilə vurğulanıb.

Səfər çərçivəsində Z.Vəliməmmədli eyni zamanda Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üzrə Tərəfdaşlığa dair birgə proqramı çərçivəsində sözügedən layihəsinin əlaqələndiricisi qismində şərq tərəfdaşı ölkələrinin layihə üzrə təmsilçiləri ilə birgə keçirilən iclasında da iştirak edib. Ombudsmanın nümayəndəsi layihənin icrası ilə bağlı təsisatın regional ofislərinin işinin təkmilləşdirilməsinə dair Ombudsmanın təkliflərini AŞ nümayəndələrinin diqqətinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31