Azərbaycanda dövlət din münasibətləri müzakirə edilib
Azərbaycanda dövlət din münasibətləri müzakirə edilib
27 Sentyabr 2019 16:14 Sosial26 və 27 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib. "OLAYLAR"-a Dövlət Komitəsindən bildirilib ki, dindarlar, hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Natiq Ağcabədidəki dini durum barədə də məlumat verib və bildirib ki, rayon ərazisində dini durum sabitdir. RİH-in başçısı onu da vurğulayıb ki, bu gün Azərbaycan dünyada, o cümlədən İslam aləmində vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, müstəqil respublikamızın qazandığı uğurlar heç şübhəsiz ki, Ümümmilli Lider Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırılıb, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. Səyyad Salahlı onu da deyib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dini sahəyə, dindarlara diqqət və qayğı göstərilir. Bu gün dövlət başçımızın tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda onlarla dini abidə yerləri dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində böyük işlər görülməkdədir.