Millət vəkili proporsional seçki sisteminin bərpasını təklif edib

Millət vəkili proporsional seçki sisteminin bərpasını təklif edib

"Ölkədə yeni konstitusiyanın qəbul olunmasına ehtiyac var". "Olaylar" xəbər verir ki, bu təkliflə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini qazanandan sonra çətinliklərə baxmayaraq, mərhum prezident, böyük dövlət adamı Heydər Əliyevin liderliyi ilə Azərbaycan xaosdan, vətəndaş qarşıdurmasından xilas oldu, ölkədə sabitlik bərpa edildi, biz inkişaf yoluna qədəm qoyduq:  "Həqiqətən də, bizim bu illər ərzində tənqidlərimizə baxmayaraq, ölkə böyük inkişaf yolu keçib, çox böyük işlər görülüb, amma çox böyük problemlər də qalmaqdadır. Torpaqlarımız işğal altındadır. Çox təəssüf ki, bu problemi həll edə bilməmişik. Hesab edirəm ki, bu günkü inkişafımız da ölkəni inkişafın yeni mərhələsinə keçirməyimizi zəruri edib. Ona görə də, keçid dövrünün konstitusiyası olan mövcud konstitusiyamızla indiyə qədər nə edə biləriksə etmişik. Bundan sonra siyasi islahatları dərinləşdirmək üçün, xüsusilə də siyasi, hüquqi, dövlət quruculuğu istiqamətində ölkədə yeni konstitusiyanın qəbul olunmasına ehtiyac var. Bu konstitusiyada da bir çox məsələlərlə yanaşı, çoxpartiyalı sistemin inkişafı üçün, proporsional seçki sisteminin bərpasının da yer almasına böyük ehtiyac var. Bu məsələni parlamentdə qaldırıram və hesab edirəm ki, bu barədə ciddi düşünməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31