Baş Prokurorluğa korrupsiya ilə bağlı 8118 müraciət daxil olub

Baş Prokurorluğa korrupsiya ilə bağlı 8118 müraciət daxil olub

Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8118 müraciəti daxil olub. "Olaylar" xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib. Z.Qaralov qeyd edib ki, "Qaynar xətt" əlaqə mərkəzi üzrə müraciətlərin 3302-si nəzarətdə saxlanılmaqla aidiyyətı üzrə nazirlik, komitə və təşkilatlara göndərilib, 117-si prokurorluğun müvafiq struktur qurumlarında, 217-si isə Baş İdarədə araşdırılıb, korrupsiya ilə əlaqədar olmayan məsələlərlə bağlı 46 müraciət üzrə vətəndaşlara hüquqları izah edilib.

Baş prokurorun sözlərinə görə, həmin müraciətlərin 27-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunub və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31